Xanım Fatiməyi Zəhra (s.ə.)

#i̇mamət

Xanım Fatiməyi Zəhra (s.ə) besətin 5-ci ilində Cəmadius-sani ayənın 5-də Məkkə şəhərində anadan olmuşdur. Hicrətin 11-ci ili Cəmadius-sani ayının 3-də (bir mənbəyə görə) isə şəhid olmuşdur.

Seyid Hüseyn ibn Həmdan Xəsibi öz sənədi ilə nəql edərək deyir: “Allah Rəsulunun (s) qızı Fatimə peyğəmbərliyin zühurundan, vəhyin nazil olmasından beş il sonra dünyaya gəlmişdir. O zaman Kəbə yenidən inşa edilirdi”.

Fatimə (ə) vəfat edərkən onun yaşı on səkkiz il iki ay iyirmi beş gün idi.

Fatimə (ə) atası ilə birlikdə Məkkədə səkkiz il yaşadıqdan sonra Mədinəyə hicrət etdi. O, Mədinədə on il yaşadı. Allah Rəsulu (s) vəfat edərkən onun on səkkiz yaşı var idi. Nəql olunan bir rəvayətə əsasən, o, atasının (s) vəfatından sonra yetmiş beş, başqa bir rəvayətə görə isə, qırx gün yaşamışdır.

Adları: Fatimə və Fatim.

Künyələri: Ümmül-Həsən (Həsənin anası), Ümmül-Hüseyn (Hüseynin anası), Ümmül-əimmə (imamlar anası) və Ümmü-əbiha (atasının anası).

Ləqəbləri: Zəhra, Bətul, Həsan, Həvra, Seyyidə, Siddiqə, Məryəmul-Kubra, Validətul-Həsəni vəl-Huseyn, Ümmün-Nəqi, Ümmüt-Təqi, ÜmmülBəlcə, Ümmür-Rəfə, Ümmül-Ətiyyə, Ümmül-Məvanih, Ümmün-Nureyn, Ümmül-Əla, Ümmül-Bədiyyə, Ümmür-Rəvaqil-Həsbiyyə və Ümmül-Bədreyn.

İmam Əlinin (ə) ona verdiyi adlar bunlardır: Ümmül-Bərəkat, Ümmül-Hadi və Ümmür-Rəhbə (ə).

Fatimə (ə) dünyasını dəyişən zaman öz əlləri ilə gözlərini bağladı, bədəninə gözəl ətir sürtdü, üzərinə örtük çəkdi və (Əsma bint Ümeysə) dedi: “Ey Əsma, öldüyüm zaman evə bax! Evin ətrafında cənnət sündüsündən hazırlanmış bir çadır görəcəksən. Həmin vaxt Zeynəb və Ümmü-Külsüm ilə birlikdə məni həmin çadırın arxasına aparın. Sonra məni tək buraxın!”

(Əsma bint Ümeys deyir:) “Fatimə (ə) vəfat etdiyi zaman çadır zühur edib aşkarlandı. Mən onu çadıra apardım və qüsl verib hənutladım. Cəbrail (ə) Cənnətdən üç bağlamanın içində kafur gətirmiş və (Peyğəmbərə) demişdi: “Allah-taala sənə salam söyləyir və belə buyurur: “Bu, sənin, qızın Fatimənin və qardaşın Əlinin hənutudur ki, üç yerə bölünmüşdür. Fatimənin kəfəni Cənnətdəndir, çünki o, Allah dərgahında elə möhtərəm bəndədir ki, onun cənazəsinə Allahdan başqası sahiblənməz”.

Başqa bir rəvayətə görə, Fatimə (ə) qüsl verib hənut sürtdükdən sonra kəfənini geyindi, çünki o, zatən pak idi. Onda mundarlıq da yox idi. Vəfat edərkən onun yanında yalnız Möminlərin əmiri Əli (ə), Həsən (ə), Hüseyn (ə), Zeynəb (ə), Ümmü-Külsüm, Əsma bint Ümeys və kənizi Fizzə var idi. Möminlərin əmiri (ə) Həsən (ə) və Hüseyn (ə) ilə birgə gecə vaxtı onu təchiz edib cənazəsinə namaz qıldılar. Belə ki, Fatimə (ə) Möminlərin əmiri (ə) ilə əhdi pozanların ona namaz qılmamalarını və onlardan heç kimə bu barədə məlumat verməməyini vəsiyyət etmişdi. Buna görə də, onun vəfat xəbəri heç kimə bildirilmədi. (Yuxarıda adları qeyd edilənlərdən başqa) ümmətdən heç kim Fatimənin (ə) vəfatı zamanı və cənazə namazında iştirak etmədilər.

Xanım Fatimənin (s.ə.) vəsiyyəti belə idi:

“Allahın, atam Allah Rəsulunun (s) və ərim Möminlərin əmirinin (ə) əhdini pozanlar-mənə cənazə namazı qılmasınlar. Onlar mənə zülm etdilər, miras payımı əlimdən aldılar, atamın Fədək mülkü üçün mənə yazdığı iki səhifəni cırdılar və şahidlərimi yalançı saydılar. Halbuki Allaha and olsun, onlar (mənim şahidlərim) Cəbrail, Mikail, Möminlərin əmiri (ə) və Ümmü-Əymən idilər. Möminlərin əmiri (ə) məni, Həsəni və Hüseyni yanında götürərək gecə-gündüz müxaliflərimizin evlərinə gedib bizə zülm etməməyə, Allahın bizə verdiyi haqqı geri qaytarmaları üçün onları Allah və rəsulundan çəkinməyə dəvət edirdi. Lakin onlar bizə gecə söz verir, gündüz isə sözlərindən dönürdülər. Sonra əmim oğlunu Saidə oğullarının Səqifəsində (çardağında) baş tutan uğursuz beyətə məcbur etmələri üçün Qunfuz və Xalid ibn Vəlidi göndərdilər. Amma o, Allah Rəsulunun (s) vəsiyyətinə uyğun olaraq onun xanımları ilə, Quranı toplamaqla, Peyğəmbərin (s) borclarından və vəd verdiklərindən təşəkkül tapan səksən min dirhəmi ödəməklə məşğul olduğunu bildirdi. Bunun ardınca evimizi yandırmaq üçün qapımıza odun yığıb alovladırdılar. Mən dirsəyimlə qapını tutub (onlara) dedim: “Allah və atam Allah Rəsulunun (s) xatirinə sizdən rica edirəm ki, bizdən əl çəkib buranı tərk edəsiniz!” Bunun ardınca filankəs filankəsin xidmətçisi Qunfuzdan dəyənəyi alıb qoluma vurdu. Dəyənək qolumda yay kimi əyildi. Filankəs ayağı ilə qapıya vurdu və qapı üzümə bağlandı. Həmin vaxt mən hamilə idim və üzü üstə yerə yıxıldım. Alov hər yeri bürümüşdü. Filankəs üzümə sillə vurdu. Mənim qulağımdakı sırğa yerə düşdü. Mənim (hamiləlik) sancım başladı. Sonda heç bir günahı olmayan Mühəssinimi ölü doğdum. Belə bir ümmətmi mənə cənazə namazı qılacaq? Allah və rəsulu bu ümmətdən uzaq olduğu kimi, mən də uzağam”.

Möminlərin əmiri Əli (ə) Xanım Fatimənin (s.ə.) vəsiyyətini yerinə yetirdi. Onun vəfat etdiyini ümmətə bildirmədi. İnsanlar Fatimə (ə) dəfn edildiyi gecənin səhəri günü Bəqidə qırx ədəd yeni qəbr gördülər. Müsəlmanlar Xanın Fatimənin (s.ə.) dünyasını dəyişib dəfn edildiyini öyrəndikdə Möminlərin əmirinin (ə) yanına gələrək ona baş sağlığı verdilər. Dedilər: “Ey Allah Rəsulunun qardaşı, Fatiməni təchiz edib basdırdınız”. Möminlərin əmiri (ə) buyurdu: “O, dəfn edildi və atasına qovuşdu”. Dedilər: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq! Muhəmmədin özündən sonra yeganə övladı olan qızı öldü, amma biz ona namaz qıla bilmədik. Bu, böyük bir fəlakətdir!” Möminlərin əmiri (ə) buyurdu: “Allaha, Rəsuluna və onun Əhli-Beytinə etdikləriniz sizə yetər! Allaha and olsun ki, Fatimənin vəsiyyətinə əməl etməyə bilməzdim. O, sizin ona cənazə namazı qılmamanızı vəsiyyət etdi. Ona verdiyim sözə əməl etməyə bilməzdim”. Camaat bu sözdən qəzəblənərək ayağa qalxıb dedilər: “Peyğəmbərimizin qızına cənazə namazı qılmağımız labüddür”. Beləliklə də, təcili Bəqi qəbristanlığına getdilər. Orada qırx ədəd yeni qəbr gördülər. Həmin qəbrlərdən hansının Fatiməyə (ə) aid olduğunu bilmədikdə çığırıb-bağırmağa başladılar və bir-birilərini danlayaraq məzəmmət etdilər. Onlar belə deyirdilər: “Peyğəmbərinizin qızının vəfatında və cənazə namazında iştirak etmədiniz. Onun qəbrini də tanımadınız ki, ziyarət edəsiniz”.

Filankəs dedi: “Müsəlman qadınlardan bir neçəsini çağırın ki, gəlib bu qəbrləri açsınlar. Beləliklə, hansı qəbrin Fatiməyə aid olduğunu bilin ki, ona namaz qılınsın və qəbri ziyarət edilsin”. Bu xəbər Möminlərin əmirinə (ə) çatdıqda qəzəbli halda evindən çıxdı. Onun gözləri qəzəbdən qızarmış və damarları da şişmişdi. O, qəzəbli hallarında geyindiyi enliqollu, sarı rəngli əbasını çiyninə atmışdı. Möminlərin əmiri (ə) Zülfüqarı ilə silahlanıb Bəqi qəbristanlığına doğru üz tutdu. Möminlərin əmiri (ə) ora çatmamışdan əvvəl qasidi gəlib camaata xəbərdarlıq edərək belə dedi: “Gördüyünüz kimi, Əli bura gəlir. O, Allaha belə and içərək deyir: “Əgər bu qəbrlərdən bir daş belə yerindən çıxarılsa, qılıncımı ümmətin boynuna endirəcəyəm”. Bundan sonra camaat heç bir şey etmədən dağılışdı”.

Xanım Fatimənin (ə) övladları: Həsən, Hüseyn, ölü doğulmuş Mühəssin, Zeynəb və Ümmü-Külsüm. Ümmü-Külsümün adı “Aminə” idi.

(mənbə; Hidayətul-Kübra, Şeyx Hüseyn Həmdan Xəsibi)

Paylaş


Populyar

#i̇mamət
Qədir Xum xütbəsi (4)-Səqifə macərası və Əhli Beytin (ə) məhəbbəti