Həzrəti Rəsuli-Əkrəmin (səlləllahu ələyhi və alihi)
vəfalı səhabələrindən olan Cabir ibn Əbdullah Ənsari, belə deyir:
“Həzrəti İmam Hüseynin (ələyhis-səlam) doğum günün təbrik
üçün Həzrəti Siddiqeyi Kubra Fatimeyi Zəhranın (səlamullahi ələyha) hüzuruna
getdim; orada, yaşıl bir lövhə gördüm. O lövhənin üzərində ağ yazılar gördüm,
bu lövhə haqqında O Həzrətdən soruşdum; O Həzrət, buyurdu ki: “Bu lövhə, Allah
tərəfindən atama hədiyyə olaraq gəlmişdir və Həzrəti Rəsulullah (səlləllahu ələyhi
və alihi) da bunu mənə hədiyyə etmişdir.”
Cabir deyir ki, mən O Həzrətin icazəsi ilə o lövhədən
bir yazı aldım. Əbu Bəsir Əbu Abdullahın (ələyhis-səlam) belə buyurduğunu nəql
etmişdir:
“Atam Cabir ibn Abdullah Ənsariyə dedi: “Səninlə bir
işim var. Nə vaxt mümkün olar ki, səninlə xəlvət bir yerdə söhbət edib o iş barədə
səndən bir şey soruşum?”
Cabir ona dedi: “Hər nə vaxt istəsən”.
Əbu Cəfər (ələyhis-səlam) onunla təklikdə qaldı və
dedi: “Ey Cabir, Allah Rəsulunun (sallalllahu ələyhi və alihi) qızı anam Fatimənin
əlində gördüyün lövhədən mənə danış; anam həmin lövhədə yazılan barədə sənə nə
dedi?”
Cabir dedi: “Allahı şahid tuturam ki, Allah Rəsulu
(sallallahu ələyhi və alihi) sağ ikən Hüseynin (ələyhis-səlam) doğulması ilə əlaqədar
gözaydınlığı vermək üçün anan Fatimənin (səlamullahi ələyha) yanına daxil
oldum. Əlində yaşıl rəngli bir lövhə gördüm, güman etdim ki, zümrüddəndir.
Orada günəşin nuruna oxşayan ağ bir yazı görüb, ona dedim: “Ey Allah Rəsulunun
qızı, atam-anam sənə qurban, bu lövhə nədir?”
Buyurdu: “Bu lövhəni Allah-taala Öz Rəsuluna
(sallallahu ələyhi və alihi) hədiyyə etmişdir. Orada atamın, yoldaşımın (ərimin),
iki oğlumun və övladlarımdan olan canişinlərin (vəsilərin) adları vardır. Atam
onu mənə vermişdir ki, bununla məni sevindirsin”.
Cabir deyir: “Anan Fatimə (ələyhas-səlam) onu mənə
verdi; mən də onu oxudum və üzünün nüsxəsini çıxartdım”.
Atam (ələyhis-səlam) ona dedi: “Onu mənə göstərə bilərsənmi?”
Cabir dedi: “Bəli”.
Atam onunla getdi, nəhayət, Cabirin evinə çatdılar. Nazik
dəridən olan bir səhifəni atamın yanına gətirdi.
Atam dedi: “Ey Cabir, sən öz yazına (nüsxənə) bax
ki, mən onu sənə oxuyum. Cabir öz nüsxəsinə baxdı, atam (ələyhis-səlam) isə onu
Cabirə oxudu; Allaha and olsun ki, bir hərf də olsun ziddiyəti olmadı. Cabir
dedi: “Allahı şahid tuturam ki, lövhədə bax belə yazılmış olduğunu
gördüm:
Bağışlayan və Mehriban Allahın adı ilə. Bu,
yenilməz qüvvət və hikmət sahibi Allah tərəfindən onun (Peyğəmbəri, Elçisi)
nuru, səfiri, hicabı və dəlili Muhəmməd üçündür. Onu Aləmlərin Rəbbi tərəfindən
Ruhul Əmin endirmişdir. Ey Muhəmməd! Mənim adlarımı böyük tut, nemətlərimə
şükür et və nemətlərimi inkar etmə ki, Mən, həqiqətən, Allaham. Məndən başqa
heç bir Allah yoxdur. Mən zülmkarları qıranam, təkəbbürlüləri xar edənəm,
zalımları zəlil edənəm və din (cəza) gününün qazisiyəm. Mən, həqiqətən,
Allaham. Məndən başqa heç bir Allah yoxdur. Kim ki, Mənim fəzlimdən özgə bir
şeyə ümidvar olsa, ya ədalətimdən başqa bir şeydən qorxarsa, ona aləmlərdə
olanlardan heç kəsə verməyəcəyim bir əzab verərəm. Buna görə də (yalnız) Mənə
ibadət et, Mənə təvəkkül et. Mən elə bir peyğəmbər göndərməmişəm ki, onun günlərini
tamamlayım və müddəti keçmiş olsun, ancaq onun üçün bir vəsi qərar verməyim. Mən
Səni (Həzrəti Muhəmməd peyğəmbər (səlləllahu ələyhi və alihi) (bütün) peyğəmbərlərdən,
canişinini (İmam Əli (ələyhis-səlam)) də (bütün) canişinlərdən üstün
tutmuşam. Ondan (canişinindən) sonra iki balanla, nəvələrin Həsən (ələyhis-səlam)
və Hüseynlə (ələyhis-səlam) (onları sənə bəxş etməklə) sənə hörmət göstərdim.
Həsəni (ələyhis-səlam) atasının günləri keçdikdən (ömrü sona çatdıqdan) sonra
elmimin mədəni, Hüseyni (ələyhis-səlam) isə vəhyimin xəzinədarı (mühafizəçisi)
etdim, şəhadəti ona ikram etdim və səadəti onun üçün tamamladım. O, ən fəzilətli
şəhid olan kəsdir, dərəcə baxımından şəhidlərin ən üstün olanıdır. Mənim tam kəlməm
onunladır, aydın dəlilim onun yanındadır. Onun itrətinin sayəsində (vasitəsilə)
savab verərəm, cəzalandıraram. Onun itrətinin birincisi abidlərin ağası, keçmiş
övliyalarımın zinəti Əlidir (İmam Səccad (ələyhis-səlam)). Onun tərifəlayiq
(Mahmud) babası ilə adaş olan oğlu Muhəmməd (İmam Muhəmməd Baqir (ələyhis-səlam))
elmimi yarandır, hikmətimin mədənidir. (Ondan sonra gələn imam) Cəfər (İmam
Cəfər Sadir (ələyhis-səlam)) haqqında şəkkə düşənlər tezliklə həlak
olacaqlar. Onu rədd edən kimsə Məni rədd edən kimidir. Mənim sözüm yerinə yetəcəkdir:
Cəfərin (ələyhis-səlam) məqamını (yerini) hökmən hörmətli edəcəyəm; onu
dostları, tərəfdarları və yardımçıları barədə şad-xürrəm edəcəyəm. Ondan sonra
çox qaranlıq və zülmət bir fitnə baş verəcək. Mənim fərzimin ipi (fərz etdiyim
imamətin ipi və ya vəsiyyətimin ipi) qırılmaz, dəlillərim gizli qalmaz. Mənim
dostlarım heç vaxt bədbəxt olmazlar. Bilin, onlardan birini inkar edən nemətimi
inkar etmişdir. Kitabımdan bir ayəni dəyişdirən Mənə iftira atmışdır. Bəndəm,
dostum və seçdiyim Musanın (İmam Museyi Kazim (ələyhis-səlam)) müddətinin
bitməsindən sonra (onun barədə) inkarçılara, iftira atanlara vay olsun! Bilmiş
olun ki, səkkizincini təkzib edən Mənim bütün övliyalarımı təkzib etmişdir. Əli
(İmam Rza (ələyhis-səlam) Mənim vəlim və yardımçımdır. Üzərinə nübüvvət
yükünü qoyacağım və bacarıqla (qabiliyyətlə) imtahan edəcəyim kəsi bir təkəbbürlü
ifrit öldürəcəkdir. O, saleh bəndə Zül-Qərneynin inşa etdiyi şəhərdə
yaratdıqlarımın ən pisinin yanında dəfn olunacaqdır. Mənim sözüm gerçəkləşəcəkdir:
onun gözünü oğlu və ondan sonrakı xəlifəsi (xələfi) Muhəmmədin (İmam Cavad (ələyhis-səlam))
vasitəsilə işıqlandıracağam. O, Mənim elmimin varisi, hikmətimin mədəni,
sirrimin (saxlanılan) yeri, yaratdıqlarım üzərində höccətimdir. Cənnəti onun məkanı
etmişəm, yaxınlarından olan hamısı cəhənnəmlik olan yetmiş nəfər barədə onun şəfaətini
qəbul etmişəm; onun səadətini vəlim və köməkçim olan oğlu Əlinin (İmam Hadi
(ələyhis-səlam)) vasitəsilə sona çatdırmışam. O, yaratdıqlarım arasında Mənim
şahidim, vəhyimə əmanətdar olanımdır. Onun sülbündən Mənim yoluma dəvət edən,
elmimin xəzinədarı olan Həsəni (İmam Həsən Əskəri (ələyhis-səlam)
çıxaracağam. Sonra aləmlərə rəhmət olaraq bunu (vəsilər silsiləsini) övladının
(İmam Zaman (əccələllahu fərəcəhu şərif)) vasitəsilə təkmilləşdirəcəyəm
(tamamlayacam). Onda Musanın kamalı, İsanın nuru və Əyyubun səbri vardır. Onun
(qeybi) zamanında dostlarım zəlil vəziyyətdə (və sıxıntıda) olacaqlar. Onların
başları Deyləm və türk başları hədiyyə edildiyi kimi hədiyyə ediləcək. Onlar
öldürüləcək, yandırılacaq, qorxu və dəhşət içərisində olacaqlar. Yer onların
qanına boyanacaq, qadınlarından vay-şivən və müsibət səsləri eşidiləcək. Onlar
mənim həqiqi dostlarımdırlar. Mənə vacibdir ki, onlar üzərindən hər növ zülmət
və qaranlığı götürüm, bəlaları onlardan uzaq edim, onları ağırlıq və zəncirlərdən
azad edim: “Onlar üçün Rəbbləri tərəfdən (xüsusi) bir lütf və rəhmət vardır. Və
hidayət olanlar da məhz onlardırlar”. (Kəmaluddin bab 28, hədis 1)