Qədir məntəqəsinə giriş
Cümə axşamı günü əzəmətli Qədir
qafiləsi hərəkətə gəldi və yüz iyirmi min nəfərdən çox cəmiyyət seli Həzrətlə
birlikdə Qədirə qədərki beş günlük səfərə başladılar. Hətta Məkkə əhalisindən
beş min nəfər və Yəmən əhalisindən on iki min nəfər - öz diyarlarının
marşurutunun əksinə olaraq - Qədir mərasimini görmək üçün Həzrətlə birlikdə gəldilər.
Peyğəmbərin (s) göstərişinə əsasən hacılardan heç kəs Məkkədə qalmadı və hamı
İslamın ən böyük tarixi toplantısında iştirak etmək məqsədilə Qədir üçün görüş
yerinə üz tutdular. Karvan, Mədinədən Məkkəyə gəldikləri həmin marşurutla geri
qayıdırdı. Məkkədən xaric olandan sonra ilk öncə “Səyrəf”-ə çatdılar və oradan
“Mərruz-zəhran”-a qədər gəldilər. Növbəti abadlıq (yaşayış yeri) “Usfan” idi və
oradan “Qudeyd”-ə çatdılar. Beləliklə Cöhfəyə yaxınlaşırdılar. “Qədir” onun kənarında
idi.
Zilhəccə ayının on səkkizi, bazar
ertəsi günü zöhürə yaxın “Qədir-Xum” məntəqəsinə çatan kimi Həzrəti Peyğəmbərimiz
(s) öz hərəkət marşurutunu yolun sağ tərəfinə-Qədir istiqamətinə dəyişdi və belə
buyurdu: “Ey insanlar! Allaha dəvət edənə cavab verin, mən Allahın elçisiyəm”.
Bu mühüm xəbərin çatdırılma
zamanından kinayə edənlər var idi (və ya narahat olanlar var idi). Buna
görə də carçının belə nida etməsinə göstəriş verdi: “İnsanların hamısı
ayaq saxlasınlar, öndə gedənlər qayıtsınlar arxada olanlar dayansınlar”
ki, hamı yavaş-yavaş öncədən təyin olunmuş məkanda toplansınlar. Həmçinin göstəriş
verdi ki, heç kəs orada olan qədim ağacların altına getməsin və o məkan xütbənin
yerinin bərpa olunması üçün boş qalsın. Bu göstərişdən sonra bütün miniklər
dayandırıldı və öndə gedənlər qayıtdılar. Camaatın hamısı Qədir məntəqəsində
miniklərindən endilər və hər biri özləri üçün yer tapıb, üç günlük qalmaq üçün çadır
quraraq biraz dincəldilər və yerbəyer oldular. Beləliklə səhra ilk dəfə əzəmətli
bir bəşəri toplantının şahidi oldu. Beş pak nurun, Həzrəti Peyğəmbər (s),
Əmirəl-möminin Əli (ə), Həzrəti Zəhra (s.ə.), İmam Həsən (ə) və İmam Hüseynin (ə)
vücudu bu böyük yığıncağın əzəmətini bir neçə qat edirdi. Müxtəlif
qövmlərdən, qəbilələrdən, şəhərlərdən fərqli imana sahib olan müxtəlif kişi və
qadınlar öz Peyğəmbərlərinin (s) minbəri önündə diz çökmüşdülər ki, bu da bu
ehtişamlı toplantının digər bir cəlbedici məqamı idi. Günəşin hərarəti nəticəsində
istinin şiddəti və yerin qızğınlığı elə bir həddə narahatedici idi ki, camaat və
hətta Həzrətin (s) özü libasının bir küncünü başına atmış, bir küncünü isə ayağı
altına salmışdı, bir dəstə isə istinin şiddətindən əbalarını ayaqlarına olamışdı!
(Biharul-Ənvar, c. 21, səh. 387,
c. 37, səh. 173, 203 və 204, c. 98, səh. 298. Əvalim, c. 3:15, səh. 50, 60, 75,
79, 80 və 301. Əl-Ğədir, c. 1, səh. 10 və 22. Mədinətul-Məaciz, səh. 128.
Əl-Fusulul-Muhimmə, səh. 24 və 25)
Xütbə yerinin və minbərin
hazırlanması
Digər bir tərəfdən Peyğəmbər (s) xüsusi
əshabından dörd nəfəri yəni, Miqdad, Salman, Əbu Zərr və Əmmarı çağırıb, onlara
göstəriş verdi ki, bir-birinin yanında bir cərgədə olan qədim ağacların yerinə
getsinlər və oranı hazırlasınlar. Onlar ağacların altındakı tikanları
qopardılar, nahamar daşları topladılar, oranı süpürdülər və su səpdilər. Daha
sonra ağacların, yerin yaxınlığına qədər gəlmiş budaqlarını kəsdilər. Ondan
sonra iki ağac arasındakı fasilədə budaqların üzərinə parça atdılar ki, kölgə olsun
və o yer Həzrətin (s) nəzərində tutduğu üç günlük proqram üçün tamamilə uyğun vəziyyətə
gəlsin. Daha sonra kölgəliyin altında daşları bir-birinin üzərinə
yığdılar, dəvə və sair miniklərin üzərinə atılan şeylərdən də istifadə etməklə
Həzrətin (s) qaməti hündürlüyündə bir minbər düzəldərək onun üzərinə bir parça
atdılar. Minbəri elə düzəltmişdilər ki, cəmiyyətə nisbətdə ortada yerləşsin və
Peyğəmbər (s) xütbə edən vaxt camaata yaxın olsun ki, səsi hamıya çatsın və
hamı onu görsün. Camaatın çoxluğunu nəzərə alaraq, səsi gur olan Rəbiəni
seçdilər. Belə ki, sözləri daha yaxşı eşitsinlər deyə Həzrətin (s) kəlamını
uzaqda olan şəxslər üçün təkrarlasın.
(Biharul-Ənvar, c. 21, səh. 387,
c. 37, səh. 173, 203 və 204, c. 98, səh. 298. Əvalim, c. 3:15, səh. 50, 60, 75,
79, 80 və 301)
Həzrəti Peyğəmbər (s) və Əmirəl-möminin
(ə) minbərin üzərində
Zöhr vaxtına yaxın camaatın
intizarı sona çatdı və Həzrətin (s) carçısı (azançısı) camaat namaz üçün azan
verdi. Camaat xeymələrdən çölə çıxıb, minbərin önündə toplaşdılar və namaz üçün
cərgəyə dayandılar. Peyğəmbər (s) də öz xeyməsindən çıxdı və namaz yerində
dayanıb, camaat namazını təşkil etdi. Ondan sonra camaatın baxışları önündə
Peyğəmbər (s) Qədir minbərinə qalxdı və onun üzərində dayandı. Daha sonra Əmirəl-möminini
(ə) səslədi ki, minbərin üzərində onun sağ tərəfində dayansın. Xütbə başlamazdan
öncə, Əmirəl-möminin (ə) minbərin üzərində bir pillə aşağıda Həzrətin (s) sağ tərəfində
dayandı və Peyğəmbərin (s) əli O Həzrətin (ə) çiynində idi. Daha sonra O Həzrət
(s) cəmiyyətin sağ və sol tərəfinə nəzər saldı və gözlədi ki, camaat tamamilə
toplansın. Qadınlar da məclisin elə bir bölümündə oturmuşdular ki, Peyğəmbəri
(s) yaxşıca görürdülər. Camaatın hazır olmasından sonra, Peyğəmbəri-Əkrəm
(s) aləmlər üçün tarixi nitqə və öz sonuncu rəsmi xütbəsinə başladı. Xütbənin
bu xüsusi şəklini nəzərdə saxlamaqla - ki, iki nəfər minbərin üzərində dayanmış
və yüz iyirmi mindən çox iştirakçı o əzəmətli təbliğçiyə baxırdı. Bu lazımlı
nüansa diqqət yetirdikdə, görürük ki, 120000 nəfərin bir nitq üçün, hamının görə
biləcəyi bir xətibin müqabilində toplanması günümüz dünyasında da qeyri adi bir
məsələdir-o ki qaldı besət əsrində olsun. Altı min illik peyğəmbərlər əsrindən
o günə kimi heç vaxt nitq söyləmək üçün belə bir əzəmətli məclis təşkil
olunmamışdı.
(Biharul-Ənvar, c. 21, səh. 387,
c. 37, səh. 209. Əvalim, c. 3:15, səh. 44, 97 və 301. İsbatul-Hudat, c. 2, səh.
267, hədis: 387 və 391. İhqaqul-Həqq, c. 21, səh. 53 və 57)