2-ci İmam Həzrəti Həsən ibn Əli

#i̇mamət

Möminlərin əmiri Əlidən (ə) sonrakı imam, onun oğlu (İmam) Həsəndir (ə). O, (ana tərəfdən) bütün peyğəmbərlərin ağası olan Həzrət Muhəmmədin (s) qızı, dünya qadınlarının ən üstünü olan Fatimənin (ə) oğludur. İmam Həsənin (ə) künyəsi Əbu Muhəmməddir. O, hicrətin 3-cü ilində, Ramazan ayının ortasında (on beşində) Mədinə şəhərində dünyaya gəlib. Anası Fatimə (ə) təvəllüdünün yeddinci günündə onu Cəbrailin (ə) Həzrət Peyğəmbər (s) üçün Cənnətdən gətirdiyi ipək parçaya büküb, o Həzrətin (Peyğəmbərin) yanına gətirdi. Peyğəmbər (s) onu “Həsən” adlandırdı və onun üçün bir qoyunu qurban kəsdi. Bu hadisəni bir neçə nəfər nəql etmişdir. Əhməd ibn Saleh Təmimi də (öz sənədi ilə) İmam Sadiqdən (ə) rəvayət edib. İmam Həsən (ə) ağalığı, rəftarı və əxlaqı baxımından Həzrət Peyğəmbərə (s) ən çox oxşayan insanlardan idi. Bu məsələni bir çoxları nəql ediblər.

Müəmmar Zühridən, o da Ənəs ibn Malikdən nəql edib deyir: “Həsən ibn Əli (ə) kimi Həzrət Peyğəmbərə (s) oxşayan heç kəs yoxdur”. İbrahim ibn Əli Rafi (öz sənədi ilə) öz atasından, o da öz nənəsi Zeynəb bint Əbu Rafidən və həmçinin, Şəbib ibn Əbu Rafidən nəql edərək deyir: “Peyğəmbərin (s) dünyadan getdiyi xəstəliyi dövründə Həzrət Fatimə (ə) iki övladı Həsən və Hüseyni (ə) o Həzrətin yanına gətirdi və dedi:

“Ey Allahın Rəsulu! Bu iki nəfər sənin övladlarındır. Onlar üçün bir şeyi irs qoy!” Peyğəmbər (s) buyurdu: “Mənim şərəfim və əzəmətim Həsən üçün, şücaətim və səxavətim isə Hüseyn üçündür”. Həsən ibn Əli (ə) atası Möminlərin Əmiri Əlinin (ə) ailəsi, övladları və dostları arasında canişini idi. (İmam Əli (ə)) vəqf etdiyi şeylərə və təyin etdiyi sədəqələrə nəzarət etməyi ona tapşırmışdı. Ona din təlimləri, əxlaq qaydaları, hikmət bulaqları barədə yazdığı əhdnamə, vəsiyyət hamıya məlum və məşhurdur. Bu vəsiyyəti bütün alimlər nəql ediblər və bir çox mütəfəkkir insanlar da ondan özlərinin dinləri, dünyagörüşləri üçün faydalanıblar. Möminlərin Əmiri Əli (ə) dünyasını dəyişəndə İmam Həsən (ə) bir xütbə oxudu və öz haqqını həmin xütbədə bəyan etdi. Sonra atasının silahdaşları onunla, kimlə müharibə edərsə, müharibə edəcəkləri və sülh edərsə, sülh edəcəkləri barədə beyət etdilər.

Əbu Mixnəf (öz sənədi ilə) Əbu İshaq Səbii və başqalarından nəql edərək deyir: “İmam Həsən (ə) Möminlərin Əmiri Əlinin (ə) dünyasını dəyişdiyi gecənin səhər çağı bir xütbə oxudu. Həmin xütbədə Allaha həmd-səna etdi, Peyğəmbərə (s) salam göndərdi və belə buyurdu: “Həqiqətən, bu gecə elə bir insan dünyadan getdi ki, bundan əvvəlki insanlardan heç biri əməldə ondan önə keçməmiş və gələcəkdəki insanlardan da heç biri əməldə ona çatmayacaq. Həqiqətən, o, Peyğəmbərlə (s) birlikdə cihad etdi və öz canı ilə onun müdafiəsinə qalxdı. Peyğəmbər (s) onu öz bayrağı ilə (müharibələrə) göndərərdi. Cəbrail (ə) və Mikail (ə) onu öz aralarına və yaxınlığına alardı. Cəbrail (ə) onun sağ tərəfində, Mikail (ə) isə sol tərəfində dayanardı. Allah-taala onun qüdrətli əlləri ilə (döyüşü) fəth etməyincə qayıtmazdı. Möminlərin Əmiri Əli (ə) İsa ibn Məryəm (ə) göylərə qalxan gecədə dünyasını dəyişdi. Həzrət Musanın (ə) canişini olan Yuşa ibn Nun (ə) da həmin gecə (həmin tarixdə) vəfat etmişdi. O, özündən sonra (beytül-maldan) payına düşən puldan artıq qalan yeddi yüz dirhəmdən başqa heç bir dirhəm və dinar (qızıl və gümüş) qoymadı. Həmin pulla öz ailəsi üçün bir xidmətçi almaq istəyirdi”. (O, bu sözləri buyurdu,) daha sonra boğazını qəhər tutdu və ağladı. Həmçinin, camaat da o Həzrətlə birlikdə ağladı.

Sonra İmam Həsən (ə) belə buyurdu: “Mən Bəşarət verənin (Cənnətlə müjdələyənin, yəni Peyğəmbərin (s) – bu, onun səmadakı adlarındandır) oğluyam. Mən Nəzirin (Cəhənnəmlə qorxudanın) oğluyam. Mən Allahın izni ilə insanları Ona tərəf çağıran və dəvət edənin oğluyam. Mən nur saçan (hidayət) məşəlinin oğluyam. Mən Allah-taalanın bütün çirkinliklərdən uzaq etdiyi və çox pakizə saxladığı ailədənəm. Mən Allah-taalanın Öz kitabında məhəbbətini fərz (vacib) bildiyi və (haqqında) “De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlarım barəsində məhəbbətdən (Əhli-Beytə sevgidən) başqa bir muzd istəmirəm. Kim bir yaxşı iş görərsə, Biz onun üçün həmin işdə yaxşılığını (mükafatını) artırarıq” (“Şura” surəsi, 23-cü ayə) - buyurduğu ailədənəm. (Bu ayədəki) yaxşılıq bizim ailəyə (Əhli-Beytə) olan sevgi və məhəbbətdir”. İmam Həsən (ə) (bu sözləri buyurub) oturdu. Daha sonra isə Abdullah ibn Abbas onun qabağında ayağa qalxdı və dedi: “Ey insanlar! Bu, sizin Peyğəmbərinizin (s) oğlu və İmamınızın canişinidir. Ona beyət edin”. Camaat onun sözünü qəbul etdi və belə dedi: “O, bizim yanımızda nə qədər sevimli və haqqı da bizə nə qədər vacibdir!” Onlar İmam Həsənin (ə) xəlifəliyi barədə beyət etdilər. Bu hadisə hicrətin 40-cı ilində, Ramazan ayının iyirmi biri, cümə günündə baş vermişdi. Beyət məsələsi sona çatanda, İmam Həsən (ə) işçilər, əmirlər təyin etdi və şəhərlərə göndərdi. O, Abdullah ibn Abbası işləri qaydaya və nizam-intizama salmaq üçün Bəsrə şəhərinə yola saldı.

Möminlərin Əmiri Əlinin (ə) vəfatı və camaatın da İmam Həsənlə (ə) beyət etməsinin xəbəri Müaviyənin qulağına çatanda, o, Himyəri qəbiləsindən bir nəfəri Kufəyə və Bəni-Qiyn qəbiləsindən bir nəfəri də Bəsrəyə gizlincə göndərdi ki, o iki nəfər oranın (Kufə və Bəsrənin) xəbərlərini ona yazsınlar (casusluq etsinlər) və İmam Həsənin (ə) (qurduğu) işlərini xarab etsinlər. İmam Həsən (ə) bu əhvalatdan xəbər tutdu və hicamət edənin yanında gizlənmiş Himyəri qəbiləsindən olan həmin şəxsi çölə çıxardıb, boynunun vurulmasını əmr etdi. Həmçinin, Bəsrəyə də məktub yazdı ki, Bəni-Qiyn qəbiləsindən olan digər şəxsi Bəni-Süleym qəbiləsinin içindən çıxardıb boynunu vursunlar.

Sonra İmam Həsən (ə) Müaviyəyə (bu məzmunda) bir məktub yazdı: “Allaha həmd-sənadan sonra. Həqiqətən, sən insanları aldatmaq və onlara hiylə gəlmək üçün məxfi şəkildə adamlar təyin edir və casuslar göndərirsən. Guya müharibə etmək istəyirsən. Tezliklə bunu görəcəksən. Elə isə, gözün intizarda olsun, inşallah! Mənə çatıb ki, sən elə bir adamın ölümünə (yəni Möminlərin əmiri Əlinin (ə) ölümünə) sevinmisən ki, heç bir düşüncə və ağıl sahibi buna sevinməz. Şübhəsiz ki, sən bu barədə bundan əvvəlki insanların dediyi kimisən:

1. İnsanların getdikləri yolun əksini axtaran kəsə de: “Başqalarının getdiyi kimi sən də getmək üçün hazırlaş. Bil ki, bu, sənə də çatmaqdadır (yəni bundan əvvəl dünyasını dəyişmiş insanların dalınca gəlmiş ölüm, sənin də sorağına gələcək). 2. Çünki biz və aramızdan ölüb gedənlər, gecə yarısı bir yerə gedib və gecəni orada qalıb, səhər çağı oradan köçən insanlar kimiyik”.

Müaviyə İmam Həsənə (ə) qalib gəlmək üçün İraqa tərəf yola düşdü. (Hələb şəhərindən 60 km məsafədə yerləşən) Mənbic şəhərinin körpüsünə çatanda, İmam Həsən (ə) də bu tərəfdən hərəkət etdi. O, (atasının vəfalı silahdaşı və dəyərli şiələrindən olan) Hücr ibn Ədiyi (şəhərlərdəki) qoşun komandirlərinin yanına göndərdi ki, onlara köçmək əmrini versin və camaatı (düşmənlə) cihada dəvət etsin. Camaat əvvəlcə ləng və yavaş tərpəndi, sonra (çətinliklə əmrə) boyun əyib yola düşdü. Orada (İmam Həsənə (ə) qoşulanların arasında) camaatın müxtəlif dəstələrindən insanlar var idi. Onların bəzisi atasının və özünün şiələrindən, bəzisi (İmam Həsənə (ə) qarşı yaxşı münasibətdə olmayan) məqsədləri yalnız hər hansı bir yolla mümkündürsə, Müaviyə ilə vuruşmaq (və onunla müharibə etmək) istəyən xəvaricdən, bəzisi fitnəkar və müharibə qənimətlərində tamahı olan (və bulanıq sudan öz maddi mənfəətləri üçün istifadə etmək istəyən) insanlar, bəzisi o Həzrət barədə iman və əqidəsi möhkəm olmayan iki ürəkli (süstlük göstərən) adamlar, bəzisi də din-imanı olmayıb, tayfa və qövm təəssübkeşliyi səbəbindən qəbilə başçılarına itaət edib gəlmiş insanlar idi. İmam Həsən (ə) (bu cür insanlarla) yola düşdü və “Həmmam Ömər” adlı yerə çatdı. Oradan da Deyr Kəəb yoluna tərəf üz tutaraq Sabata gəldi və Sabat körpüsünün yanında enib, orada gecələdi. Səhəri gün İmam Həsən (ə) müharibədə Müaviyə və şam ordusu ilə qarşı-qarşıya gələndə, öz işlərini və nə edəcəyini yaxşı bilmək üçün səhabələrini, onunla birlikdə gələnləri sınamaq, dostlarını Allah düşmənlərindən ayırmaq, onların hansı həddə sözə qulaq asan və itaətkar olduqlarını müəyyən etmək istədi. Buna görə də, hamının toplanması əmrini verdi. Onlar toplaşanda İmam Həsən (ə) minbərə çıxıb bir xütbə oxudu və belə buyurdu:

“Həmd və təşəkkür insanların sitayiş etdiyi Allaha məxsusdur. Şəhadət verirəm ki, (bir olan) Allahdan başqa heç kəs pərəstişə layiq deyil və hər zaman şəhadət verənlər də buna şəhadət verirlər. Şəhadət verirəm ki, Muhəmməd (s) Onun qulu və elçisidir, onu haqq olaraq göndərmiş, Öz vəhyinə əmanətdar bilmişdir. (Allahın salamı ona və Əhli-Beytinə olsun!) Allaha and olsun! Allaha həmd olsun ki, həqiqətən mən ümidvaram. Allahın öz bəndələri üçün yaradılmışlarının ən xeyirxahı olduğum halda gecəni gecələmişəm və heç bir müsəlmanın kinəsi qəlbimdə olan halda gecəni keçirməmiş, yaxud heç kəsə qarşı bir pislik etməmiş (pis niyyətdə olmamışam), ya da hiylə işlətməmişəm! Bilin və agah olun! Həqiqətən, sizi (mənimlə) birlikdə olmağa və (ətrafımda) bir yerə toplanmağınıza səbəb olan şeylər, istəməsəniz belə, sizi pərakəndə və ayrı salmağa səbəb olan çox sevdiyiniz şeylərdən daha da yaxşıdır. Bilin və agah olun! Mənim sizin üçün düşündüyüm şeylər, sizin özünüz üçün düşündüyünüz şeylərdən daha da yaxşıdır. Elə isə, əmrimdən boyun qaçırmayın və (sizin üçün bəyəndiyim və seçdiyim) rəyimi mənə qaytarmayın (mənimlə müxalif olmayın). Allah məni və sizi bağışlasın! Onun (Özünün) razılığı və məhəbbəti olan şeylərə tərəf yol göstərsin!” (Rəvayət edən deyir:) “Camaat (bu sözlərdən) sonra bir-birlərinə baxdılar və belə dedilər: “Dediyi bu sözlərdən sonra onun barəsində nə düşünürsüz? (O, nə demək istəyir?)” Dedilər: “Allaha and olsun! Belə düşünürük ki, o, Müaviyə ilə sülh etmək və bu işi (məqamı) onun öhdəsinə qoymaq istəyir”. Camaat dedi: “Allaha and olsun ki, bu kişi kafir olub”. Onlar (bunu deyib) İmam Həsənin (ə) xeyməsinə hücum etdi və orada olan bütün şeylərin hamısını yağmalayıb apardılar. Hətta o Həzrətin ayağının altındakı cənamazını da çəkib apardılar. Əbdürrəhman ibn Abdullah Cial Əzdi (adlı bir nəfər) qəzəblə qabağa gəlib İmam Həsənin (ə) əbasını çiynindən çəkdi və o (İmam Həsən (ə)), boynundan asılmış qılıncla, əbasız halda xeyməsində oturdu. İmam (ə) öz atını istədi və gətirdilər. O, atına mindi. Şiələrdən və yaxınlarından bir dəstəsi (qorumaq üçün) onun ətrafına toplandı. Onlar İmama (ə) əziyyət vermək istəyənlərin qarşısını alırdılar.

Sonra İmam (ə) buyurdu: “Rəbiə və Həmdan qəbilələrini yanıma çağırın”. Onlara xəbər çatanda, gəlib İmam Həsənin (ə) ətrafını tam dövrəyə aldılar və insanları o Həzrətdən uzaqlaşdırdılar. O, bu vəziyyətdə (bu iki qəbilədən başqa), onunla gəlmiş digər camaatla yoluna davam etdi. (Mədainin) Sabat məntəqəsinə çatanda Bəni-Əsəd qəbiləsindən olan Cərrah ibn Sinan adlı bir şəxs əlindəki nazik bir qılıncla o Həzrətə yaxınlaşıb atının yüyənini tutdu və dedi: “Allahu Əkbər! Ey Həsən, bundan əvvəl atan müşrik olduğu kimi sən də müşrik oldun!” (O, bu haqsız və mənasız sözləri deyib) əlindəki qılıncla İmam Həsənin (ə) buduna elə bir zərbə endirdi ki, (budunun) ətini parçalayıb sümüyünə çatdı. İmam (ə) şiddətli yara ağrısından həmin adamın boynuna əl atdı və hər ikisi yerə yıxıldılar. İmam Həsənin (ə) şiələrindən olan Abdullah ibn Xətəl Tai adlı bir nəfər o adamı tutub əlindən qılıncı aldı və həmin qılıncla onun qarnını yırtdı. Zəbyan ibn Ümarə də onun üstünə yıxılıb burnu sındı və həlak oldu. Sonra onunla birlikdə olan digər bir cinayətkarı da tutub öldürdülər. Onlar (şiələr) İmam Həsəni (ə) bir taxta qoyub Mədain şəhərinə - Möminlərin Əmiri Əli (ə) tərəfindən vali təyin olunan, həmçinin sonralar da İmam Həsənin (ə) həmin məqamda saxladığı Səd ibn Məsud Səqəfinin evinə gətirdilər. İmam (ə) orada yaralarının müalicəsi ilə məşğul oldu. (Bu arada İmam Həsənlə (ə) gəlmiş) Kufənin qəbilə başçılarından bir dəstəsi gizli şəkildə Müaviyəyə belə bir məktub yazdı: “Biz canla-başla sənin əmrindəyik və sizə tərəf gələndə onu məcbur edərik (ona qarşı çıxarıq)”. Onlar Müaviyənin İmam Həsənin (ə) qoşununa yaxınlaşanda, o Həzrəti (tutub) Müaviyəyə təslim etməyi, yaxud da xəbəri olmadan onu öldürməyi öz öhdələrinə götürdülər. Bu xəbər İmam Həsənin (ə) qulağına çatdı. O tərəfdən də Müaviyənin qarşısını almaq üçün Übeydullah ibn Abbasın qoşunuyla birlikdə göndərdiyi Qeys ibn Sədin məktubu o Həzrətə çatdı. İmam Həsən (ə) Übeydullah ibn Abbası Müaviyənin yolunu bağlamaq və İraqa gəlməsinin qarşısını almaq üçün qoşun başçısı təyin etmiş və belə buyurmuşdu: “Əgər sənin üçün bir hadisə baş verərsə, qoşuna Səd ibn Qeys başçılıq etsin. Qeys o məktubda İmamın (ə) nəzərinə belə çatdırmışdı ki, onlar (Übeydullah ibn Abbasla birlikdə) Həbuniyyə adlı bir kənddə Müaviyənin qoşununun məskunlaşdığı yerin müqabilində endilər. Müaviyə Übeydullahın yanına bir nəfəri göndərib, özünə qoşulmağa dəvət etdi və ona yarısı nağd, yarısı da Kufəyə daxil olandan sonra minlərlə dirhəm pul verməyi öhdəsinə götürdü. Sonra Übeydullah gecəyarı öz yaxın adamları ilə birlikdə Müaviyənin ordusuna qoşuldu. Gecə sona çatandan sonra qoşun öz başçısını tapa bilmədi. Qeys ibn Səd onlarla birlikdə namaz qıldı və işlərinə nəzarət etməyə başladı. Bu hadisədən sonra İmam Həsənə (ə) aydın oldu ki, camaat onu tək qoyub. Xəvaric də təhqir edib, kafir bildiklərini dilə gətirəndən sonra ona qarşı pis fikirdə oldular və qanını mübah bilib malını da yağmaladılar. İmam Həsənin (ə) çirkin düşüncə və əqidələrindən rahat olmadığı bu adamlardan başqa, yanında atası və ya özünün az sayda şiələri qalmışdı. Bu kiçik dəstənin Şamın çoxsaylı qoşununun qarşısında müqavimət göstərməyə gücü yox idi.

Bu arada Müaviyə o Həzrətə bir məktub yazdı və sülh təklifi etdi. O, məktubla birlikdə o Həzrətin dostlarının onu (İmam Həsəni (ə)) tutub Müaviyəyə təslim etməyi öhdələrinə götürdükləri barədə yazdıqları məktubu da ona göndərdi, sülhü qəbul etdirmək üçün bir çox şərtləri öhdəsinə aldı və icra etmək üçün bir çox məsələləri əhatə edən müqavilələr bağladı. İmam Həsən (ə) onun dediklərinin hər-hansı birinin etibarlı olduğuna inanmadı və onun bu barədə hiylə işlətdiyini bildi, lakin onun sülh etmək və müharibəni dayandırmaqdan başqa heç bir çarəsi yox idi. Çünki, İmamın (ə) davamçıları və ətrafındakılar (bundan əvvəl) dediyimiz kimi idilər. Onlar İmama (ə) qarşı əqidəsiz və süst ünsürlər idi. Göründüyü kimi, onlar İmama (ə) qarşı müxalif oldular. Bir çoxu İmam Həsənin (ə) qanını tökməyi halal bilib, onu düşmənə təslim etmək istədilər. Əmisi oğlu (Übeydullah ibn Abbas) ona kömək etməkdən əl çəkib düşmənə qoşuldu. Ümumiyyətlə, həmin insanlar tez ötüb-keçən dünyaya üz tutdular və axirət nemətlərinə göz yumdular. İmam Həsən (ə) höccəti tamamlamaq, özüylə Allah-taala arasında, bütün müsəlmanların yanında üzrlü olmaq üçün sülh bağlamağa dair Müaviyədən möhkəm əhd-peyman aldı və onunla belə bir şərt bağladı: “Möminlərin Əmiri Əlinin (ə) ünvanına söyüş və təhqirlər işlətməyi tərk etsinlər, namazın qunutunda o Həzrətə (ə) xoşagəlməz sözlər və təhqirlər deməsinlər, onun şiələri əmin-amanlıqda olsunlar, kimsə onlardan heç birinə pislik etməyə qalxmasın, onlardan hər birinin haqqı vardır və bu haqqı onlara çatdırsınlar”. Həmçinin, Müaviyə də bütün bu şərtləri qəbul edib əhd-peyman bağladı və onlara vəfa edəcəyinə and içdi.

Sülh məsələsi bu şərtlər əsasında tamamlananda Müaviyə Kufəyə tərəf yola düşdü. O, (Kufənin yaxınlığındakı) Nüxəyləyə çatdıqda, cümə günü olduğu üçün günorta vaxtı camaatla cümə namazı qıldı və onlar üçün bir xütbə oxudu. O, xütbəsində belə dedi: “Allaha and olsun ki, həqiqətən mən sizə namaz qıldırmaq, ya oruc tutdurmaq, ya həcc əməllərini yerinə yetirmək, ya da zəkat verməyiniz üçün sizinlə müharibə etmədim, çünki siz bunları yerinə yetirəcəksiniz. Lakin mən sizə hakim olmaq və hökumətinizə başçılıq etmək üçün sizinlə müharibə etdim və bunu xoşlamasanız da, Allah bunu mənə verdi. Bilin və agah olun ki, mən Həsənə bəzi şeyləri söz və vədə verdim, lakin onların hamısını ayaqlarımın altına qoyuram (tapdalayıram), onlardan heç birinə vəfa etməyəcəm”.

Sonra o, yola düşdü və Kufəyə çatdı. Orada bir neçə gün qaldı. Kufə camaatının onunla beyət məsələsi sona çatanda minbərə çıxıb camaata xütbə oxudu və Möminlərin Əmiri Əlinin (ə) adını dilə gətirib, o Həzrətə, oğlu Həsənə (ə) söyüş və təhqirlər dedi. Həsən və Hüseyn (ə) orada idilər. Hüseyn (ə) ayağa qalxıb cavab vermək istəyəndə, Həsən (ə) onun əlindən tutub otuzdurdu və özü ayağa qalxıb belə buyurdu: “Ey Əlini (ə) pis sözlərlə yad edən! Mən Həsənəm, atam da Əlidir. Sən Müaviyəsən, atan da Səxrdir (Səxr - Müaviyənin atası Əbu Süfyanın adlarından biridir. Ərəblərin arasında insanları aldadan və hiyləgər kişilərə “səxr” deyilir). Anam Fatimədir, sənin anan isə Hinddir. Babam Peyğəmbərdir (s), sənin baban isə Hərbdir. Anamın anası Xədicə, sənin ananın anası isə Quteylədir. Elə isə, bizim ikimizdən adı çirkin və napak, əsil-nəsəbi alçaq, keçmişi daha da pis, küfr və nifaqı (hamıdan) qabaq olan kəsə Allahın lənəti olsun!” Məsciddə toplaşmış müxtəlif insan dəstələri “Amin! Amin!” - dedilər.

Sülh məsələsi Müaviyəylə öz arasında qeyd edildiyi kimi sona çatandan sonra İmam Həsən (ə) Mədinəyə getdi. O, qəzəbini uddu, evinə qapandı və Allah-taalanın əmrinin yolunu gözlədiyi halda orada qaldı. Müaviyə öz hakimiyyətindən on il keçəndən sonra camaatdan oğlu Yezid üçün beyət almaq qərarına gəldi. O, İmam Həsəni (ə) zəhərləməyə məcbur etmək üçün bir nəfəri gizlincə o Həzrətin həyat yoldaşı, Əşəs ibn Qeysin qızı olan Cədənin yanına göndərdi və (bu işi edəndən sonra) onu Yezidlə evləndirəcəyini öhdəsinə götürdü. Ona (bu cinayəti yerinə yetirmək üçün) yüz min dirhəm pul göndərdi. Cədə İmam Həsəni (ə) zəhərlədi. O, qırx gün xəstə yatdı və hicrətin 50-ci ilində, Səfər ayında dünyasını dəyişdi. Həmin vaxt İmam Həsənin (ə) şərafətli ömründən qırx səkkiz il keçmiş, xəlifəlik müddəti isə on il davam etmişdi. Qüsl və kəfən işlərini qardaşı və canişini İmam Hüseyn (ə) yerinə yetirdi və onu Bəqi qəbristanlığında, nənəsi Fatimə bint Əsəd ibn Haşim ibn Əbdümənafın (Möminlərin əmiri Əlinin (ə) anasının) məzarının yanında dəfn etdi.

İmam Həsənin (ə) zəhərlənməsi və şəhadəti haqqında

Qeyd edildiyi kimi, İmam Həsənin (ə) ölümünün səbəbi, Müaviyənin o Həzrəti zəhərlətməsi, onun dəfninindəki hadisələr və orada baş verənlərə aid rəvayətlərdən birində İsmail ibn Mihran (öz sənədi ilə) Müğeyrədən nəql edib deyir: “Müaviyə Əşəs ibn Qeysin qızı Cədənin yanına bir nəfəri göndərdi ki, “səni oğlum Yezidlə evləndirəcəm - bu şərtlə ki, sən Həsəni zəhərləyəsən” və ona yüz min dirhəm də pul göndərdi. O, bu işi yerinə yetirdi və Həsəni (ə) zəhərlədi. Müaviyə də pulu ona verdi, lakin onu Yezidlə evləndirmədi. Sonralar Təlhənin ailəsindən bir nəfər (İmam Həsəndən (ə) sonra) Cədəylə evləndi və onun həmin kişidən övladları dünyaya gəldi. Nə vaxt həmin uşaqlarla (Cədənin övladlarıyla) Qüreyşin digər qəbilələri arasında bir söz-söhbət olurdusa, qüreyşlilər məzəmmət edər və onlara belə deyərdilər: “Ey öz ərlərinə zəhər verən qadının oğlanları!” Həmçinin, İsa ibn Mihran (öz sənədi ilə) Ömər ibn İshaqdan belə nəql edir: “Həsən və Hüseynlə (ə) evdə idik. Həsən (ə) təharət üçün ayaqyoluna getdi və çölə çıxanda belə buyurdu:

“Məni dəfələrlə zəhərlədilər və heç biri bu dəfəki kimi olmamışdı. Həqiqətən, ciyərimin bir parçası (ağzımdan) düşdü və mən onu əlimdəki ağacla tərpətdim”. Hüseyn (ə) soruşdu: “Sənə kim zəhər verdi?” Həsən (ə) buyurdu: “Ona nə edəcəksən? Onu öldürmək istəyirsən? Əgər o kəs (mən dediyim adam) olsa, Allahın ona qəzəb və əzabının səndən (qəzəb və əzabından) daha çox olduğunu bilirəm. Əgər o olmasa, mənə görə günahsız bir adamın giriftar olmasını istəmirəm”. Abdullah ibn İbrahim Ziyad Müxariqidən nəql edərək deyir: “Həsənin (ə) ölüm vaxtı çatanda, Hüseyni (ə) çağırdı və belə buyurdu:

“Ey qardaşım! Sizdən ayrılmaq vaxtım çatmışdır və mən öz Allahıma qovuşacam. Məni zəhərlədilər və ciyərim teştə düşdü. Məni zəhərləyən kəsi özüm tanıyıram. Bu xəyanətin haradan gəldiyini bilirəm və onu Allah-taalanın yanında özüm mühakimə edəcəm. Səni boynunda olan haqqıma and verirəm! Məbada dilinə bu barədə bir söz gətirəsən. Gözün Allahın mənim barəmdə təyin etdikləri şeyin intizarında olsun. Mən dünyadan gedəndə gözlərimi ört, qüsl ver, kəfənlə, tabutuma qoy və yenidən görüşmək (əhd bağlamaq) üçün cəddim Peyğəmbərin (s) məzarına tərəf apar. Daha sonra isə nənəm Fatimə bint Əsədin (r) qəbrinə tərəf aparıb, onun yanında dəfn et. Ey qardaşım! Tezliklə camaatın, məni Peyğəmbərin (ə) yanında torpağa tapşırmaq istədiyinizi güman edəcəklərini biləcəksən. Onlar buna görə bir yerə toplaşıb qarşınızı alacaqlar. Səni Allaha and verirəm! Məbada mənə görə hicamət şüşəsi qədər qan tökülsün!” Daha sonra o, ailəsi, övladları, özündən sonra qalan şeyləri, atası Möminlərin Əmiri Əlinin (ə) canişinliyi zamanı ona vəsiyyət etdikləri şeylərin hamısını İmam Hüseynə (ə) vəsiyyət etdi. Onu özünün canişinliyinə layiq olduğunu camaata çatdırdı, öz şiələrini onun canişinliyinə tərəf istiqamətləndirdi və onu özündən sonra onların rəhbəri təyin etdi.

İmam Həsən (ə) dünyasını dəyişəndən sonra İmam Hüseyn (ə) ona qüsl verdi, kəfənlədi və tabuta qoyub (çiyninə) götürdü. (Mədinə hakimi olan) Mərvan Bəni-Üməyyədən olan köməkçiləri ilə birlikdə güman etdilər ki, Bəni Haşim onu Peyğəmbərin (s) yanında dəfn etmək istəyir. Döyüş paltarı geyinib bir yerə toplaşdılar. İmam Hüseyn (ə) babasının məzarı ilə yenidən görüşmək əhdini yerinə yetirmək üçün onun (İmam Həsənin (ə)) cənazəsini Peyğəmbərin (s) qəbrinə tərəf aparanda, onlar öz dəstələri ilə Bəni-Haşimlə üzləşdilər. Aişə də bir qatıra minib onlara qoşuldu. O, belə deyirdi: “Mənimlə nə işiniz var?! Xoşuma gəlməyən adamı evimə gətirmək istəyirsiniz?” Mərvan fəryad edib dedi: “Rahatlıqda yatıb dincəlməkdənsə, döyüşmək daha yaxşıdır! Osman Mədinənin ən uzaq yerlərindən birində dəfn olunsun, Həsən də Peyğəmbərin yanında torpağa tapşırılsın?! Nə qədər ki, qılınc əlimdədir, bu iş heç vaxt olmayacaq!” Bu hadisə az qala haşimilərlə əməvilər arasında müharibə fitnəsinin baş verməsinə səbəb olacaqdı. İbn Abbas (Übeydullah ibn Abbasın qardaşı) Mərvanın qarşısına gəldi və dedi: “Ey Mərvan! Gəldiyin yerə qayıt, çünki biz ağamızı Peyğəmbərin (s) yanında torpağa tapşırmaq istəmirik. Əksinə, o Həzrəti ziyarət etməklə, onun görüşünü (və əhdini) təzələmək istəyirik. Daha sonra onu nənəsi Fatimə bint Əsədin yanına aparacaq və özünün vəsiyyət etdiyi kimi, orada torpağa tapşıracağıq. Əgər o, Peyğəmbərin (s) yanında dəfn edilməsini vəsiyyət etsəydi, şübhəsiz ki, bizim bu işimizin qarşısını almaqda daha da aciz olduğunu yaxşı bilirsən. Lakin o Həzrətin özü Allah, Onun Peyğəmbəri (s), cəddinin qəbrinin hörmətini saxlamaqda daha agahdır və burada heç bir məğlubiyyət baş verməzdi - necə ki, başqaları bundan əvvəl etdilər və o Həzrətin izni olmadan oraya daxil oldular”. Sonra üzünü Aişəyə tutdu və belə dedi: “Ey Aişə! Bu nə rüsvayçılıqdır? Bir gün dəvədə, bir gün də qatırda? Allahın nurunu söndürüb, dostları ilə müharibə etmək istəyirsən? Qayıt! Qorxduğun şey ürəyincə oldu. İstədiyinə çatdın (yəni rahat ol ki, Həsəni (ə) Peyğəmbərin (s) məzarının yanında dəfn etmək istəmirik). Əgər uzun zaman ötüb keçəndən sonra da olsa, Allah bu ailənin intiqamını alacaq”.

Həmçinin, İmam Hüseyn (ə) də buyurdu: “Allaha and olsun! Əgər Həsənin (ə), ona xatir yerə bir hicamət şüşəsi qədər də qan tökülməməsi üçün tapşırığı olmasaydı, həqiqətən, Allahın qılınclarının sizdən öz yerlərini necə alacağını (öz haqqını sizdən alacaqlarını) bilərdiniz! Bizimlə özünüz aranızdakı əhdpeymanları pozdunuz və bizə aid olan şeylər barədə sizinlə bağladığımız şərti məhv etdiniz”. (Bu sözlərdən sonra) İmam Həsəni (ə) gətirib Bəqi qəbristanlığında, nənəsi Əsəd ibn Haşim ibn Əbdümənafın qızı Fatimənin (r) yanında torpağa tapşırdılar.

İmam Həsənin (ə) övladları, onların adları və sayları haqqında qısa məlumat

İmam Həsənin (ə) oğlan və qız olaraq on beş övladı var idi:

1. Zeyd

2. Ümmü Həsən

3. Ümmü Hüseyn Bu üç övladın anası Əbu Məsud Üqbə ibn Əmrin qızı Ümmü Bəşir idi.

4. Həsən ibn Həsən - onun anası Mənzur Fəzarinin qızı Xulə idi.

5. Əmr ibn Həsən

6. Qasim

7. Həsən Bu üç övladın anaları Ümmü Vələd idi.

8. Əbdürrəhman ibn Vələd – həmçinin, onun da anasının adı Ümmü Vələd idi.

9. Hüseyn ibn Həsən - onun ləqəbi “Əsrəm” idi.

10. Təlhə

11. Fatimə Bu üç övladın anaları Təlhə ibn Übeydullah Təmiminin qızı Ümmü İshaq idi.

12. Ümmü Abdullah

13. Fatimə

14. Ümmü Sələmə

15. Rüqəyyə İmam Həsənin (ə) bu dörd qız övladı müxtəlif analardan idi.

Mənbə: Şeyx Müfid, Əl-İrşad, 2-ci İmam Həzrəti Həsən ibn Əlinin həyatı bölümü

 

Paylaş


Populyar

#i̇mamət
Həzrəti Muhəmməd peyğəmbər (s)