Qədir Xum xütbəsi (5)-Həzrəti Məhdi haqqında və 12 İmamla beyət

#i̇mamət

Həzrəti Məhdi (ə.f.) barəsində

Həzrəti Peyğəmbərimiz (s) Səkkizinci hissədə Həzrət Bəqiyyətullahil-əzəm Höccət ibnil-Həsən Əl-Məhdi (ə.f.) barəsində əsas mətləbləri buyurdu və təfsilatlı şəkildə Həzrətin xüsusi sifət və işlərindən söhbət açdı. Daha sonra İmam Zamanın (ə.f.) əli ilə qurulacaq ədalətli gələcək barədə dünyaya müjdə verdi.

Həzrəti Rəsuli-Əkrəm (s) belə buyurdu:

“Bilin ki, imamların sonuncusu Qaim, Məhdi bizdəndir. Dinlərə qalib gələn Odur, zalımlardan intiqam alan Odur, qalaların fatehi və onları dağıdan odur, şirk əhlindən hər bir qəbiləyə qələbə çalan və onları hidayət edən Odur. Agah olun ki, Allah övliyalarının hər birinin qanının intiqamını alan Odur. Allah dininə kömək edən Odur. Bilin ki, dərin bir dəryadan istifadə edən odur. Hər bir fəzilət sahibinə fəziləti qədər və hər bir cəhalət sahibinə cəhaləti qədər qiymət verən (dəyər verəcək) Odur. Allahın seçdiyi Odur. Hər bir elmin varisi və hər bir fəhmi əhatə edən odur. Agah olun ki, Rəbbindən xəbər verən və ilahi nişanələri yüksəltən (ucaldan) Odur. Hidayət olunmuş güclü təməl Odur. Əvvəlkilərin müjdə verdikləri Odur, Höccət ünvanı ilə baqi qalacaq və Ondan sonra heç bir Höccətin olmayacağı şəxs Odur. Hər bir haqq yalnız Onunla birlikdə və hər bir nur yalnız Onun yanındadır. Agah olun, O elə bir kəsdir ki, Ona qalib gələcək və Onun əleyhinə yardım olunacaq bir şəxs yoxdur. Allahın yer üzərindəki Vəlisi, məxluqatı arasındakı  hökm edəni, gizlin və aşkarına Onun əmini (əmanətdarı) Odur”.

Qədirlə vəfadarlıq əhd-peymanı

Doqquzuncu hissədə beyət məsələsini ortaya qoydu, Onun dəyər və etibarını belə açıqladı:

“Bilin ki, mən xütbəm sona çatdıqdan sonra sizi Onunla beyət olaraq mənə əl verməyə və Onu qəbul etməyə və məndən sonra Onun özünə əl verməyə səsləyəcəm. Bilin ki, mən Allahla beyət etmiş və Əli də mənimlə beyət etmişdir və mən Allah tərəfindən Onun üçün sizdən beyət alıram”.  

Bu barədə Qurana istinad etdi və buyurdu:

Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər. (Fəth,10)  

İlahi hökmlər əbədidir

Onuncu hissədə Həzrət (s) ilahi hökmlər barədə söhbət açdı ki, məqsəd bir neçə mühüm əqidəvi əsasın bəyanı idi:  Biri, çətinliklərdə müsəlmanların gələcəyini öngörmək idi ki, buyurdu:

“Əgər uzun bir zaman keçdikdən sonra (və ya keçdiyinə görə), səhlənkarlıq etsəniz və ya unutsanız, Əli sizin ixtiyar sahibinizdir və sizin üçün açıqlayar. Allah əzzə və cəllə məxluqatına Onu məndən sonra əmin olaraq seçmişdir. O Məndəndir və Mən Ondanam. O və Mənim nəslimdən olanlar nədən sual etsəniz sizə xəbər verərlər və bilmədiklərinizi sizin üçün açıqlayarlar”.

Sonra ilahi hökmlərin əbədi olaraq sabit olması məsələsinə ali ifadələrlə belə açıqlıq gətirdi:

“Ey camaat! Sizi yönləndirdiyim hər bir halal və çəkindirdiyim hər bir haramdan heç vaxt dönməmiş və dəyişməmişəm. Bu mətləbi yadda saxlayın və onu hifz edin (əzbərləyin) və bir-birinizə əmr edin və onu əvəzləyib, dəyişməyin”.

Digər bir məqamda gələcəkdə müsəlmanların qarşılaşacağı yeni məsələlər idi ki, bu barədə buyurdu:

“Məmuram, bunun barəsində sizdən beyət alım ki, Allah əzzə və cəllə tərəfindən Əmirəl-möminin Əli və Ondan sonrakı canişinlər barəsində gətirdiklərim şeyləri qəbul edəsiniz. Onlar Mənim və Onun nəslindəndir, İmamlıq məsələsi (məqamı) yalnız Onlarda dirçələcəkdir. Onların sonuncusu-qəza və qədəri idarə edən Allahla görüşəcəyi günə qədər-Məhdidir”.

Daha sonra ən üstün əmr bil-məruf və nəhy ənil-münkəri (yaxşılığa dəvət və pisliklərdən çəkindirmək)- Qədir-Xum mesajının təbliğ olunmasını elan edib, buyurdu:

Agah olun ki, ən üstün əmr bil-məruf mənim sözümü başa düşüb, onu hazırda olmayan kəslərə çatdırmağınız və Ona Mənim tərəfimdən qəbul etməyi əmr (dəvət) etməniz və müxalifət etməkdən çəkindirmənizdir. Çünki bu izzət və cəlal sahibi Allah və Mən tərəfindən olan bir göstərişdir (əmrdir). Məsum İmamsız heç bir əmr-bil-məruf və nəhy ənil-münkər olmaz!”

On iki imamla beyət edin!

Xütbənin sonuncu (11-ci) mərhələsində dil ilə beyət baş tutdu. Bu hədəf üçün iki zəminə (lazımi şərait) hazırlandı: Biri bu dil ilə olan beyətin səbəbinin açıqlanması idi. Həzrət əl ilə beyətdən öncə onlardan dil ilə beyət almaq barədə buyurdu:

“Ey camaat! Siz bir əl ilə və bir zamanda mənə əl verməkdən çoxsunuz və Rəbbim məni məmur etmişdir ki, Əmirəl-möminin Əli və Ondan sonra gələn, Mənim və Onun nəslindən olan – necə ki, sizə başa saldım; Mənim övladlarım Onun sülbündəndir -  imamlar üçün qəbul etdiyim (planlaşdırdığım) şey barədə sizin dilinizdən iqrar alım”.

Digəri beyətin detallarından xəbər verən ifadələrin təyin olunması idi ki, bütün camaat onunla iqrar etməli və əl ilə beyət də hesab olunmalı idi. Bu beyət müvəqqəti və tez keçən məsələ üzərində olmadığına görə-əksinə bir etiqad üzərində baş tutacağna görə, həmçinin əbədiyyətin zirvəsi olan bir etiqad üzərində baş tutacağına görə-Həzrət (s) dilinə təfsilatlı ifadələr gətirdi və camaatdan istədi ki, onları eyni ilə təkrar etsinlər.

Buna görə də iştirakçılara xitabən buyurdu: Hamılıqla belə deyin: 

“Biz Rəbbimiz və özün tərəfindən İmamımız Əmirəl-möminin Əlinin və Onun sülbündən dünyaya gələcək imamların imamlıq məsələsi ilə bağlı bizə çatdırdığın şeyləri, eşitdik, itaət edirik, razıyıq və təslim olub boyun əyirik. Bu mətləb üzərində qəlblərimiz, canlarımız, dillərimiz və əllərimizlə səninlə beyət edirik. Bu əqidə əsasında yaşayar, onunla ölər və qiyamət günündə onunla həşr olunarıq (məhşərə gətirilərik). (Bu əhdimizi) dəyişməyəcək, əvəz etməyəcək, şəkk etməyəcək, inkar etməyəcək, qəlbimizə tərəddüdə yol verməyəcək, bu sözdən dönməyəcək və əhd-peymanı sındırmayacağıq”. Sən bizi Əmirəl-möminin Əli və Ondan sonra Sənin nəslindən və Onun övladlarından olduğunu dediyin imamlar, yəni Həsən, Hüseyn və Allahın O ikisindən sonra təyin etdikləri barədə ilahi moizə ilə nəsihət etdin. Belə ki, bizdən Onlar üçün, qəlblərimizdən, canlarımızdan, dillərimizdən, vicdanlarımızdan və əllərimizdən əhd-peyman alındı. Bacaran əli ilə beyət edər, əks halda dili ilə qəbul edər. Əsla bu əhdi dəyişmək qərarında deyilik və Allah bu barədə nəfslərimizdən dəyişiklik görməz. Biz bu mətləbləri sənin dilindən övladlarımızdan və ailəmizdən (qohumlarımızdan) yaxına və uzağa çatdıracağıq və Allahı buna şahid tuturuq. Şahid olmaqda Allah kifayətdir və Sən də bizim bu iqrarımıza şahidsən".

Barizdir ki, Həzrət, camaatın təkrar etməsi lazım olan kəlamın özünü onlara təlqin etdi və onun ibarələrini müəyyən etdi ki, hər kəs xüsusi bir şəkildə özü üçün iqrar etməsin-əksinə hamı Həzrətin onlardan istədiyi vahid mətləbə iltizamlı olsunlar və onun əsasında beyət etsinlər. Camaat da hər cümlədən sonra onu təkrarlayırdılar və bu vəsilə ilə elə həmin minbərin üzərindən ümumi beyət alındı. Habelə camaatdan istədi ki, Allaha belə bir nemətə görə şükr etsinlər ki, camaatın öz naqis seçimləri ilə özləri üçün xəlifə seçməsinə icazə vermədi. Əksinə ilahi zat bir başa bu barədə qərar qəbul etdi və onun nəticəsini bəşərə zəruri etdi.

Peyğəmbərin son kəlmələri; sözlərini qəbul edənlər üçün dua etmək, əmrlərini inkar edənlər üçün nifrin etmək oldu və Allaha həmd etməklə Həzrətin xütbəsi başa çatdı.

(Rovzətul-Vaizin, c. 1, səh. 89, Əl-İhticac, c. 1, səh. 66, Əl-Yəqin, səh. 343, bab: 127, Nəzhətul-Kiram, c. 1, səh. 186, Əl-Udədul-Qəviyyə, səh. 169, Ət-Təhsin, səh. 578, bab: 29 ikinci qismdən, Əs-Siratul-Mustəqim, c. 1, səh. 301, tarixçi Təbərinin müəllifi olduğu (Əl-Vilayə) kitabından nəqlən, Nəhcul-İman, səh. 92, tarixçi Təbərinin müəllifi olduğu (Əl-Vilayə) kitabından nəqlən, Biharul-Ənvar, c. 37, səh. 201-207, İsbatul-Hudat, c. 2, səh. 114, c. 3, səh. 558)

Paylaş


Populyar

#i̇mamət
1-ci İmam Həzrəti Əmirəlmöminin Əli ibn Əbu Talib