Elm və Mərifət Əhli Beytdəndir

#tovhid

İmam Məhdi (ə.f.) buyurub: Biz Əhli-Beytdən başqa yolla elm və mərifət kəsb etmək bizi inkar etməyə bərabərdir. (Səhifeyi Məhdiyyə səh.334)

Elm öyrənmək hər bir müsəlman kişi və qadına vacibdir. Xüsusilə də dini tanımaq və İslam maarifini əldə etmək insanın yaradılış hədəfidir. Bu hədəfə çatmaq üçün Allah bizlərə açıq-aşkar yol göstərmişdir ki, o yol "nemət verdiyi kəslərin yoludur". Ancaq hər kəs elmi həqiqi mənbəyindən öyrənsə öz hədəfinə çata bilər.

İnsan bir öz yeməyinə baxsın. (Əbəsə, 24)

Bu ayənin təfsirlərindən biri də odur ki, insan baxsın ki, elmi haradan götürür. Bəzi yeməklərin təsiri bədənə ziyan vurduğu kimi yanlış mənbədən götürülən elm də insanın dünya və axirətini viran qoyur. Quran və hədislərə əsasən biz dini maarifi və elmi elə Quran və Əhli-Beytdən (ə) götürməliyik. Çünki Quranın həqiqətini, zahir və batinini ancaq Əhli-Beyt (ə) bilir.

Onun təvilini Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. (Ali-İmran, 7)

Həmçinin, onlar o şəxslərdirlər ki, "Kitab elmi onun yanındadır" (Rəd surəsi, 43)

Xeyr, bu Quran elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. (Ənkəbut surəsi, 49)

Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl surəsi, 43)

İmam Baqir (ə) buyurub: Əgər səhih elm istəsən, Biz Əhli-Beytin (ə) yanındadır. Beləki, Allahın Quranda dediyi: Bilmirsinizsə Zikr əhlindən soruşun ayəsindəki Zikr Əhli Bizik. (Vəsailuş-şiə, 18/49)

Elə isə elmi vəhy nazil olan evdən başqa harada öyrənmək olar?

İmam Baqir (ə) buyurub: Allaha and olsun ki, Cəbrailin nazil olduğu ev əhlindən başqasında elm mövcud deyil. (Biharul-ənvar, 2/91)

İmam Baqir (ə) buyurub: Bu evdən çıxmayan hər bir şey batildir. (Vəsailuş-şiə,18/50).

Bu hədisin mənası odur ki, insanların tapdığı həqiqi elm və mərifətin kökü istər-istəməz Əhli-Beytə (ə) dayanır.

İmam Baqir (ə) buyurub: Diqqətli olun! İnsanların yanında elə bir həqiqət və səhih kəlam yoxdur ki, bizdən götürülməmiş olsun. (Biharul-ənvar, 2/94)

İmam Əli (ə) Kumeylə buyurub: Ey Kumeyl, bizdən başqasından bir şey götürmə ki, bizimlə olasan. (Vəsailuş-şiə, 18/17)

Bunlar ona görədir ki, yalnız Əhli-Beytin (ə) yanında olan elm ilahi elmdir və batil ona yol tapa bilməz. Bəşərin elmi, nəzəriyyələrdən ibarətdir və səhvlərdən sığortalanmayıb. Bu cür elm insanı yəqin məqamına çatdıra bilməz.

İmam Sadiq (ə) buyurub: Elm (yalnız) dərs oxumaqla əldə olunmaz. Elm qəlbdə olan bir nurdur ki, Allah hidayət etmək istədiyində qərar verər. (Biharul-ənvar, 1/225)

Bu cür elm insanı hidayət edər və şübhədən yəqinə çatdırar. Həmçinin, ilahi elmi çatdıran şəxs gərək Şeytanın onu azdırmasından və unutdurmasından amanda olsun. Belə bir şəxs isə məsumlardan başqası ola bilməz. Allah bizə Bələm Bauranı və İblisi misal çəkir. Onların hər ikisi elm sahibi idilər, ancaq bu elm onların özlərini azmaqdan saxlamadı və başqalarını da azdırmaqla məşğul oldular. İsmətlə yanaşı olmayan elm azdırır.

Onlara, ayələrimizi verdiyimiz halda onlardan imtina edən kimsənin xəbərini də oxu. Beləliklə şeytan onu özünə tabe etmiş və o da haqq yoldan azanlardan olmuşdu. (Təfsir alimlərinin əksəriyyətinə görə, bu adam İsrail oğullarından Bələm ibn Bauradır. O, əvvəllər Həzrət Musanın dinini qəbul etmiş mömin bir kişi idi və ismi əzəmi bilirdi. Ancaq Bələmin Həzrət Musa tərəfindən elçi olaraq göndərildiyi qövm Həzrət Musanın onları məğlub edəcəyindən qorxaraq ona təzyiq göstərmişdi. Bələm də Həzrət Musaya bəd dua etmiş və ona qarşı həmin qövmə bəzi hiylələr öyrətmişdi. Allah-Təala isə onun bəd duasını o qövmün əleyhinə çevirmiş və Bələmi cəzalandırmışdı)

Əgər Biz istəsəydik, onlarla (həmin ayələrlə) onu ucaldardıq. Lakin o, dünyaya meyil etdi və öz nəfsinin arzularına uydu. Onun halı bir köpəyin halına bənzəyir; üstünə cumsan da ləhləyər, qoyub getsən də ləhləyər. Bu, ayələrimizi yalanlayan qövmün halıdır. Hadisələri (onlara) nəql et ki, bəlkə, onlar düşünüb təfəkkür edərlər. (Əraf surəsi, 175-176)

İmam Əli (ə) buyurub: Hər kəs dini camaatın ağzından öyrənsə, camaat onu dindən xaric edər. Hər kəs dinini Kitab və sünnətdən götürsə, dağlar aradan getsə də, o sabit qalar. (Vəsailuş-şiə, 27/132)

İmam Səccad (ə) buyurub: Həqiqətən Allahın dininə naqis ağıllarla, batil rəylərlə, fəsadlı qiyaslarla yetişmək olmaz. (Kəmaluddin, 1/324)

İmam Baqir (ə) buyurub: Şərqə də getsəniz, qərbə də getsəniz, biz Əhli-Beytdən (ə) başqa yerdə səhih elm tapa bilməzsiniz. (Kafi, 1/399)

Ona görə də ilahi elmi ancaq Məsumlardan (ə) almaq lazımdır və ayağımızı onların ayağının izinə qoyaraq hərəkət etməliyik. Onların inandığına inanmalı, onların sözlərinə müxalif olan hər bir əqidədən uzaq durmalıyıq.

Çünki Peyğəmbər (s) özündən bir şey deməzdi, nə desə vəhydən idi.

O, özündən bir şey danışmır. O vəhydən başqa bir şey də demir. (Nəcm, 3-4)

Əhli-Beyt (ə) də öz elmlərini Rəsulullahdan (s) irs alıblar.

İmam Kazımın (ə) dövründə yaşayan fəqihlərdən olan Səmaə İmamdan (ə) soruşdu: "Hər şey Quran və sünnətdəndir ya özünüzdən də nəsə deyirsiniz?" İmam Kazim (ə) buyurdu: "Hamısı Allahın Kitabı və Peyğəmbərinin (s) sünnətindədir."

İmam Baqir (ə) buyurub: Hər nə deyirəmsə məndən soruşun ki, Quranın harasındandır və sizə o mövzu ilə bağlı ayəni deyim. (Ehticac, səh.176)

Bundan başqa, Əhli-Beyt (ə) muhəddəsdirlər (qeybdən söz almaq) və qeybi ilhamlardan da faydalanırlar. Məgər Allahın seçdiyi ilə adi insanlar bir ola bilərmi? Bütün bu üstünlük və fəzilətlərinə görə ağlımız bizə hökm edir ki, Allahın dinini Allahın seçdiyi şəxslərdən öyrənək və əqidəmizi səhih etiqad üzərində quraq.

İmam Əli (ə) buyurub: Bizik nübuvvət ağacı və risalətin nazil olma yeri, mələklərin get-gəl yeri, elm mədənləri və hikmət çeşmələri. (Nəhcül-Bəlağənin şərhi, ibn Əbil Hədid c.7, səh.218)

Əhli-Beytdən (ə) başqa yolla mərifət əldə etmək bu nemətə qarşı küfr etmək və özümüzə zülm etməkdir. Çünki digərləri özləri hidayət olunublarmı ki, bizi də hidayət etsinlər? Halbuki, onlar naqis bilikləri ilə zənnə və ehtimallara, Əhli-Beyt (ə) isə  ilahi möhkəm nəsslərə və qəti dəlillərə əsaslanır.

Allahı tanımağın ən doğru yolu Allahın Özünü bizə tanıtmasıdır, bizim məhdud ağlımızın Ona doğru yolu yoxdur. Allah da Özünü bizə vəhy və Əhli-Beytin (ə) müqəddəs kəlamları ilə tanıdır. Çünki Sübhan olan Allahı ancaq hər cəhətdən pak şəxslər tanıda bilərlər və məhz Əhli-Beyt (ə) ilahi elmin həqiqi əmanətdarları və doğru təbliğçiləridirlər. Dini bu yoldan başqa yolla öyrənməyə çalışanlar isə tarixin də göstərdiyi kimi doğru yoldan çıxmış, təhrif və azğınlıqlara səbəb olmuşlar. Allah bizləri bu dünyada da, axirətdə də Əhli-Beytdən (ə) ayırmasın və tezliklə həqiqi maarifi İmam Məhdinin (ə.f.) mübarək dilindən öyrənməyi nəsib etsin! Çünki məhz onda nə itirdiyimizi başa düşəcəyik.

Paylaş


Populyar

#i̇mamət
4-cü İmam Həzrəti Əli ibn Hüseyn