11-ci İmam Həzrəti Həsən ibn Əli Əskəri

#i̇mamət

İmam Hadidən (ə) sonrakı imam, onun övladı Əbu Muhəmməd Həsən ibn Əli (ə) olmuşdur. Üstün, bəyənilmiş xüsusiyyətlər, digər insani keyfiyyətlər və imamlığa lazım olan zəruri sifətlər Həsən ibn Əli Əskəridə (ə) hamıdan daha çox cəmlənmişdi - yəni elm, zöhd, kamil əql, ismət (paklıq), şücaət, səxavət, alicənablıq və Allaha yaxınlaşdıran bütün əməllər. Bundan əlavə, onun əzəmətli atası övladının imamlığı və xilafəti barədə açıq-aydın işarələr buyurmuşdur. İmam Əskəri (ə) hicrətin 232-ci ilinin Rəbiul-axir ayında, Mədinə şəhərində dünyaya gəlmişdir. Onun vəfatı isə hicrətin 260-cı ilinin Rəbiul-əvvəl ayının səkkizi, cümə günü olmuşdur. O Həzrət vəfat edəndə iyirmi səkkiz yaşı var idi. İmam Əskərini (ə) “Surra mən rəa” (Samirra) şəhərində, alicənab atasının yaşadığı və dəfn olunduğu evində torpağa tapşırdılar. İmam Əskərinin (ə) anası Ümmü Vələd idi və ona “Hədisə” deyərdilər. O Həzrətin imamlıq dövrü altı il davam etmişdir.

İmam Həsən Əskərinin (ə) imam olduğuna dair rəvayətlər

Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) Yəhya ibn Yəsar Ənbəridən nəqlən mənə belə rəvayət etdi: “İmam Hadi (ə) vəfatından dörd ay əvvəl oğlu Həsən Əskəriyə (ə) vəsiyyət etdi və məni xidmətçilərindən ibarət bir qrupla birlikdə bu vəsiyyətə şahid etdi”.

Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) Abdullah ibn Muhəmməd İsfahanidən İmam Hadinin (ə) belə buyurduğunu nəql edir: “Məndən sonra sahibiniz (imamınız) cənazə namazımı qılacaq kəsdir”. Biz o günə qədər İmam Həsən Əskərini (ə) tanımırdıq. (İmam Əskəri) o gün üzə çıxıb, vəfatından sonra İmam Hadiyə (ə) cənazə namazını qıldı”.

Əli ibn Əmr Əttar nəql edərək deyir: “İmam Hadinin (ə) yanına getdim. Mən oğlu Əbu Cəfərin imam olacağını sandım. İmam Hadidən (ə) soruşdum: “Sizə fəda olum! Oğullarınızdan hansını imam olaraq seçim?” İmam (ə) buyurdu: “Əmrim sizə çatana qədər hələlik heç birini seçməyin”. Daha sonra İmam Hadiyə (ə) belə bir məktub yazdım: “İmam kim olacaq?” Mənə belə yazdı: “Ən böyük oğlum imam olacaq. Əbu Muhəmməd (Həsən Əskəri) Cəfərdən daha böyükdür”.

Şahəveyh ibn Abdullah belə nəql edir: “İmam Hadi (ə) mənə belə bir yazı göndərdi: “Əbu Cəfərdən (İmam Təqidən) sonra kimin imam olacağını soruşmaq istəyirdin və bu xüsusda bir sıra sıxıntılar çəkirdin. Artıq kədərlənmə, çünki Allah-taala belə buyurub: “Allah insanları düz yola çıxardıqdan sonra onlara nədən çəkinməyi aydınlaşdırmadan onları yoldan çıxaran deyildir” (“Tövbə” surəsi, 115-ci ayə). Məndən sonra sənin imamın, oğlum Əbu Muhəmməddir. İnsanların ehtiyac duyduqları biliklər ondadır. Allah istədiyini önə çəkər, istədiyini sonraya saxlayar. “Biz hər hansı bir ayəni dəyişdirir və ya unutdururuqsa, ondan daha yaxşısını və ya ona bənzərini gətiririk” (“Bəqərə” surəsi, 106-cı ayə). Bu məktubda aydın ağıl sahiblərini razı salacaq açıq biliklər verdim”.

İmam Həsən Əskərinin (ə) fəzilətləri, imamət nişanələri və möcüzələrindən bəziləri

Əbu Haşim Cəfəri nəql edərək deyir: “İmam Əskəriyə (ə) yoxsulluq və fəqirlikdən şikayət etdim. O Həzrət əlindəki qamçıyla yerə (torpağa) bir xət çəkdi, oradan nazik və yastı bir qızıl çıxardı. Onun qiyməti beş yüz dirhəm olardı. İmam Əskəri (ə) qızılı əlinə alıb belə buyurdu: “Ey Əbu İbrahim! Bunu götür və bizi üzrlü say”

Muhəmməd ibn İsmail Ələvi nəql edərək deyir: “İmam Əskərini (ə) Əli ibn Əvtamişin1 yanına zindana saldılar. Həmin kişi Ali-Muhəmmədin (ə) ən qatı düşmənlərindən idi. O, Əbu Talibin nəslindən olanlarla xüsusi amansızlıqla rəftar edirdi. Ona əmr verdilər ki, İmam Əskəriyə (ə) əlindən gələn əziyyəti versin. Deyirlər ki, heç bir gün keçmədən həmin adam o Həzrətin qarşısında təslim olaraq diz çökdü. O, İmam Əskərinin (ə) hörmət və ehtiramı qarşısında başını belə, yuxarı qaldıra bilmədi. İmam (ə) onun yanından ayrılanda artıq o, ən yaxşı şiələrdən və o Həzrətə tabe olanlardan biri idi”.

Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) Əbu Haşimdən belə nəql edir: “Zindanda olduğum müddətdə zindanın darlığı və zəncirlərinin çox rahatsızlıq verməsindən dolayı İmam Əskəriyə (ə) şikayət etdim. İmam (ə) mənə yazdığı məktubda belə buyurdu: “Bu gün zöhr namazını öz evində qılacaqsan”. Həmin gün İmamın (ə) buyurduğu kimi sərbəst buraxıldım və zöhr namazını evimdə qıldım. Zindandan İmama (ə) yazdığım məktubda maddiyyat baxımından çətinlikdə olduğumu da yazmaq istəmiş, amma utanıb yaza bilməmişdim. Həmin gün evimə getdiyim vaxt o Həzrət mənə yüz dinar göndərmiş və məktuba da belə yazmışdı: “Nə vaxt ehtiyacın olsa, utanmadan bildir. İnşallah, ehtiyacını yerinə yetirərik”.

İmam Həsən Əskərinin (ə) vəfatı, məzarının yeri və övladları haqqında qısa məlumat

İmam Əskəri (ə) hicrətin 260-cı ilinin Rəbiul-əvvəl ayının ilk günlərində xəstələndi və həmin ayın səkkizində, cümə günü vəfat etdi. Vəfat etdiyi zaman İmamın (ə) iyirmi səkkiz yaşı var idi. O Həzrəti uca məqamlı atasının dəfn olunduğu evdə torpağa tapşırdılar. İmam Əskəri (ə) öz yerinə övladı İmam Mehdini (ə) təyin etdi. İmam Mehdinin (ə) dünyaya gəlişi məxfi şəkildə baş verdi və o, gizli şəkildə boya-başa çatdı, çünki çətin günlər idi və həmin dövrdəki xəlifə o mübarək uşaq barədə axtarış elan etmişdi. Xəlifə bütün səyləriylə ondan xəbər tutmağa çalışırdı. Üstəlik, İmamiyyə şiələri arasında İmam (ə) çox xatırlanır və hamı onun yolunu gözləyirdi. Bu səbəbdən də, İmam Əskəri (ə) yaşadığı müddət ərzində öz məsud övladını aşkara çıxarmadı. Camaatın əksəriyyəti İmam Əskərinin (ə) vəfatından sonra da onu tanımadı. Buna görə də, İmam Əskərinin (ə) qardaşı Cəfər ibn Əli bu irsə sahib çıxmaq istədi. Cəfər ibn Əli İmam Əskərinin (ə) kənizləri və xanımlarını həbs et(dir)məyə çalışırdı. Cəfər İmam Əskərinin (ə) vəd olunmuş övladını gözləyən, onun intizarını çəkənləri təhqir və onlarla düşmənçilik edirdi. O, hədə-qorxu gələrək onları dağınıq hala saldı və onun inadkarlığı səbəbindən İmam Əskərinin (ə) geridə buraxdıqları üçün çətinlik yarandı. Onları zəncirləyib zindana saldılar və ya təhdid edib əziyyət verdilər. Bununla belə, xəlifə vəd edilmiş məsud uşaq barədə bir yerə çata bilmədi. Cəfər isə çox çalışdı ki, şiələrə özünü İmam Əskərinin (ə) canişini olaraq təqdim etsin, amma heç kəs onun canişinliyini qəbul etmədi. Həmçinin, belə etiqad da yaranmadı və o, çarəsiz qalıb həmin zamanın xəlifəsinin yanına getdi. Xəlifədən qardaşının məqamının ona verilməsini istədi və bunun müqabilində rüşvət təklif etdi. O, hər vasitəyə əl atdı ki, xəlifənin diqqətini cəlb edə bilsin, amma heç bir vəchlə bu işə nail ola bilmədi. Bu haqda geniş məlumatlar mövcuddur, lakin kitabın həcmini nəzərə alaraq onları burada qeyd etmirik. Həmin məlumatlar şiələr arasında məşhurdur. Allaha sığınırıq!

Mənbə: Şeyx Müfid, Əl-İrşad, 11-ci İmam Həzrəti Həsən ibn Əli Əskərinin (ə) həyatı bölümü

Paylaş


Populyar

#i̇mamət
Xanım Fatiməyi Zəhra (s.ə.)
#i̇mamət