8-ci İmam Əli ibn Musa Rza

#i̇mamət

Musa ibn Cəfərdən (ə) sonra, övladı Əbülhəsən Əli ibn Musa Rza (ə) imamlıq məqamına layiq olmuşdur. O Həzrət digər qardaşlarına nisbətdə daha üstün elmə, səbrə və təqvaya malik idi. Onun ictihadı (ibadətdə çalışqanlığı) isə hamıdan üstün idi. Şiə və əhli-sünnə arasında belə, ali sifətlərin o Həzrətə məxsus olmasında ixtilaf yoxdur. Hamı o Həzrəti bu sifətlərlə tanıyırdı. Onun ilahi rəhbər və imam olmasına başqa bir möhkəm dəlil, atası İmam Kazimin (ə) buyurduğu hədislərdə özündən sonra imamın kim olmasına dair işarələrdir. İmam Kazim (ə) oğlu Əlidən (ə) başqa digər oğulları barədə imamlıq işarəsi verməmişdir. İmam Əli ibn Musa Rza (ə) hicrətin 148- ci ilində Mədinə şəhərində dünyaya gəlmiş və hicrətin 203-cü ilində Xorasan vilayətinin Tus şəhərində şəhid olmuşdur. Həmin vaxt İmamın (ə) əlli beş yaşı var idi. Anası Ümmü Vələd idi və ona “Ümmül-Bənin” deyərdilər. İmam Rzanın (ə) atasından sonra imamlıq müddəti iyirmi il olmuşdur.

İmam Rzanın (ə) imam olduğuna dair dəlillər

İbn Qavləveyh (öz sənədi ilə) Davud Riqqidən belə nəql edir: “İmam Kazimdən (ə) soruşdum: “Sizə fəda olum! Artıq yaşlanmışam. Əlimdən tutub, məni oddan xilas edin! Sizdən sonra imam kimdir?” İmam Kazim (ə) oğlu Əbülhəsən Rzaya (ə) işarə edib belə buyurdu: “Məndən sonrakı sahibiniz (imamınız) budur”

Əbülqasim Cəfər ibn Muhəmməd (başqa bir sənədlə) Hüseyn ibn Nüeymin belə dediyini nəql edir: “Mən, Hişam ibn Həkəm və Əli ibn Yəqtin Bağdadda idik. Əli ibn Yəqtin dedi: “Saleh bəndənin (İmam Kazimin) yanında oturmuşdum. Oğlu Əli onun yanına gəldiyi zaman mənə belə buyurdu: “Ey Əli ibn Yəqtin! Bu Əli mənim oğullarımın ağasıdır. Bil ki, künyəmi ona vermişəm”. Hişam ibn Həkəm əlinin içini alnına vurub dedi: “Vay sənə, nə danışırsan?!” Əli ibn Yəqtin dedi: “Allaha and olsun ki, ondan eşitmişəm. Elə dediyim kimi söyləmişdir”. Hişam dedi: “Allaha and olsun ki, ondan (İmam Kazimdən) sonrakı əmr (imamlıq məsələsi) ondadır (yəni oğlu Əli ibn Musa Rzadadır)”

Əbülqasim Cəfər ibn Muhəmməd eyni sənədlə Davud ibn Süleymandan belə nəql edir: “İmam Kazimə (ə) dedim: “Bir hadisə baş verəcəyindən və sizinlə qarşılaşa bilməyəcəyimdən qorxuram. Mənə, sizdən sonrakı imamın kim olduğunu xəbər verin”. İmam (ə) buyurdu: “Oğlum filankəs, yəni Əbülhəsən (Əli ibn Musa Rza)”.

İmam Rzanın (ə) imamət əlamətləri və göstərdiyi bəzi möcüzələr

İbn Qavləveyh (öz sənədi ilə) Hişam ibn Əhmərdən belə nəql edir: “Bir gün İmam Kazimlə (ə) əyləşərkən mənə belə buyurdu: “Məğrib əhlindən bura gələn şəxsi tanıyırsan?” Mən dedim: “Xeyr”. İmam (ə) buyurdu: “Məğrib əhlindən biri gəlib. Gəl birlikdə onun yanına gedək”. Miniyə minərək birlikdə onun yanına getdik. O, Məğrib əhlindən idi. Yanında çoxlu sayda kölə var idi. İmam (ə) ona buyurdu: “Kölələrini bizə göstər”. O, doqquz cariyəni (qadın köləni) İmama göstərdi. İmam (ə) onların hər birini gördükcə: “Buna ehtiyacım yoxdur” - deyirdi. Daha sonra: “Digərlərini göstər” - buyurunca həmin şəxs: “Bunlardan başqası yoxdur” - deyə cavab verdi. İmam (ə) buyurdu: “Var! Göstər”. Həmin şəxs and içərək: “Yalnız xəstə bir nökər var” - dedi. İmam (ə) soruşdu: “Onu göstərməyinin nə qorxusu var?” Amma o, göstərməkdən çəkindi. Daha sonra İmam (ə) geri qayıtdı və sabahki gün məni həmin adamın arxasınca göndərərək belə buyurdu: “Ondan belə soruş: “O cariyə üçün istədiyin son qiymət nə qədərdir?” “Filan qədərdir” - desə, ona belə de: “Qəbul edir, onu alıram”. Hişam deyir: “Həmin adamın yanına getdim. O, “Filan miqdardan aşağı olmaz” - deyincə, “Qəbul etdim. Al, bu da pulun” - dedim. Həmin adam soruşdu: “Bu cariyə artıq sənin malındır, amma de görüm, dünən səninlə gələn o şəxs kim idi?” Mən dedim: “Bəni Haşimdəndir”. O, soruşdu: “Bəni Haşimin hansı qolundandır?” Mən dedim: “Onların böyüklərindəndir”. O, dedi: “Bir az daha şərh et (aydınlat)”. Mən dedim: “Bundan daha çoxunu bilmirəm”. O, dedi: “Elə isə, mən bu xidmətçi haqqında sənə məlumat verim. Bu nökəri Məğribin ən uzaq şəhərlərinin birindən aldım və əhli-kitabdan olan bir qadın məni görüb soruşdu: “Bu nökərin sənin yanında nə işi var?” Mən dedim: “Özüm üçün satın aldım”. Qadın dedi: “Bu nökərin sənin kimi bir nəfərin yanında qalması doğru deyildir. O, yer üzündəki ən xeyirli adamın yanında yaşamalıdır. Qısa bir müddət sonra onun evində elə bir uşaq dünyaya gətirəcək ki, şərq və qərb aləmi onun qarşısında boyun əymək məcburiyyətində qalacaq”. Hişam deyir: “Onu satın aldıqdan sonra İmam Kazimin (ə) yanına gətirdim və qısa müddət sonra Əli ibn Musa Rzanı (ə) dünyaya gətirdi.

Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) İbrahim ibn Musadan belə nəql edir: “İmam Rzadan (ə) istədiyim və onun da mənə vəd etdiyi məsələ barədə israr etdim. Bir gün İmam (ə) Mədinə valisini qarşılamaq üçün çıxmışdı, mən də onunla idim. İmam (ə) filan şəxsin malikanəsinin yaxınlığına gəldi və ağacların altında bir yerdə dayandı. Mən də onunla birlikdə dayandım. Yalnız ikimiz idik və yanımızda başqa heç kəs yox idi. Mən dedim: “Sənə fəda olum! Bayram başımızın üstünü alıb, amma Allaha and olsun ki, bir dirhəmim də yoxdur”. O, qamçısını yerə möhkəm sürtdü, sonra əliylə yerə vurub bir külçə qızıl çıxartdı və belə buyurdu: “Bundan istifadə et, amma gördüklərini gizlət (heç kəsə söyləmə)”

İmam Rzanın (ə) vəfatı və bunun səbəbi

İmam Rza (ə) xəlvətdə Məmuna çoxlu moizə, nəsihət edir və Allahdan qorxmağı tövsiyə edirdi. İmam (ə) ona Allahın əmrinin əksinə hərəkət etməsinin doğru olmadığını bildirirdi. Məmun İmamın (ə) nəsihətləriylə zahirən razılaşsa da, ürəyində razılaşmırdı. Bir gün İmam Rza (ə) Məmunun dəstəmaz aldığını gördü. Dəstəmaz suyunu Məmunun qulamı tökürdü. İmam Rza (ə) buyurdu: “Ey Möminlərin əmiri! Allaha pərəstiş etməkdə, Ona heç kəsi şərik etmə!” Bundan sonra Məmun dəstəmazı özü almağa başladı, amma bu sözlər onun İmama (ə) qarşı olan ədavətini daha da artırdı. Başqa tərəfdən Məmun o Həzrətin yanında Fəzl ibn Səhl və qardaşı Həsəndən söz danışdıqda, İmam Rza (ə) hər ikisinin nöqsanlı işlərini Məmuna bildirir, onların sözlərinə qulaq asmaqdan çəkindirirdi. Fəzl ibn Səhl və qardaşı Həsən İmam Rzanın (ə) Məmuna məsləhət verməsini anlayıb, o Həzrəti təhqir etməyə başladılar. Onlar İmamın (ə) sözləri və işlərindən nöqsan tutmağa çalışırdılar ki, o Həzrəti Məmunun diqqətindən kənarda saxlasınlar. Onlar dəfələrlə insanların İmama (ə) nisbət məhəbbətini təhlükə kimi göstərməyə çalışdılar. Mütəmadi olaraq İmam (ə) barədə deyilən pis sözlərin nəticəsində Məmun onu (İmamı) öldürmək fikrinə düşdü. Bir gün İmam Rza (ə) Məmunla birlikdə eyni təamdan yeyirdi. O Həzrət həmin yeməkdən sonra xəstəliyə düçar oldu və Məmunun özü də xəstələndi. Muhəmməd ibn Əli ibn Həmzə, Mənsur ibn Bəşir və qardaşı Abdullah ibn Bəşirdən nəql edib deyir: “Məmun mənə göstəriş verdi ki, dırnaqlarımı uzadım və onların uzanmasını heç kəsə aşkar etməyim. Elə də etdim. Sonra məni çağırıb hind xurmasına bənzər bir şey verdi və mənə dedi: “Bunu bütünlükdə əllərinə sürt!” Mən də elə etdim. Sonra yanımdan qalxıb İmam Rzanın (ə) yanına getdi və soruşdu: “Əhvalınız necədir?” İmam (ə) buyurdu: “Ümidvaram ki, sağalıram”. Məmun dedi: “Allaha şükürlər olsun ki, mən də bu gün yaxşıyam. Bu gün sizə xidmət etmək üçün xidmətçilərdən hüzurunuza gələn olubmu?” İmam (ə) buyurdu: “Xeyr!” Məmun qəzəblənib qulamları danladı və (İmama) belə dedi: “Buyurun, nar şirəsindən için ki, (bu) xəstəliyin yeganə əlacı budur!” Abdullah ibn Bəşirin qardaşı deyir: “Məmun mənə dedi: “Bizim üçün nar gətir!” Mən də bir neçə ədəd nar gətirdim. Məmun dedi: “Öz əllərinlə bu narları sıx!” Mən də sıxdım və Məmun nar şirəsini o Həzrətə içirtdi. Bu, İmamın (ə) ölüm səbəbi oldu. İmam Rza (ə) zəhərli nar şirəsini içdikdən sonra iki gündən artıq yaşamadı və vəfat etdi. Onun pak ruhuna Allahın salamı olsun!” Əbu Səltin belə dediyi nəql olunur: “Həmin gün Məmun İmam Rzaya (ə) zəhər verdikdən sonra çölə çıxdı və mən dərhal otağa daxil oldum. İmam (ə) mənə buyurdu: “Ey Əbu Səlt! Bunlar edəcəklərini etdilər...” İmam Rza (ə) öz mübarək diliylə şəhadət kəlməsini deyib, Allaha həmd-səna edirdi”. Muhəmməd ibn Cuhhəm rəvayət edərək deyir: “İmam Rza (ə) üzümü çox sevirdi. Bu səbəbdən də, bir neçə üzüm hazır edib, dənələrinin əvəzinə bir müddət zəhərli iynələr vurdular. Sonra iynələri çəkib, üzümü İmama (ə) verdilər ki, (zəhərli üzümü) yesin. Bu isə İmamın (ə) şəhid olmasıyla nəticələndi. Deyirlər: “Bu növ zəhər vermə dəqiq və mahiranə olmuşdur”.

İmam Rza (ə) şəhid olduqdan sonra Məmun İmamın (ə) ölümünü bir gün ərzində gizlədə bildi. Sonra nümayəndə göndərib Xorasanda yaşayan Muhəmməd ibn Cəfəri (İmamın əmisi), Əbu Talib qəbiləsindən olanları bir araya topladı və onlara İmamın (ə) ölüm xəbərini verdi. O, bunu edəndə özünü ağlamağa və taqətsizliyə vurdu. O Həzrətin cənazəsinin sağlam, xəsarətsiz olduğunu onlara göstərdi və İmama (ə) xitabən belə dedi: “Ey qardaş! Səni belə halda görmək mənə çətindir! Arzum var idi ki, sənin hüzurunda ölüm! (mənim canişinim olasan) Amma Allah istəmədi”. Sonra göstəriş verdi ki, o Həzrətə qüsl verib, hənut vurub kəfənləsinlər. Məmun özü cənazəni götürüb hal-hazırda İmamın (ə) dəfn edildiyi yerə gətirdi və torpağa tapşırdı. Həmid ibn Qəhtəbənin evi və Harunun dəfn edildiyi yerə yaxın yerləşirdi. İmamın (ə) məzarı isə Harunun önündə, qəbrin qiblə tərəfində yerləşdirildi. İmam Rzanın (ə) vəfatından sonra, onun Muhəmməd ibn Əli (ə) adlı oğlundan savayı başqa bir övladının olub-olmaması haqqında məlumatımız yoxdur. İmam Rza (ə) vəfat etdikdə, oğlu Əbu Cəfər Muhəmməd ibn Əlinin (İmam Təqinin) yeddi yaşı var idi.

Mənbə: Şeyx Müfid, Əl-İrşad, 8-ci İmam Həzrəti Əli ibn Musa Rzanın (ə) həyatı bölümü

Paylaş


Populyar

#i̇mamət
6-cı İmam Həzrəti Cəfəri Sadiq ibn Muhəmməd