Qədir Xum xütbəsi (4)-Səqifə macərası və Əhli Beytin (ə) məhəbbəti

#i̇mamət

Səqifə macərası

Həzrəti Peyğəmbərin (s) sözlərinin altıncı hissəsi İlahi qəzəb cəhətini ortaya qoydu. Həzrət Qurandan əzab və lənət ayələrini tilavət etməklə buyurdu:

“Bu ayələrdən məqsəd mənim əshabımdan bir dəstəsidir ki, mənə onlara göz yummaq əmr edilmişdir, amma bilsinlər ki, Allah bizi inadkarlara (düşmənlərə, kindarlara), xainlərə və müqəssirlərə (qüsurlulara) höccət qərar vermişdir və dünyada onlara göz yummağımız axirət əzabına mane deyildir”.

Bu mərhələdə özünün və Əhli-Beytinin nurani yaradılışına işarə edib, buyurdu:

“Ey camaat! İzzət və cəlal sahibi Allah tərəfindən olan nur məndə qoyulmuş, sonra Əli İbn Əbu Talibdə və sonra Qaim Məhdiyə qədər Onun nəslində qoyulmuşdur; O (Məhdi) Allahın haqqını və bizim üçün olan hər bir haqqı alacaqdır (geri qaytaracaqdır)”. 

Daha sonra insanları cəhənnəmə sürükləyən azğın imamlara işarə edib buyurdu:

“Ey camaat! Məndən sonra elə imamlar olacaq ki, oda dəvət edirlər, onlar qiyamət günündə yardım olunmayacaqlar. Ey camaat! Allah və mən onlardan bezarıq. Ey camaat! Onlar, köməkçiləri, tabeçiləri və ardıcılları cəhənnəmin ən aşağı dərəcəsindədirlər, təkəbbürlülərin yeri necə də pisdir!”

Sonra üstüörtülü şəkildə səqifə hadisəsinə işarə etdi ki, onun toxumu münafiqlər tərəfindən vida həccində, Məkkədə lənətə gəlmiş səhifənin imzalanması ilə səpilmişdi, belə buyurdu:

“Bilin ki, onlar səhifə əshabıdır. Bəs sizlərdən hər biriniz öz səhifəsinə nəzər salsın!!!”

Peyğəmbər (s) “Səhifə əshabı” sözünü işlədərkən camaatın əksəriyyəti Peyğəmbərin bu kəlamla nəyi qəsd etdiyini başa düşmədilər və onlar üçün qaranlıq qaldı, yalnız səqifə icraatçıları və O Həzrət tərəfindən macəradan məlumatlı olanlar Həzrətin məqsədini anladılar. Peyğəmbərlərin böyüyünün böyük mesajı çatdırmağı hissi etməsi, onun ağırlığını Həzrətin çiyinlərindən götürmüşdü. Buna görə də qəlbinin razılığından xəbər verən kəlmələr O Həzrətin dilində cari oldu və belə buyurdu:

“Mən çatdırılması ilə vəzifələndiyim şeyi çatdırdım, ta ki, hazırdakılara, burada olmayanlara və hazırda olan və olmayan hər bir kəsə, dünyaya gəlmiş olan və olmayanlara höccət olsun. Belə ki, qiyamət gününə qədər burada olanlar burada olmayanlara, atalar övladlarına bunu çatdırsınlar”.

Bu sözə çatdıqda Səqifə haqqında daha aydın bir şəkildə buyurdu:

“Tezliklə İmaməti məndən sonra padşahlıq ünvanında, zülm və zorbalıqla ələ keçirəcəklər. Allah qəsbkarlara və həddi aşanlara lənət etsin!”

Sonra ilahi imtahan və qəsbkarların aqibəti məsələsini belə ərz etdi:

“Ey camaat! Allah əzzə və cəllə sizi xəbisi pakdan ayırd etməyənədək öz halınıza buraxmayacaq və Allah sizi qeybdən xəbərdar etməz. Ey camaat! Elə bir abad yer yoxdur ki, Allah oranın əhalisini ilahi nişanələri yalanladıqlarının nəticəsində qiyamət günündən öncə həlak etməsin və oranı Məhdinin höküməti altına salmasın və Allah öz vədəsini gerçəkləşdirər”.

Əhli-Beytin vilayət və məhəbbəti

Yeddinci hissədə, Həzrət sözünün əsas məqamını Əhli-Beytin vilayət və məhəbbətinin təsirləri qərar verdi və hər gün bütün müsəlmanların oxuduğu Həmd surəsini qiraət edib, buyurdu: “Bu surə mənim haqqımda nazil olmuşdur və (həmçinin) and olsun Allaha ki, Onlar “İmamlar” barəsində nazil olmuşdur. Ümumən Onlara şamildir, xüsusən Onlar haqqındadır”. Habelə bəyan etdi ki, Həmd surəsindəki sirati-mustəqim (doğru yol) əshabı Əhli-Beytin (ə) şiələridirlər.

Sonra Qurandan cənnət əhli haqqında ayələri tilavət edib, onları şiələr və Ali-Muhəmmədin (ə) ardıcılları olaraq təfsir etdi. Cəhənnəm əhli barəsində də ayələr tilavət edib, onlara da Ali-Muhəmmədin (ə) düşmənləri olaraq məna verdi. O cümlədən buyurdu: “Bilin ki, Onların dostları salamat və əmniyyətli bir şəkildə cənnətə daxil olacaq kəslərdir, mələklər salamla onların görüşünə gələr və belə deyərlər:“Sizə salam olsun! Paklandınız (və ya Xoş sizin halınıza!) Əbədi qalmaq üçün buraya (cənnətə) daxil olun!”.

İmamət nəsli, bu hissədə Həzrətin digər bir kəlamla vurğuladığı digər bir məsələ idi ki, buyurdu:

“Ey camaat! Bilin ki, mən peyğəmbərəm və Əli məndən sonrakı imam və vəsidir və Ondan sonrakı imamlar Onun övladlarıdır. Bilin ki, mən Onların atalarıyam və Onlar Onun sülbündə vücuda gələrlər”.

Paylaş


Populyar

#i̇mamət
8-ci İmam Əli ibn Musa Rza