Həzrəti Muhəmməd peyğəmbər (s)

#i̇mamət

Həzrəti Muhəmməd peyğəmbər (s) fil ilində (570-ci milad ilə) Rəbiul-əvvəl ayının 17-də Cümə günü Məkkə şəhərində dünyaya gəlmişdir. Hicrətin 11-ci ili Səfər ayının 28-də ( “Hidayətul-Kubra”ya görə Rəbiul-əvvəl ayının 2-si) isə 63 yaşında vəfat etmışdir.

Adları: Qurandakı adları: Muhəmməd, Əhməd, Yasin, Ta-Ha, Nun, Ha, Mim, Ayn, Sin, Qaf;

Quranda yeddi dəfə zikr edilən Ha, Mim, Nəbi, Rəsul, Müzzəmmil, Müddəssir və (Quranda) üç dəfə qeyd edilən Ta, Sin, Mim. (Eyni zamanda) surələrin əvvəlində yer alan hər Əlif, Lam, Mim, Ra, Sad hərfi və Kaf, Hə, Ya, Ayn, Sad da onun adlarındandır.

İbrahimin (ə) səhifələrində Adəmə (ə) qədər suryani (qədim assur) dilindəki adlarının - ərəb dilində olan qarşılıqları - Nəbi, Mahmud, Aqib, Naci, Haşir, Bais və Əmindir.

Tövratdakı adları: Vəfi və Mədul-Mədd.

İncildəki adı: Faraqlit.

Zəburdakı adları: Muhəymin və Tab Tab.

Künyəsi: Əbülqasim.

Ləqəbləri: Səfiyullah, Həbibullah, Xatəmun-nəbiyyin, Seyyidul-mursəlin, Ummi, Muntəcəb, Muxtar, Müctəba, Şahid, Nəzir, Dai iləllah, SiraculMunir, Rəhməh, Mubəlliğ və Mustafa.

Atası: Abdullah ibn Əbdülmütəllib ibn Haşim ibn Əbdül Mənaf.

Anası: Aminə bint Vəhəb ibn Əbdi Mənaf ibn Qusey ibn Kilab ibn Mürrədir.

Məzarı: Mədinə. Mədinənin adı “Yəsrib” və “Teybə”dir.

Övladları: Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql etmişdir: “Allah Rəsulunun (s) Xədicə bint Xuveyliddən (ə) olan uşaqları Qasim (Peyğəmbər (s) onun adı ilə künyələnmişdir), Abdullah, Tahir, Zeynəb, Rüqəyyə, Ümmü-Külsüm (adı “Aminə” idi) və bütün qadınların ən üstünü olan Fatiməyi Zəhradır (s.ə.). Mariya Qibtiyyədən “İbrahim” adlı bir oğlu olmuşdur.

Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql etmişdir: “Peyğəmbər (s) kiçik yaşda olarkən Əbu Talib bəzən onu Məkkədə özündən sonra (ailəsi və malı üzərində) xələf olaraq təyin edər, özü isə (ticarət məqsədi ilə) Şam diyarına səfər edərdi. Peyğəmbər (s) böyüdükdən sonra Əbu Talib onu özü ilə Şama apardı. Əbu Talib onu yüklərinin yanında qoyaraq işlərini həll etmək üçün getdi. Peyğəmbər (s) xristianların kilsəsinə yaxın bir ağacın yanında idi. O, ağacın altına gələrək yatdı. İnsanlardan heç kim həmin ağaca yaxınlaşa bilmirdi, çünki (ağacın) ətrafında yırtıcı heyvanlar, ilanlar və əqrəblər var idi. Rahib Bəhira Peyğəmbərə (s) və qövmə baxdı, bundan təəccüblənərək dedi: “Bu qərib oğlan burada yatır. Yırtıcıların ona hücum etməsindən qorxuram”. Bəhira Peyğəmbərin (s) yanına getdi. Peyğəmbər (s) yuxusundan oyandı. Bəhira onu yanına çağırdı. Peyğəmbər (s) də Bəhiranın yanına getdi. Peyğəmbərin (s) üzərində Rahib Bəhiranı qorxudacaq pis bir iz yox idi.

Bəhira soruşdu: “Ey uşaq, sən kimsən? Bu ağacın altına necə gəlmisən?” Peyğəmbər (s) buyurdu: “Əmim məni burada buraxıb işlərini həll etmək üçün Şama getdi. Mən Allahın qoruması altındayam”. Bəhira soruşdu: “Sən kimsən? Adın nədir?” Peyğəmbər (s) buyurdu: “Mən Muhəmməd ibn Abdullah ibn Əbdülmüttəlib ibn Əbdu Mənaf ibn Haşiməm”. Bəhira soruşdu: “Sənin bundan başqa adın varmı?” Peyğəmbər (s) buyurdu: “Bəli, Əhməd”. Bəhira soruşdu: “Sənin bundan da başqa adın varmı?”

Peyğəmbər (s) buyurdu: “Əmin”. Bəhira dedi: “Mənim üçün çiynini aç”. Peyğəmbər (s) onun üçün çiynini açdı. Bəhira onun iki çiyninin arasındakı peyğəmbərlik möhürünə baxdı. Bəhira möhürü gördüyü zaman onu öpdü. Əbu Talib malını satıb gəldi.

Bəhira dedi: “Bu, sənin (uşağın) deyil və sən də onun (atası) deyilsən. Mən bu uşaqda təəccüblü şey gördüm. Bu ağacın altında yatan heç bir insan ölümdən qurtula bilməmişdir. Amma bu uşaq ağacın altında yatarkən bütün ilanlar və əqrəblər onun keşiyini çəkdi”.

Əbu Talib dedi: “Bu, mənim qardaşımın oğludur”.

Bəhira soruşdu: “Onun atasına nə oldu?” Əbu Talib dedi: “Öldü”.

Bəhira soruşdu: “Anasına nə oldu?” Əbu Talib dedi: “Öldü”.

Bəhira soruşdu: “Onun adı nədir?” Əbu Talib dedi: “Muhəmməd”.

Bəhira soruşdu: “Onun başqa bir adı varmı?” Əbu Talib dedi: “Bəli, Əhməd”.

Bəhira soruşdu: “Onun başqa adı varmı?” Əbu Talib dedi: “Əmin”.

Bəhira dedi: “Sənin bu qardaşın oğlu bir peyğəmbər və rəsuldur. Çox keçməz ki, Allah ona vəhy edər. O, əsası (müdrikliyi) ilə ərəbləri yönləndirəcək, haqsızlıq və zülmlə dolmuş dünyanı haqq və ədalətlə dolduracaq. Xüsusilə onu Qüreyşdən və yəhudilərdən qoru! Çünki insanlar arasında məhz onlar buna düşmənçilik edəcəklər”.

Əbu Talib Bəhiraya dedi: “Ey adam, oğlum barədə böyük iddia etdin. Sən onun bir peyğəmbər olduğunu, haqsızlıq və zülmlə dolmuş dünyanın şərqini də, qərbini də çox keçmədən haqq və ədalətlə dolduracağını və ərəbləri əsası (müdrikliyi) ilə yönləndirəcəyini iddia edirsən?”

Bəhira dedi: “Allaha and olsun ki, mən sənə onun barədə xəbər verdim. İncilin filan və filan bölümlərində bizdə yazılmış olan budur. Ağamız İsa ibn Məryəmin (ə) bizə müjdə verdiyi şəxs budur! Onun barəsində həqiqətdən başqa bir şey söyləmədim. Bu uşaqdan çox muğayat ol ki, Qüreyş və yəhudilər onu öldürməsinlər. Sənə söylədiklərimi gizli saxla! Mən şəhadət verirəm ki, o, Allahın rəsulu Muhəmməddir. O, Haşimi, qüreyşli və məkkəli cavandır. İnkar edənlər inkar etsələr də, onun və ata-babalarının adları bizim əlimizdə (əlimizdəki kitablarda) əvvəlcədən yazılıb. Bil ki, Tihamə bölgəsində mənim din qardaşımı görəcəksən. O da mənim oxuduğum kitabları oxuyub və sənə mənim bu uşaq barədə söylədiklərimin eynisini söyləyəcək”. Bəhiranın dostu Vərqa ibn Nofəl idi. Onların hər ikisi İncili (ilk nazil olduğu kimi) qoruyan, Muhəmmədin (s) xəbərlərini bilən və zəmanələrinin ən savadlı alimlərindən idilər. Əbu Talib Rahib Bəhiradan eşitdiklərinə çox sevindi. Tihamə bölgəsinə daxil olanda Rahib Vərqa ibn Nofəl onu qarşıladı. Vərqa İncil və Zəburun elmini əmanət alan və onları qoruyanlardan idi. Vərqa ibn Nofəl də Bəhiranın söylədiklərini dedi. Vərqa Əbu Talibə dedi: “Ey (məkkəli) Şeyx, bu uşaq barədə dediklərimi gizli saxla!”

(İmam Sadiq) deyir: “Peyğəmbərin (s) xəbəri və Vərqanın söylədikləri Tihamə bölgəsində yayıldı. Qüreyş qəbiləsi Vərqa ibn Nofəlin yanına gələrək dedilər: “Bu uşaq barədə sənin söylədiklərin nədir belə?! Allaha and olsun ki, onunla bağlı söylədiklərini bir daha dilinə gətirsən, səni ən ağır şəkildə öldürərik. Bunu bil!” Vərqa canı üçün qorxdu və Tihamə bölgəsini tərk etdi. Buna baxmayaraq o, Allah Rəsulu (s) ilə bağlı əvvəl dediklərini (yenidən dayanmadan) dedi. O, insanları özü üçün şahid tutub şəhadət verdi ki, Allahdan başqa ilah yoxdur, O, təkdir və şəriki yoxdur. Muhəmməd Onun qulu və elçisidir. O (Muhəmməd), peyğəmbər və rəsuldur. Vərqa Qüreyşdən qorxub qaçdı, çünki o, onlara (Qüreyş qəbiləsinə) müxalif olmuşdu. Vərqa və Bəhiranın söylədiklərinin üzərindən çox keçmədi ki, Allah onun (Muhəmmədin (s) peyğəmbərlik) dəvətini aşkar etdi. Onlar (Qüreyş qəbiləsi) Vərqa ibn Nofəli (cəzalandırmaq üçün) axtardılar, amma bunu bacarmadılar. Əbu Talib onu Qüreyşdən qorudu.

Peyğəmbər (s) himayə etmək üçün Əli ibn Əbu Talibi (ə) atasından istədi. Əbu Talib Əlini (ə) Peyğəmbərə (s) verdi. Peyğəmbər (s) Əlini (ə) İslama və Allah dininə dəvət etdi. Əli (ə) qəbul etdi və həmin vaxt onun yeddi yaşı var idi. Beləcə, ilk İslamı qəbul edən Əli ibn Əbu Talib (ə) oldu. İki il (vəziyyət) belə davam etdi. Əbu Talib Əliyə (ə) dedi: “Əmin oğluna itaət et və sözünü dinlə! Çünki o, sənə yaxşılığını əsirgəməz”. Onlar ikisi bir yerdə namaz qılar və Allah dinini aşkar edənə qədər içində olduqları vəziyyəti gizlədərdilər”.

Həzrəti Muhəmməd peyğəmbərin (s) möcüzələrindən

Hüseyn ibn Həmdan İmam Sadiqdən (ə) nəql edərək deyir: “Günlərin birində Allah Rəsulu (s) insanlar arasında əyləşmişdi. Allah Rəsulu (s) onlara buyurdu: “Sabah mənim yanıma Hadramutdan doqquz nəfər gələcək və onların altısı İslamı qəbul edəcək. Amma üçü qəbul etməyəcək”. Onun sözündən (sözünün doğruluğu ilə bağlı) insanların qəlbinə şəkk-şübhə düşdü. Ertəsi gün səhər Peyğəmbər (s) məclisində oturmuşdu. Az keçmədi ki, Hadramutdan doqquz nəfər gəldi. Onlar Peyğəmbərə (s) yaxınlaşaraq dedilər: “Ey Muhəmməd, İslamı bizə anlat”. Allah Rəsulu (s) İslamı onlara anlatdı. Onların altısı İslamı qəbul etdi. Amma onların üçü İslamı qəbul etmədi. İnsanların qəlbinə bu hadisədən xəstəlik düşdü və onlar dağılışdılar. Allah Rəsulu (s) buyurdu: “Onlardan biri - bu birincisi öləcək. İkincisi, dəvə almaq üçün evindən çıxacaq, amma bir dəstə onu soyub öldürəcəklər. Üçüncüsü isə, xəstələnərək öləcək”. Bu sözlər məclisdəkilərin qəlbində əvvəlkindən daha çox şəkk-şübhə yaratdı. Növbəti il müsəlman olmuş altı nəfər Peyğəmbərin (s) hüzuruna gəldilər. Peyğəmbər (s) onlardan soruşdu: “Sizinlə gəlib, amma İslamı qəbul etməyən üç dostunuza nə oldu?” Onlar həmin üç nəfərin öldüklərini xəbər verdilər və insanlar bunu eşidirdi. Peyğəmbər (s) üzünü səhabələrinə tutaraq soruşdu: “Keçən il həmin şəxslər barədə mən sizə nə dedim?” Səhabələri dedilər: “Ey Allahın Rəsulu, sənin dediklərini eşitdik. Onların hamısı sənin xəbər verdiyin kimi ölmüşlər. Sənin sözün Allah dərgahında haqdır. Sən həm dirilər, həm də ölülər barədə əminsən (sözünə etimad edilənsən)”.

(mənbə; Hidayətul-Kübra, Şeyx Hüseyn Həmdan Xəsibi)

Paylaş


Populyar

#i̇mamət
Qədir Xum xütbəsi (5)-Həzrəti Məhdi haqqında və 12 İmamla beyət