Qədir Xum anbaan (3)-Qədir Xum xütbəsi

#i̇mamət

Həzrəti Peyğəmbərin (s) nitqi

Həzrəti Peyğəmbərin (s) Qədirdə təqribən bir saat çəkən tarixi xütbəsi on bir hissəyə bölmək olar: (Onun 5 hissəsini burada qeyd edirik)

Mən Allahın bəndəsiyəm və ona təsliməm

Həzrət (s), xütbənin birinci hissəsində Allah təalanı həmd və səna etdi, Onun qüdrət və rəhmət sifətlərini zikr etdi, ondan sonra özünün ilahi zatın müqabilindəki bəndəçiliyinə şəhadət verib, buyurdu: “Ona, mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirirəm. Onun əmrinə qulaq asır və itaət edirəm, onu razı salan şeylərə təşəbbüs edirəm və onun müqəddəratı müqabilində təslim oluram”.

Ey Rəsul təbliğ et!

İkinci hissədə sözü əsil mətləbə yönləndirir və qeyd edir ki, gərək Əli ibn Əbu Talib (ə) barəsində mühüm bir fərmanı çatdırım və əgər bu xəbəri çatdırmasam ilahi risaləti (elçiliyi) çatdırmış olmamışam və onun əzabından qorxuram. Həmçinin qeyd edir ki, Allah mənə belə vəhy etmişdir:

Ey Rəsul! Rəbbindən – (Əli barədə) - sənə nazil ediləni – (yəni Əli ibn Əbu Talibin xilafətini) -  təbliğ et! Əgər belə etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. (Maidə, 67) 

Daha sonra Rəbbin, vilayətin elan olunması ilə bağlı təkidli əmrini aşkar şəkildə ortaya qoyub, buyurdu: “Cəbrail üç dəfə mənə nazil oldu və  məni məmur etdi ki, bu toplanış yerində ayağa qalxım. Hər bir ağ və qaraya elan edim ki, Əli ibn Əbu Talib mənim qardaşım, vəsim və ümmətim üzərindəki canişinim, məndən sonrakı İmamdır. Onun mənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur. O Allah və Rəsulundan sonra sizin ixtiyar sahibinizdir”.

Allah bu barədə kitabından mənə ayə nazil etmişdir: 

Sizin vəliniz yalnız və yalnız Allah, Onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər. (Maidə, 55)

Namaz qılan (namazı bərpa edən, diri saxlayan, ayaq üstə tutan), ruku halında zəkat verən, hər bir halda izzət və cəlal sahibi Allahı qəsd edən kəs Əli ibn Əbu Talibdir.  Allah, Əli (ə) haqqında mənə nazil etdiyi şeyi çatdırmasam məndən razı qalmayacaq.

Dünyanın sonuna qədər on iki imam

Üçüncü hissədə, özündən sonrakı dünyanın sonuncu gününə qədər olacaq on iki imamın imamətini elan etdi ki, bütün tamahlar kökündən (birdəfəlik) kəsilsin. Məsələnin əhəmiyyətini dərindən başa salmaq üçün buyurdu: “Ey camaat! Bu sonuncu dəfədir ki, belə bir cəmiyyətdə ayağa qalxıram. Belə ki, eşidin, itaət edin və Rəbbiniz Allahın əmri müqabilində boyun əyib, təslim olun!”. Həzrətin xütbəsindəki mühüm məqamlardan biri bu idi ki, onların vilayətinin zamanlar boyu, bütün məkanlarda bütün insanlara şamil olmasına və bütün məsələlərdə kəlmələrinin nüfuzluluğuna toxunmuşdu. O bu surətdə elan etmişdi: “Allah əzzə və cəllə sizin ixtiyar sahibiniz və məbudunuzdur, Allahdan sonra isə sizi müxatəbi qərar verən Peyğəmbəri, məndən sonra isə Əli, sizin ixtiyar sahibiniz və Allahın əmri ilə İmamınızdır. Ondan sonra isə İmamət, Allah və Rəsulu ilə görüşəcəyiniz günə qədər onun övladlarından olan nəslimdədir”. İmamların (ə) halal-haram, bütün dünyəvi və axirət məsələlərində Allah və Rəsulu tərəfindən naibliyi mövzusu xütbənin çox mühüm məqamlarından idi ki, onu dəqiq kəlmələrlə belə bəyan etdi:

“Allahın, Rəsulunun, və Onların (İmamların) sizə halal etdiklərindən başqa halal, haram etdiklərindən başqa haram yoxdur. Allah əzzə və cəllə halal və haramı mənə tanıtmışdır. Rəbbimin kitabından, halal və haramından mənə öyrətdiklərini ona tapşırmışam”.

Bütün bu əzəməti bəyan etdikdən sonra, camaatı müxalifət etməkdən çəkindirib, buyurdu: 

“Ey camaat! O Allah tərəfindən İmamdır və kim Onun vilayətini inkar etsə Allah heç vaxt onun tövbəsini qəbul etməz və onu bağışlamaz. Ey camaat! Allaha and olsun ki, əvvəlki peyğəmbər və rəsullar mənimlə müjdə vermişlər və Allaha and olsun ki, Mən peyğəmbər və rəsulların xatəmi (sonuncusu),  səma və yer əhalisindən olan bütün məxluqlara höccətəm. Kim bu mətləblərə şəkk etsə əvvəlki cahiliyyət küfrü kimi kafir olmuşdur. Kim Mənim bu kəlamımdan nəyəsə şəkk etsə mənə nazil olan bütün şeylərə şəkk etmişdir. Kim İmamlardan birinə şəkk etsə, Onların hamısına şəkk etmişdir və bizim barəmizdə şəkk edən oddadır.”

Agah olun ki, Cəbrail Allah tərəfindən bu xəbəri mənim üçün gətirmişdir və deyir: 

“Kim Əli ilə düşmənlik etsə və Onun vilayətini qəbul etməsə mənim lənət və qəzəbim onun üzərinə olsun”.

Bu sözə çatdıqda Həzrət praktiki bir proqram da daxil olmaqla nitqin ən həssas hissəsini ifadə etmək istədi. Buna görə də camaatı hazırlamq üçün buyurdu:

And olsun Allaha, Quranın batinini sizin üçün bəyan edəcək və təfsirini sizin üçün aydınlaşdıracaq şəxs yalnız bu kəsdir ki, mən onun əlini tutur və onu özümə tərəf yüksəldirəm və onun qolunu tutur və iki əlimlə onu qaldırıram və sizə başa salıram ki: 

“Mən kimin ixtiyar sahibiyəmsə (mövlası-rəhbəri) bu Əli də onun ixtiyar sahibidir; Və O Əli ibn Əbu Talib mənim qardaşım və canişinimdir, Onun vilayəti izzət və cəlal sahibi Allah tərəfindəndir ki, (onu) mənə nazil etmişdir”.

Daha sonra İslamın iki əzəmətli sütununun irtibatı ilə bağlı gözəl bir təsəvvür təqdim edib, buyurdu:

“Ey camaat! Əli və Onun nəslindən olan övladlarımdan paklar bir ağır əmanət və Quran isə başqa böyük bir ağır əmanətdir. Bu ikisindən hər biri digərindən xəbər verir və onunla müvafiqdir. Onlar Kövsər hovuzunun başında mənimlə görüşənə qədər bir-birindən ayrılmazlar. Bilin ki, Onlar Allahın camaat arasındakı əminləri və yerdə onun hakimləridir”.

Bu mərhələdə Qədir sahibinin məqamına hər növ etirazı qəti şəkildə haram saydı və buyurdu:

“Bilin ki, bu qardaşımdan savayı heç bir Əmirəl-möminin (möminlərin başçısı) yoxdur. Bilinki məndən sonra “Əmirəl-möminin” olmaq Ondan savayı heç kəsə halal deyildir”.

Xütbənin dördüncü hissəsində, Peyğəmbər (s) əvvəlki müqəddimələrdən və Əmirəl-mömininin (ə) xilafət və vilayət məqamını qeyd etdikdən sonra sonuncu günə qədər hər cür şəkk və şübhə yolu bağlansın və bu yolda hər cəhd nütfədə nəticəsiz qalsın deyə dili ilə buyurduqlarını praktiki olaraq yerinə yetirdi. Əvvəlcə minbərin üzərində yanında dayanmış Əmirəl-mömininə (ə) “Yaxın gəl” deyə buyurdu. O Həzrət yaxınlaşdı və Peyğəmbər (s) arxa tərəfdən Onun iki bazusunu tutdu. Bu zaman Əmirəl-möminin (ə) öz əlini açdı və hər ikisinin əli səmaya tərəf qalxdı. Daha sonra Peyğəmbər (s) bir pillə aşağıda olan Əmirəl-möminini (ə) yerdən qaldırdı, o həddə ki, O Həzrətin ayaqları Peyğəmbərin dizləri qarşısında qərar tutdu və camaat Onun o günə qədər görülməyən qoltuq altının ağlığını gördülər. Peyğəmbər (s) bu vəziyyətdə buyurdu: “Mən kimin mövlasıyamsa bu Əli də onun mövlasıdır (ona nisbətdə onun özündən daha çox ixtiyar sahibidir). İlahi Əlini dost tutanı dost tut, Onu düşmən tutanı düşmən tut, Ona kömək edənə kömək ol və Onu xar edəni xar et”.

Xütbənin bu hissəsində çox emosional halda, dinin Əmirəl-mömininin (ə) vilayəti ilə kamil olması barədə vəhyin nazil olmasını elan etdi. Həzrət (s) buyurdu: Ey Rəbbim, Sən bu mətləbin aydınlanması və bu gün Əlinin seçilməsi zamanı Onun barəsində bu ayəni nazil etdin:

Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. (Maidə, 3)

İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. (Ali-İmran, 85)

Rəbbim sən şahidsən ki, mən təbliğ etdim.

Allahın dini kamil oldu

Beşinci hissədə Həzrət (s) aşkar şəkildə buyurdu: “Ey camaat! Allah sizin dininizi Onun İmaməti ilə kamil etdi. Belə ki, kim ona və mənim övladlarımdan, Onun nəslindən olan pak canişinlərə-qiyamət və Allah əzzə və cəllənin dərgahına getmək gününə qədər-bel bağlamasa, belə şəxslərin əməlləri dünya və axirətdə aradan getmişdir və Onlar daimi odda olacaqlar”. Daha sonra camaat belə bir nemətin qədrini bilsinlər deyə buyurdu: “Peyğəmbəriniz ən üstün Peyğəmbər, Vəsiniz ən üstün Vəsi və Onun övladları vəsilərin ən üstünüdürlər. Ey camaat! Hər peyğəmbərin nəsli Onun öz sülbündəndir amma mənim nəslim Əmirəl-mömininin sülbündəndir”.

Ondan sonra Əmirəl-mömininin (ə) fəzilətlərindən kiçik bir hissəsini bəyan etməkdən dolayı buyurdu:

“Agah olun ki, Əli ilə yalnız alçaq düşmənçilik edər və Əli ilə yalnız təqvalı dostluq edər. Ona yalnız müxlis (həqiqi, ixlaslı) mömin iman gətirər”. Bu sözə çatdıqda, “Bir din olaraq sizin üçün İslamı bəyənib seçdim” ayəsinə diqqət yönəltməklə buyurdu:“Ey camaat! Mən Allahı şahid tutdum və risalətimi sizə təbliğ etdim və Rəsulun (elçinin) boynunda olan yalnız aydın şəkildə çatdırmaqdır. Ey camaat! Allahdan qorxmalı olduğunuz şəkildə qorxun və dünyadan yalnız müsəlman olaraq köçün”.   

Paylaş


Populyar

#i̇mamət
Həzrəti Muhəmməd peyğəmbər (s)