7-ci İmam Həzrəti Musa ibn Cəfər Kazim

#i̇mamət

İmam Kazim (ə) hicrətin 128-ci ilində (Məkkə ilə Mədinə arasında yerləşən) Əbva kəndində dünyaya gəlmiş, hicrətin 183-cü ilinin Rəcəb ayının bitməsinə altı gün qalmış Bağdadın “Sindi ibn Şahək” zindanında vəfat etmişdir. Vəfat etdiyi gün İmam Kazim (ə) əlli beş yaşında idi. İmamın (ə) anası “Ümmü Vələd” deyə tanınan Həmidə Bərbəriyyə idi. Atasından sonra Həzrət Kazimin (ə) imamlıq müddəti otuz beş il sürdü. Onun künyəsi Əbu İbrahim və Əbülhəsəndir. “Əbu Əli” və “Əbdi Saleh” kimi də tanınmışdır. Həmçinin, (ona) “Kazim” də deyilərdi.

İmam Kazimin (ə) imam olduğuna dair hörmətli atasının açıq-aydın buyuruqları

İmam Sadiqin (ə) ən yaxın səhabə və sirdaşlarından İmam Kazimin (ə) imamətinə dair o Həzrətdən (İmam Sadiqdən) açıq-aşkar şəkildə rəvayət edənlər arasında Müfəzzəl ibn Ömər Cufi, Məaz ibn Kəsir, Əbdürrəhman ibn Həccac, Feyz ibn Muxtar, Yaqub Sərrac, Süleyman ibn Xalid, Səfvan Cəmmal və digərləri yer almaqdadırlar. Hamısının adlarını qeyd etsək, kitabımızın həcmi böyüyər. Buna görə də, sadəcə bir neçəsinin adını qeyd edirik. İmam Kazimin (ə) imamətinə dair rəvayət edənlərdən qardaşları İshaq və Əlinin də adlarını zikr edə bilərik. Heç kəs onların fəzilət və təqvalarına dair ixtilaf etməmişdir.

Musa Seyqəl Müfəzzəl ibn Ömərdən belə nəql edir: “İmam Sadiqin (ə) hüzurunda olduğum zaman, yaşca daha kiçik olan İmam Kazim (ə) içəri daxil oldu. İmam Sadiq (ə) mənə belə buyurdu: “Bununla əlaqədar vəsiyyətimi qəbul et və inandığın yoldaşlarına onun imam olduğunu xəbər ver”.

Əbu Əli Ərcani Əbdürrəhman ibn Həccacdan belə nəql edir: “İmam Sadiqin (ə) evinə getdim. O, evinin bir otağında, özü üçün məscid etdiyi yerdə dua edirdi. Sağ tərəfində də oğlu Musa ibn Cəfər (ə) idi. O, atasının duasına “amin” deyirdi. İmamdan (ə) soruşdum: “Allah məni sizə fəda etsin! Bilirsiniz ki, bütün vaxtımı sizə ayırdım və özümü sizə xidmət etməyə həsr etdim. Sizdən sonra camaata kim imamlıq edəcək?” İmam Sadiq (ə) mənə belə buyurdu: “Ey Əbdürrəhman! Musa (İmam Kazim) imamlıq zirehini geyindi və zireh ona tam oldu”. Mən dedim: “Bu açıqlama mənə kifayətdir”.

Əbdüləla Feyz ibn Muxtardan belə nəql edir: “İmam Sadiqdən (ə) soruşdum: “Əlimdən tutub, oddan xilas edin! Sizdən sonra imamımız kim olacaq?” Bu arada Əbu İbrahim (Musa ibn Cəfər) içəri daxil oldu. O zaman (Musa ibn Cəfər) hələ uşaq idi”. İmam Sadiq (ə) buyurdu: “Sizin sahibiniz (imamınız) budur. Ondan bərk yapışın”.

İbn Əbu Nəcran İsa ibn Abdullahın belə dediyini nəql edir: “İmam Sadiqdən (ə) soruşdum: “Allah göstərməsin, sizə bir şey olarsa, kimə tabe olum (kimin əmrini dinləyim)?” İmam (ə) öz oğlu Musanı göstərdi. Mən soruşdum: “Əgər ona da bir şey olarsa, kimə tabe olum?” İmam (ə) buyurdu: “Onun oğluna”. Mən soruşdum: “Əgər ona da bir şey olarsa, kimə tabe olum?” İmam (ə) buyurdu: “Onun oğluna”. Mən soruşdum: “Əgər ona da bir şey olarsa, böyük qardaşı və oğlu olarsa (onlardan hansına tabe olum)?” İmam (ə) buyurdu: “Onun oğluna və həmişə belə olar (yəni imamət atadan oğula keçər)”.

İmam Kazimin (ə) fəzilətlərindən bəziləri

Həzrət Musa ibn Cəfər (ə) öz dövründə ən abid, ən bilikli fəqih (alim) və ən səxavətli şəxs olmuşdur. Rəvayət olunur ki, o Həzrət sübhə qədər gecə namazı qılır və gün çıxanadək namazın müstəhəb əməllərini yerinə yetirirdi. Gün çıxdıqda səcdəyə gedib dua, həmd-səna edər, günortaya qədər başını səcdə halından qaldırmaz və dua edərək belə deyərdi:

“İlahi! Səndən ölüm vaxtı rahatlıq, hesab vaxtı isə əfv rica edirəm!” Həzrət bu duanı dəfələrlə təkrar edirdi. O Həzrətin başqa bir duası isə belə idi:

“İlahi! Bəndənin günahları böyükdürsə, Sənin də əfv və güzəştin gözəldir!” İmam (ə) Allah qorxusundan (həyasından) o qədər ağlayırdı ki, saqqalı göz yaşları ilə islanırdı. İmam (ə) öz ailəsi və qohumları arasında mehriban rəftarı ilə hamıdan seçilirdi. O, gecələr Mədinə yoxsullarına nəvaziş və məhəbbət göstərirdi. Pul, qızıl, gümüş, un və xurma ilə dolu olan zənbilləri onlar üçün aparar və (onlara) çatdırırdı. Yoxsullar həmin zənbillərin haradan və kim tərəfindən gəldiyini bilmirdilər.

 Həsən ibn Muhəmməd ibn Yəhya (öz sənədi ilə) Muhəmməd ibn Abdullah Bəkridən belə nəql edir: “Mədinəyə daxil olub, borca pul axtarmaq qərarına gəldim, amma əlim heç yerə çatmadığından çarəsiz qaldım. Öz-özümə belə dedim: “Yaxşı olar ki, Musa ibn Cəfərin (ə) hüzuruna gedim və öz çətinliyimi ona deyim”. Bu qərarla İmam Kazimin (ə) əkin sahəsinin yerləşdiyi Mədinəyə yaxın olan “Nəqmə” adlı kəndə tərəf yollandım. İmam (ə) məni gördü və mənə tərəf yaxınlaşdı. Orada İmamla (ə) birlikdə əlində xəlbir tutan qulam da var idi. Xəlbirin arasında qulamın bişirdiyi tikə-kababdan savayı heç nə yox idi. İmamla (ə) birlikdə mən də o kababdan yedim. İmam Kazim (ə) məndən hal-əhval soruşdu, mən də sərgüzəştlərimi ona danışdım. O Həzrət evə daxil olub bir müddət sonra geri qayıtdı və qulamına belə buyurdu: “Buradan get!” Sonra əlini uzadıb üç yüz dinarlıq pul kisəsini mənə verdi. Sonra qalxıb getdi, mən də qalxıb, öz atıma minib qayıtdım”.

Həsən ibn Muhəmməd (öz sənədi ilə) belə nəql edir: “Mədinədə Ömər ibn Xəttabın övladlarından olan bir kişi Həzrət Musa ibn Cəfəri (ə) incidir, onu və cəddi Həzrət Əlini (ə) təhqir edirdi. Bir gün İmamın (ə) dostları o Həzrətə belə ərz etdilər: “İcazə verin, bu cinayətkar və kobud kişini öldürək”. İmam (ə) bu sözə müxalif olub, onları bu işdən çəkindirdi və onun haqqında sorğu-sual etməyə başladı. İmamı (ə) xəbərdar etmək üçün ərz dedilər: “Mədinənin ətrafında əkinçiliklə məşğul olur”. İmam (ə) miniyinə süvar olub, o kişinin əkin sahəsinə tərəf yollandı. Elə süvari halda da əkin sahəsinə daxil olduqda, o kişi fəryad edib dedi: “Bizim əkin yerimizi əzmə!” İmam (ə) miniyi irəli sürərək kişinin kənarında yerə endi və onun yanında əyləşdi. Təbəssüm edərək sözə başladı və kişidən əkin sahəsinin nə qədər xərci olduğunu soruşdu. Kişi dedi: “Yüz dinar”. İmam (ə) soruşdu: “Nə qədər qazanc əldə edəcəyinə ümid edirsən?” Kişi dedi: “Mənim qeybdən xəbərim yoxdur” (nə qədər qazanc əldə edəcəyimi bilmirəm). İmam (ə) buyurdu: “Səndən ümid etdiyin məbləği soruşdum (nə qədər məbləğ əldə edəcəyini deyil)”. Kişi dedi: “Ümid edirəm ki, bu əkindən mənə iki yüz dinar çatacaq”. İmam (ə) üç yüz dinarlıq pul kisəsini çıxarıb buyurdu: “Bunu al! Əkin-biçinin də istədiyin kimi olsun! Allah ümid etdiyini sənə çatdırsın!” Ravi deyir: “O kişi qalxıb İmamın (ə) alnından öpdü və ədəbsizlik etdiyinə görə üzr istədi. Musa ibn Cəfər (ə) təbəssüm edib qayıtdı. (Bu hadisədən bir müddət sonra) İmam (ə) məscidə getdi. Həmin kişi də orada idi. O, İmamı (ə) görən kimi belə dedi: “Allah öz risalətini (dinini) hansı sülaləyə tapşırmağı yaxşı bilir!” Onun dostları ətrafına toplaşıb soruşdular: “Nələr baş verib? Sən ki, həmişə bu kişini söyüb, təhqir edirdin?!” O, dedi: “Deyəcəyim sözlər elə bunlar idi və bundan başqa daha heçnə deməyəcəm!” Həmin kişi bu sözləri deyib, İmam Kazim (ə) üçün dualar etməyə başladı. Onlar onu danışmağa, mübahisəyə çəkmək istəsələr də, kişi yenə də eyni cavabı verirdi. Bu zaman İmam Musa ibn Cəfər (ə) evdən qayıdıb, Ömərin övladlarından olan kişini öldürmək istəyənlərə belə buyurdu: “Hansı yol daha yaxşı idi?! Sizin etmək istədiyiniz, yoxsa mənim etdiyim?! Onun işini bildiyiniz məbləğlə nizama saldım və bununla da, özümü onun şərindən amanda saxladım”. Alimlərdən bəziləri deyirlər ki, İmamın (ə) bəxşişi iki yüz dinardan üç yüz dinara qədər idi. İmam Kazimin (ə) əta etdiyi pul kisələri başqalarına nümunə olması üçün idi.

Əbu Zeyd nəql edərək deyir: “Muhəmməd ibn Həsən Məkkədə, Harunun hüzurunda İmam Musa ibn Cəfərdən (ə) soruşdu: “Mührim (əynində həcc və ya ümrə ziyarətinə aid ehram paltarı geyən) şəxsin öz məhmilinin (dincəlmək və istirahət üçün olan bir yerin) tavanının kölgəsi altına getməsi caizdirmi?” İmam (ə) buyurdu: “Seçim və ixtiyarı olan halda caiz deyildir”. Muhəmməd ibn Həsən dedi: “İxtiyarı olan halda kölgə altında yol getmək ona caizdirmi?” İmam (ə) buyurdu: “Bəli”. (İmamın (ə) bu cavabına görə) Muhəmməd ibn Həsəni gülmək tutdu (O, belə cavab verməsinə görə İmamı (ə) məsxərə etdi). İmam Musa ibn Cəfər (ə) buyurdu: “Allah rəsulunun (ə) əmrinə təəccüb edib, onu məsxərə edirsən? Allah rəsulu (s) mührim halında məhmilin tavanını (kölgəsində olmamaq üçün) götürdü, lakin kölgənin altında yol getdi. Ey Muhəmməd! Allahın hökmlərində qiyas etmək (müqayisə aparmaq) olmaz. Kim bir hökmü digər bir hökmlə müqayisə edərsə, doğru və düzgün yoldan azmışdır”. Sonra Muhəmməd ibn Həsən sakit oldu vəİmama (ə) heç bir cavab verə bilmədi”. İmam Kazimin (ə) fəzilətləri bir kitaba sığmayacaq qədər çoxdur. İmamdan (ə) fən elmlərinə dair bir çox rəvayətlər nəql edilmişdir. O, zəmanəsinin ən fəqih insanı idi. Quran oxuyarkən hər kəs susub onu dinləyər və bir çoxları özünü saxlaya bilməyib ağlayardı. Mədinə xalqı İmam Kazimi (ə) gecə ibadət edənlərin zinəti olaraq tərifləyərdilər. İmamın (ə) ləqəbi “Kazim” idi, çünki o, zalımların etdiyi bir çox zülm və haqsızlığa qarşı öz qəzəbinə qalib gələn bir şəxs idi.

İmam Kazimin (ə) vəfatı və bunun səbəbi

Rəvayət olunmuşdur ki, casuslar İsa ibn Cəfərə İmamdan (ə) dəfələrlə eşitdikləri duaların belə məzmunda olduğunu çatdırırdılar: “İlahi! Bilirsən ki, ibadət etmək üçün Səndən xəlvət bir yer rica edirdim və Sən belə bir yeri mənim üçün hazır etdin. Bu nemətə görə Sənə şükür olsun!” Deyirlər ki, Harun bir nəfəri o Həzrəti İsa ibn Cəfərdən təhvil alıb, Bağdada gətirməsi üçün göndərdi. Harun İmam Kazimi (ə) (öz vəzirlərindən biri olan) Fəzl ibn Rəbiyə tapşırdı və İmam (ə) uzun müddət Fəzlin yanında qaldı. Harun İmamı (ə) öldürmək üçün Fəzlə tədarük görməsini tapşırdı. Fəzl bu işi görməkdən çəkindi. Bu səbəbdən də, Harun Fəzlə məktub yazıb bildirdi ki, İmam Kazimi (ə) Fəzl ibn Yəhyaya (ibn Xalid Bərməkiyə) tapşırsın. Fəzl ibn Yəhya İmamı (ə) evində - otaqların birində həbs etdi və onu güdmək üçün casuslar təyin etdi. İmam Kazim (ə) gecə-gündüz ibadətlə məşğul olur və gecələri namaz, dua, Quran oxumaqla keçirirdi. Gündüzləri oruc tutar və üzünü mehrabdan başqa səmtə yönəltməzdi. Fəzl ibn Yəhya vəziyyəti belə gördükdə, İmam Kazimə (ə) hörmət etməyə başladı, xətrini əziz tutub rahatlığını təmin etdi. Bu xəbər Harunun qulağına (Bağdadın yaxınlığında yerləşən) Rəqqa məntəqəsində olduqda çatdı. Harun Fəzl ibn Yəhyaya məktub yazaraq Musa ibn Cəfərə ehtiram etməkdən çəkindirib, onu öldürməsini əmr etdi. Fəzl əmri yerinə yetirməkdən boyun qaçırdı, Harun isə Fəzlin itaətsizliyindən qəzəblənib xəfiyyələrindən birini çağırıb dedi: “Yubanmadan Bağdada tərəf yola düş və birbaşa Musa ibn Cəfərin olduğu zindana get. Əgər onu sağsalamat görsən, bu məktubu Abbas ibn Muhəmmədə çatdır və ona göstəriş ver ki, məktubda yazılanlara əməl etsin!” Harun ona başqa bir məktub da verib dedi: “Bu məktubu da Sindi ibn Şahikə çatdır və ona da göstəriş verib de ki, Abbas ibn Muhəmmədin fərmanına itaət etsin!” Harunun xəfiyyəsi dərhal özünü Bağdada çatdırdı və birbaşa Fəzl ibn Yəhyanın evinə getdi. Heç kəs onun gəliş məqsədini anlamadı. O, Musa ibn Cəfərin (ə) yanına getdi və onu salamat halda gördü. Yubanmadan Abbas ibn Muhəmməd və Sindi ibn Şahikin görüşlərinə gedib, məktubları onlara çatdırdı. Üstündən çox keçmədi ki, camaat Abbas ibn Muhəmmədin nümayəndəsinin Fəzl ibn Yəhyanın evinə tərəf qaçaraq getdiyini gördü. Fəzl hürkmüş və qorxudulmuş halda öz nümayəndələriylə birlikdə Abbas ibn Muhəmmədin yanına getdi. Abbas göstəriş verdi ki, onu lüt soyundurub şallaq vursunlar. Sindi ibn Şahik Fəzlə yüz şallaq vurdu. Fəzl Abbasın evindən rəngi qaçmış halda çıxdı. O, öz adətinə xilaf olaraq sağda, solda dayanan camaata salam verdi və gizli hadisəni məktub vasitəsiylə Haruna yazdı. Harun göstəriş verdi ki, İmam Kazimi (ə) Sindi ibn Şahikə tapşırsınlar. Harun əksəriyyətin iştirak etdiyi bir məclis təşkil edib orada belə dedi: “Ey insanlar! Fəzl ibn Yəhya mənə qarşı itaətsizlik etdi və əmrimdən boyun qaçırdı. Onu lənətləməyi nəzərdə tutmuşam. Siz də onu lənətləyin!” Bundan sonra camaat sarayın divarlarını lərzəyə salacaq səslə lənət oxudu. Bu hadisənin xəbəri (Fəzlin atası) Yəhya ibn Xalidin qulağına çatdı. O, dərhal süvar olub Harunun yanına gəldi və ümumi qapıdan deyil, xüsusi qapıdan saraya daxil oldu. Harunun xəbəri olmadan arxa tərəfdən ona yaxınlaşıb belə dedi: “Ey möminlərin əmiri! Məni dinlə!” Harun narahatlıqla da olsa, Yəhyanın sözlərinə qulaq asmağa məcbur oldu. Yəhya dedi: “Fəzl təcrübəsiz bir cavandır. Mən sənin istədiyini (Musa ibn Cəfəri qətlə yetirməyi) yerinə yetirməyə hazıram!” Harunun çöhrəsinə şadlıq qondu və üzünü oradakılara tutub dedi: “Bildiyiniz kimi, Fəzl itaətsizlik etdi və mən onu lənətlədim. Sonra o, tövbə edib mənə itaət etdi. Bundan sonra siz də onu əfv edib sevin!” Camaat dedi: “Biz sizin sevdiyiniz hər kəsi sevir, düşmənçilik etdiyiniz hər kəslə düşmənçilik edirik! İndi biz onu sevirik!” Yəhya ibn Xalid oranı tərk edib Bağdada yollandı. Camaat Yəhyanın Bağdada daxil olmasından xəbər tutub qorxuya düşdü. Hər kəs onun gəlməsindən danışırdı. Yəhya isə (öz məqsədini gizlətmək üçün) şəhərin işlərini nizama salmağa və şəhərə başçılıq etmək üçün gəldiyinə təkid edirdi. O, bir müddət bu işlərlə məşğul olduqdan sonra Sindi ibn Şahiki çağırıb, ona İmam Kazimi (ə) öldürməyi göstəriş verdi, o da qətli yerinə yetirməyi öz öhdəsinə götürdü. İmamı (ə) öldürmək gedişatı belə oldu: Sindi ibn Şahik İmam Kazimin (ə) yeməyinə zəhər qatdı və ona verdi. Bəzi insanlar belə deyiblər: “O, zəhəri xurmanın tərkibinə qatdı və İmam (ə) xurmaya meyl etdi. İmam (ə) zəhərin bədəninə işləməsini hiss etdi. O Həzrət üç gün şiddətli xəstəliyə düçar oldu və üçüncü gün şəhadətə yetişdi. İmam (ə) dünyadan köçdükdən sonra Sindi ibn Şahik fəqih və əyanları onun cənazəsinin ətrafına topladı. Orada olanlar hamılıqla İmama (ə) əza saxladılar. Onların arasında Heysəm ibn Üdəy də var idi. Onlar İmamın (ə) bədənində yara izinin olmadığının şahidi oldular. Hamı şahid oldu ki, o Həzrət təbii ölümlə vəfat edib. Hamısı buna şahidlik etdi. Həzrətin cənazəsini zindandan çölə çıxardılar və Bağdad körpüsünün kənarına qoydular. Car çəkib: “Musa ibn Cəfər ölmüşdür! Gəlin ona baxın!” - deyə nida etdilər. İnsanlar gəlib, İmamın (ə) çöhrəsinə baxıb ağlayırdılar. Onlar İmam Kazimin (ə) dövründə, onun “vəd olunmuş, gözlənilən Mehdi” olduğunu güman edir və İmamın (ə) zindana salınmasını “qeyb olmaq” kimi anlayırdılar. Bu səbəbdən də, İmamın (ə) şəhid olmasından sonra Yəhya ibn Xalid göstəriş verdi ki, car çəkib belə desinlər: “Bu, Musa ibn Cəfərdir! Rafizilər (şiələr) güman edirdilər ki, “qaim imam” odur və o, ölməyəcək! İndi isə baxın!” İnsanlar baxıb, İmam Kazimin (ə) vəfat etdiyini görürdülər. Sonra pak cənazəni götürüb, Qüreyş qəbiristanlığında, “babul-bətn” adlanan tərəfdə torpağa tapşırdılar. Bu qədim qəbiristanlıq Bəni-Haşimə məxsus idi. Rəvayət olunmuşdur ki, İmam Kazim (ə) vəfatı yaxınlaşdıqda, Sindi ibn Şahikdən Bağdaddakı dostunu qüsl və kəfən işlərini hazırlaması üçün çağırmasını istədi. Sindi ibn Şahik dedi: “Mən Musa ibn Cəfərdən xahiş etdim ki, onu kəfənə bükməyi mənə həvalə etsin, amma o, mənə icazə vermədi və belə dedi: “Biz bir ailəyik ki, xanımlarımızın mehriyyələri, ilk həcc xərclərimiz və ölülərimizin kəfənləri özümüzün pak malımızdan olmalıdır. Mənim kəfənim yanımdadır və istəyirəm ki, qüsl, kəfən işlərinə dostum filankəs nəzarət etsin”. İmam Kazimin (ə) tələb etdiyi şəxs ora gəlib sözügedən işlərlə məşğul oldu

İmam Kazimin (ə) övladları, onların sayı və adları haqqında qısa məlumat

İmam Kazimin (ə) oğlan və qız olaraq otuz yeddi övladı var idi.

 1. Əli (İmam Rza)

2. İbrahim

3. Abbas

4. Qasim

5. İsmail

6. Cəfər

7. Harun

8. Həsən

9. Əhməd

10. Muhəmməd

11. Həmzə

12. Abdullah

13. İshaq

14. Übeydullah

15. Zeyd

16. Həsən

17. Fəzl

18. Hüseyn

19. Süleyman

20. Fatimeyi Kübra

21. Fatimeyi Suğra

22. Rüqəyyə

23. Həlimə

24. Ümmü Əbiha

25. Rüqəyyəye Suğra

26. Ümmü Cəfər

27. Lübabə

28. Zeynəb

29. Xədicə

30. Aliyə

31. Aminə

32. Hasənə

33. Büreyhə

34. Aişə

35. Ümmü Sələmə

36. Məymunə

37. Ümmü Külsüm Bu övladlar bir neçə qadından dünyaya gəlmişlər.

İmam Kazimin (ə) övladları arasında ən fəzilətlisi, elmlisi və təqvalısı Əbülhəsən Əli ibn Musa Rza (ə) idi. Əhməd ibn Musa da çox hörmətli və abid bir şəxs idi. İmam Kazim (ə) onu çox sevirdi. “Bəsirə” deyə tanınan fermasını ona hədiyyə etmişdi. Nəql edirlər ki, Əhməd ibn Musa ömrü boyunca min kölə azad etmişdi. İmam Kazimin (ə) oğullarından olan Muhəmməd də dəyərli bir şəxs olub, abidliyi və yaxşılıqsevər olması ilə tanınırdı. Həsən ibn Muhəmməd babası Yəhyadan belə nəql edir: “İmam Kazimin (ə) qızı Rüqəyyənin xidmətçisi olan Haşimi deyir: “Muhəmməd ibn Musa dəstəmaz və namaz əhli idi. O, daim dəstəmazlı olar, gecələr bir az yataraq qalxıb dəstəmaz alar, namaz qılar, sonra biraz yatar, sonra yenə də qalxıb, dəstəmaz alaraq namaz qılardı. O, sübhə qədər bunu bir neçə dəfə təkrar edərdi. Mən hər dəfə onu görəndə Allah-taalanın bu ayəsini zikr edərdi: “Onlar gecənin az bir hissəsini yatırdılar” (“Zariyat” surəsi, 17-ci ayə)”. İmam Kazimin (ə) oğullarından olan İbrahim də olduqca cəsur və igid bir şəxs olaraq tanınırdı. Muhəmməd ibn Zeyd ibn Əli ibn Hüseyn xəlifə Məmuna qarşı üsyan edib Kufədə hökümət qurduğu zaman İbrahim ibn Musa Yəmənə vali olaraq təyin edilmişdi. Sonra Abbasilər Muhəmməd ibn Zeydin hökümətini aradan aparanda İbrahimə aman verdilər. Əlbəttə ki, İmam Kazimin (ə) övladlarının hər birinin ayrı-ayrılıqda fəzilətləri vardır. Onların arasında Əli ibn Musa Rza (ə) fəzilətdə daha öndə idi. Təəssüflər ki, bu xülasəmizdə İmam Kazimin (ə) bütün övladlarını qeyd edə bilmirik.

Mənbə: Şeyx Müfid, Əl-İrşad, 7-ci İmam Həzrəti Musa ibn Cəfər Kazimin həyatı bölümü

Paylaş


Populyar

#i̇mamət
6-cı İmam Həzrəti Cəfəri Sadiq ibn Muhəmməd