4-cü İmam Həzrəti Əli ibn Hüseyn

#i̇mamət

Hüseyn ibn Əlidən (ə) sonrakı imam, onun oğlu Əbu Muhəmməd Əli ibn Hüseyn Zeynülabidin (ə) idi. Onun digər künyəsi də Əbu Həsəndir. Onun anası qadınların şahı, İran padşahı Yezdəgirdin qızıdır. Bəzi tarixçilər o xanımın adının “Şəhribanu” olduğunu deyirlər. Onun dastanı bu cürdür: Möminlərin Əmiri Əli (ə) məşriqin bir hissəsinin hakimiyyətini Hüreys ibn Cabir Hənəfiyə tapşırdı. Sonra Hüreys Yezdəgirdin qızlarından ikisini o Həzrət üçün göndərdi. O, qadınlar şahını (Şəhribanunu) oğlu Hüseynə (ə) bağışladı və o qadın da Hüseyn (ə) üçün Həzrət Zeynülabidini (ə) dünyaya gətirdi. Möminlərin Əmiri Əli (ə) Yezdəgirdin o biri qızını da Muhəmməd ibn Əbu Bəkrə üçün məsləhət gördü və o qadın da Qasim ibn Muhəmməd ibn Əbu Bəkri dünyaya gətirdi. Qasim və Əli ibn Hüseyn (ə) xala oğlu idilər. Əli ibn Hüseyn (ə) hicrətin 38-ci ilində Mədinə şəhərində dünyaya gəlib. Ömrünün iki ili babası - Möminlərin Əmiri Əli (ə), on ili əmisi - Həsən (ə) və on bir ili də atası - Hüseynin (ə) dövrünə təsadüf etmişdir. O, atasından sonra otuz dörd il həyatda oldu və hicrətin 95-ci ilində Mədinə şəhərində dünyasını dəyişdi. Həmin vaxt onun şərəfli ömründən əlli yeddi il keçmişdi. Həzrət Zeynülabidinin (ə) imamlığı otuz dörd il davam etdi və Bəqi qəbristanlığında, əmisi Həsən ibn Əlinin (ə) yanında dəfn oldu. O həzrətin imamlığı bir neçə yolla sübut olunur:

İmam Zeynülabidin (ə) əziz atasından sonra elm və əməldə insanların ən üstünü idi. İmamət məqamı başqalarından ən üstün olan kəsə aiddir, nəinki başqaları ondan üstün olmuş olsun. Düşüncə sahiblərinin ağlı bu məsələ üçün əsas və dəlildir.

Həmçinin, onun öz atası Hüseynə (ə) daha yaxın olmasının özü, fəzilət və əsil-nəcabət baxımından da canişinliyə digərlərindən daha ləyaqətli olmasına bir dəlildir. Özündən əvvəlki imama daha yaxın olan kəs, canişinliyə başqalarından daha layiqdir. “Zəvil-ərham” ayəsi buna dəlildir. Allah-taala belə buyurur: “Allahın Kitabında (Lövhi-məhfuz və ya Quranda) qohumlar birbirlərinə (başqalarından) daha uyğundurlar (yaxındırlar) ...” (“Ənfal” surəsi, 75-ci ayə). Həzrət Zəkəriyyənin (ə) əhvalatında isə belə buyurulur: “Mən özümdən sonra gələn qohum-əqrəbamdan (təqvaya o qədər bağlı olmayan əmioğlularımdan) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də, mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki, o, həm mənə, həm də Yaqub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun ...” (“Məryəm” surəsi, 5-6-cı ayələr)

Ağlın hökmünə əsasən, hər bir dövrdə rəhbər və imamın olması vacibdir. Əli ibn Hüseynin (ə) zamanında imamlıq iddiası edən hər bir kəsin iddiası, yaxud da o Həzrətdən başqa digər şəxslərin də həmin kəsin imamlığını iddia etməsi fasiddir və nəticədə o Həzrətin imamlığı isbat edilmiş olur, çünki hər bir dövrün imamsız (və dini rəhbərsiz) qalması qeyri-mümkündür.

Həzrət Peyğəmbərdən (s) nəql olunan rəvayətlərə və həmçinin, ağlın hökmünə əsasən, imamət yalnız Peyğəmbərin (s) itrəti və Əhli-Beytinə (ə) aiddir. Muhəmməd Hənəfiyyə üçün imamlıq iddiası edən kəsin nəzəri fasiddir, çünki onun imamlığı barədə bizə heç bir xəbər (hədis) çatmayıb. Elə isə, Əli ibn Hüseynin (ə) imam olması isbat edilmiş olur, çünki heç kim Muhəmməd Hənəfiyyədən başqa kəs üçün imamlıq iddiası etməmiş və qeyd etdiyimiz kimi, o da bu məqamdan kənardadır.

 “Lövh hədisi” kimi məşhur olan hədisdə Peyğəmbərdən (s) o Həzrətin imamlığı barədə açıq-aşkar kəlmələr nəql olunub. Qeyd edilmiş hədisi Cabir ibn Abdullah Ənsari Peyğəmbərdən (s) nəql etmiş və həmçinin, İmam Baqir (ə) də öz atasından, o, öz babasından, o da Həzrət Peyğəmbərin (s) qızı Fatimədən (ə) rəvayət edib. Onun imamlığı barədə digər bir rəvayəti isə, babası olan Möminlərin Əmiri Əli (ə) atası Həzrət Hüseyn (ə) həyatda olduğu zaman buyurub. Bu barədə nəql olunmuş hədislər atası Hüseynin (ə) ona vəsiyyəti, Hüseynin (ə) Ümmü Sələmənin yanında əmanət qoyduğu şeylər və ondan sonra gələn kəsin həmin şeyləri Ümmü Sələmədən istəməsini onun imamlığının əlaməti qərar verib. Bunun özü imamət barədə bir mövzudur və kim rəvayətləri araşdırmaq istəsə, bu haqda yaxşı məlumat əldə edəcək. Biz bu kitabda onların hamısını qeyd etmirik. Məqsədimizi isbat etmək üçün bu qədər kifayət edər.

Həsən ibn Muhəmməd ibn Yəhya (öz sənədi ilə) Abdullah ibn Musanın babasından belə rəvayət edir: “Anam olan Hüseynin (ə) qızı Fatimə mənə dayım Əli ibn Hüseynlə (ə) oturub-durmağı tapşırdı. Mən birlikdə oturanda, ondan faydalanmadan ayağa qalxmazdım. Məndə ya Allah qorxusu yaranardı ki, onda gördüyüm Allahın qorxusundan idi, ya da onun elmindən istifadə edərdim (xülasə budur ki, heç vaxt onun yanından faydalanmadan qalxmazdım)”.

Həsən ibn Muhəmməd ibn Yəhya (öz sənədi ilə) Səid ibn Külsümdən belə rəvayət edir: “İmam Sadiqin (ə) hüzuruna getdim. Möminlərin Əmiri Əli ibn Əbu Talibin (ə) adı gələndə, İmam Sadiq (ə) onu çox təriflədi və şəninə layiq olan sözlərlə mədh edib belə buyurdu: “Allaha and olsun ki, Əli ibn Əbu Talib (ə) (elə bir kəs idi ki,) dünyasını dəyişənə qədər heç vaxt haram bir şey yemədi. Ona Allahın razılığı yolunda iki işdən birini təklif edəndə, onların ən çətinini öhdəsinə götürərdi. Həzrət Peyğəmbərə (s) xoşagəlməz və kədərli bir hadisə üz versəydi, onu aradan qaldırmaq üçün Əlini (ə) tələb edərdi. Bu, ona olan etimada görə idi. O Həzrətdən başqa bu ümmətdən heç kəsin Peyğəmbərin (ə) əməlini yerinə yetirməyə dözümü yoxdur. Onun əməli, özünü sanki Cənnətlə Cəhənnəmin arasında görüb, öz savabına ümidvar və əzabından qorxan insanın əməli kimi idi. Həqiqətən, o, Cəhənnəmdən (qorxub) qurtulmaq üçün öz pulu ilə min (nəfər) kölə alıb azad etdi. O, bu pulları öz əlinin zəhməti və alnının təri ilə qazanmışdı. Bununla belə, o, öz ailəsinin, arvad-uşağının yeməyini zeytun, sirkə və xurmadan etmişdi (yəni çox sadə bir yeməklə onları idarə edir və ondan qalan artığı da bu yolda xərcləyirdi). Onun paltarı pambıq sapından toxunulmuş parçadan idi və qolları əlindən uzun gələndə, qayçı ilə onu kəsərdi. Ailəsi, övladları arasında ona elmi və geyimində Əli ibn Hüseyn (ə) kimi bənzəyəni yox idi. Oğlu Əbu Cəfər Baqir (ə) onun yanına gəldi və atasının ibadətdə o yerə çatdığını gördü ki, heç kəs o halda olmamışdı. Onu görəndə gecə oyaq qaldığı üçün rəngi saralmış, çox ağlamaqdan gözləri yara olmuş, alnı və burnu səcdələrin çoxluğundan qabar olmuş, namaz qılmaq üçün ayaq üstə çox dayandığına görə ayaqları və baldırı şişmişdi. Əbu Cəfər Baqir (ə) buyurdu: “Atamı bu halda görəndə özümü saxlaya bilmədim və ürəyim yandığı üçün onun halına ağladım. O, həmin halda fikrə qərq olmuşdu. Ora getməyimdən bir az keçəndən sonra üzünü mənə çevirib buyurdu: “Ey oğlum! Əli ibn Əbu Talibin (ə) ibadətlərinin yazıldığı kitabı mənə ver”. Mən kitabı verdim. O, bir az oxuduqdan sonra kədərli halda onu yerə qoyub belə buyurdu: “Kimin Əli (ə) kimi ibadət etməyə güc və qüvvəti çatar?!”

Həsən ibn Muhəmməd mənə (öz sənədi ilə) Tavus Yəmanidən belə bir hədis nəql etdi: “Bir gecə (Məscidül-həramda) Hicri-İsmailə daxil oldum və Əli ibn Hüseynin (ə) də ora gəldiyini gördüm. Sonra o, namaza durdu. Çox namaz qıldı və daha sonra səcdəyə getdi”. Mən öz-özümə dedim: “Bu, yaxşı ailədən olan yaxşı bir kişidir. Gərək onun duasına qulaq asım (və həmin duanı öyrənim)”. Sonra onun səcdədə belə dediyini eşitdim: “Sənin qapına kiçik bəndən gəlib. Sənin qapına miskin bəndən gəlib. Sənin qapına yoxsul bəndən gəlib. Sənin qapına sail bəndən gəlib”. Tavus deyir: “Elə çətinlik və qəm-qüssə yoxdur ki, mən həmin duanı oxuyanda həll olmasın”.

Həsən ibn Muhəmməd (öz sənədi ilə) Muhəmməd ibn İsmaildən nəql edib deyir: “Həzrət Əli ibn Hüseyn (ə) həcc əməllərini yerinə yetirirdi. Məkkədə olan camaat o Həzrətin camalı, böyüklüyü və şərafətli insan olmasını görəndə, ona diqqət yetirdilər. O, insanların nəzərində böyük və əzəmətli cilvələndiyi üçün insanlar bir-birlərindən soruşurdular: “Bu kimdir? Bu kimdir?” Orada olan şair Fərəzdəq (o şərafətli insanı tanıtdırmaq üçün bir neçə cümlə şeir nəzmə çəkdi və) dedi:

1) Bu kişi o kəsdir ki, Məkkənin xırda daşları onun ayaq izlərini tanıyır. Kəbə evi, Hərəm və ondan kənar yerlərdən tutmuş bütün Hicaz çölləri onu tanıyır.

2) Bu övlad Allahın bütün bəndələrinin ən yaxşısıdır. Bu, həmin pərhizkar və pak-pakizə bir kişidir ki, Onun (- Allahın yer üzündəki) nişanəsidir.

3) Həcərul-əsvədi öpmək, əl sürtmək vaxtı gəlib çatanda (əlini Kəbə evinə qoyur) və az qalır ki, Rükni-Hətim (Kəbə evinin qapısı ilə Həcərul-əsvəd arasındakı divar hissəsi) tanıdığına görə həmin əli tutub saxlasın.

4) O, həyalı və utanan olduğu üçün gözlərini yumur. Həmçinin, başqaları da onun əzəməti, böyüklüyünə xatir öz gözlərini yumur (onun rüxsarına (gül üzünə) baxıb, bir söz deyə bilmirlər) və onunla bir söz danışa bilmirlər, lakin o, təbəssüm edir (ki, insanlar onunla söz danışmağa cürət tapsınlar)”.

5) Hansı Allah bəndəsinin boynunda bu kişi kimi daha üstün başqa nemətlər var?

6) Kim Allahı tanısa, bu kişinin üstünlüyünü və öndə olmasını da tanıyar. Din ümmətin əlinə bu kişinin evindən çatıb”.

7) Qüreyş nə vaxt onunla görüşsə, onlardan biri belə deyər: “Bu kişinin comərdliyi, şərəfi ilə (qalan) kəramət və comərdlik sona çatar”.

Əli ibn Hüseynin (ə) on beş övladı olub:

1. Muhəmməd - Onun künyəsi Əbu Cəfər Baqir (ə) idi, anası olan Ümmü Abdullah, Həsən ibn Əli ibn Əbu Talibin (ə) qızıdır.

2. Abdullah

3. Həsən

4. Hüseyn

5. Zeyd

6. Ömər

7. Hüseyn Əsğər

8. Əbdürrəhman

9. Süleyman

10. Əli - o Həzrətin ən kiçik övladı idi.

11. Xədicə

12. Muhəmməd Əsğər

13. Fatimə

14. İlliyyə

15. Ümmü Külsüm Bu övladların da anası Ümmü Vələddir.

Mənbə: Şeyx Müfid, Əl-İrşad, 4-cü İmam Həzrəti Əli ibn Hüseyn həyatı bölümü

Paylaş


Populyar

#i̇mamət
Xanım Fatiməyi Zəhra (s.ə.)