Muhəmməd ibn Əli ibn Hüseyn (İmam Baqir (ə)) öz qardaşları arasından atası Əli ibn Hüseynin (ə) canişini və ondan sonrakı imam seçilmişdi. O, fəzilət, elm, pərhizkarlıq, şərəf və əxlaqında hamıdan üstün idi. Onun adı əhlisünnə və şiələrin hamısının yanında uca, məqam və mərtəbəsi isə daha böyük idi. Ondan başqa Həsən (ə) və Hüseynin (ə) övladlarından heç kəsdə din elmi, əsərlər, rəvayətlər, Quran elmləri və müxtəlif fənlər zahir olmamışdı. Allah rəsulunun (s) dövründən onun zamanına kimi qalmış səhabələr, tabeindən olan böyük şəxslər, müsəlman alimlərinin böyüklərindən hamısı dini hökm və təlimləri o şərəfli insandan rəvayət etmişlər. O, elm və fəzilətdə alimlərin öndə gələni və hamının dillər əzbəri idi.
İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmiş və hicrətin 114-cü ilində elə orada vəfat etmişdir. O Həzrətin şərafətli ömrü əlli yeddi il davam etmişdir. Onun nəsəbi iki tərəfdən Haşimə, həm də iki tərəfdən İmam Əliyə (ə) çatır (bundan əvvəl qeyd olundu ki, onun anası İmam Həsən Müctəbanın (ə) qızıdır) və müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbristanlığındadır.
Məymun Qəddah İmam Sadiqdən (ə) atasının (İmam Baqirin (ə)) belə buyurduğunu nəql edir: “Cabir ibn Abdullah Ənsarinin yanına gəldim. Salam verdim, o da salamımın cavabını verdi və daha sonra məndən soruşdu: «Sən kimsən?” (Bu əhvalat Cabirin gözləri kor olandan sonra baş vermişdi) Mən dedim: “Mən Muhəmməd ibn Əli ibn Hüseynəm”. Cabir dedi: “Oğul can, qabağa gəl!” Mən onun yaxınına getdim. Əlimi öpdü və daha sonra əyilib ayaqlarımı öpəndə (öpmək istəyəndə) kənara çəkildim (və bu işi etməyə qoymadım). Sonra o, mənə dedi: “Həqiqətən, Peyğəmbər (s) sənə salam göndərib”. Mən dedim: “Allahın salamı, rəhməti və bərəkəti Peyğəmbərə (s) olsun! Ey Cabir! Allahın rəsulu (s) mənə necə salam dedi?” O, dedi: “Bir gün mən o Həzrətlə (Peyğəmbərlə) görüşmək şərəfinə nail olmuşdum. O, mənə belə buyurdu: “Ey Cabir! Sən sağ qalacaqsan və hətta mənim övladlarımdan birini görəcəksən. Onun adı Muhəmməd ibn Əli ibn Hüseyndir. Allah ona hikmət nuru bəxş edəcək. (Ey Cabir,) salamımı ona çatdır”. Möminlərin əmiri Əli (ə) öz oğluna vəsiyyətində Muhəmməd ibn Əli ibn Hüseynin (ə) adını çəkmiş və onun haqqında sifariş etmişdir. Hədis və (bir çox) əsər sahibləri rəvayət etmişlər ki, Peyğəmbər (s) onu “Baqirul-ulum” (elmləri yaran) adlandırmış və bu adla tanıtdırmışdır.
Xüsusilə də, Cabir ibn Abdullah Ənsaridən bu barədə ayrı bir rəvayət nəql olunub. O, deyir: “Peyğəmbər (s) mənə belə buyurdu: “Ümid var ki, sən yaşayasan və Hüseynin nəslindən olan övladlarımdan biri ilə görüşəsən. Onun adı Muhəmməddir. O, din elmini (elm dağını) yaracaq. Əgər onunla görüşsən, mənim salamımı ona çatdır”. Şiə alimləri Cəbrailin (ə) Cənnətdən Peyğəmbərə (s) gətirdiyi, o Həzrətin də Fatiməyə (ə) tapşırdığı və orada da ondan sonrakı imamların adlarının yazıldığı “Lövh” hədisini rəvayət ediblər. Həmin hədisdə Muhəmməd ibn Əli (ə) Əli ibn Hüseyndən (ə) sonrakı imam kimi qeyd olub.
Həsən ibn Muhəmməd (öz sənədi ilə) Abdullah ibn Əta Məkkidən belə nəql edir: “Alimlərdən heç birinin Əbu Cəfər Muhəmməd ibn Əli ibn Hüseynin (ə) qabağında özlərini daha kiçik və daha dəyərsiz (yəni özlərini daha da qiymətsiz hesab) etdikləri kimi kimsənin qabağında kiçilmələrini (heç kəsin qabağında bu qədər təvazökarlıq etmələrini) görmədim. Mən özüm camaat arasında o qədər böyük əzəmət və hörmət sahibi olan Həkəm ibn Üteybənin o Həzrətin (İmam Baqirin) önündə öz ustadının qarşısında oturmuş kiçik bir uşaq kimi oturduğunu gördüm. (Elmin uca məqamında olan) Cabir ibn Yəzid Cufi İmam Baqirdən (ə) bir şey rəvayət etdiyi zaman belə deyərdi: “Mənə vəsilərin vəsisi (yəni canişinlərin canişini), peyğəmbərlərin elminin varisi olan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) rəvayət etdi”.
İmam Baqir (ə) öz kəlamlarının birində belə buyurur: “Camaatın giriftarlığı (çətinliyi) bizim üçün çox böyükdür (çox ağır gəlir). (Çünki) onları çağırsaq, dəvət etsək də, sözlərimizi qəbul etmirlər. Əgər onları tərk etsək (başqasının öhdəsinə buraxsaq), bizdən başqasının vasitəsiylə hidayət olunmazlar”.
İmam Baqirin (ə) övladlari, onlarin adlari və saylari haqqinda qisa məlumat
Bundan əvvəl qeyd etdik ki, İmam Baqirin (ə) yeddi övladı var idi:
1. Əbu Abdullah Cəfər ibn Muhəmməd (İmam Sadiq) - Onun künyəsi Əbu Abdullahdır.
2. Abdullah ibn Muhəmməd İmam Sadiqlə (ə) Abdullahın anasının adı Ümmü Fərvədir. O, Qasim ibn Muhəmməd ibn Əbu Bəkrin qızı idi.
3. İbrahim
4. Abdullah Bunların hər ikisi İmam Baqir (ə) həyatda olanda, uşaq ikən dünyadan köçüblər. Anaları Əsid ibn Müğeyrə Səqəfinin qızı Ümmü Həkimdir.
5. Əli
6. Zeynəb - anasının adı Ümmü Vələd idi.
7. Ümmü Sələmə - həmçinin, onun da anasının adı Ümmü Vələd idi. Camaatın (şiələrin) İmam Baqirin (ə) övladlarından Cəfər ibn Muhəmməd Sadiqdən (ə) başqa heç kəsin imamlığına etiqadları olmamışdır. Onun qardaşı Abdullah da şərafətli və hörmətli insan kimi tanınmışdır. Rəvayət olunub ki, o, Bəni-Üməyyədən olan bir nəfərin yanına getmişdi. Həmin şəxs onu qətlə yetirmək istəyəndə, Abdullah belə dedi: “Məni öldürmə ki, Allah yanında sənə yardımçı olaram. Məndən əl çək ki, Allah dərgahında sənin xeyrinə köməkçi olum”. Bu sözlərdən məqsədi bu idi ki, o, Allah yanında şəfaətçidir (vasitədir) və onun şəfaəti qəbul olunur. Əməvilərdən olan həmin şəxs “Sən bu məqam və rütbədə deyilsən” – dedi və sonra onu zəhərləyib şəhid etdi
Mənbə: Şeyx Müfid, Əl-İrşad, 5-ci İmam Həzrəti Muhəmməd Baqir ibn Əlinin həyatı bölümü