Cəfər ibn Muhəmməd ibn Əli ibn Hüseyn (ə) (İmam Sadiq) öz qardaşları arasında atası İmam Baqirin (ə) canişini idi. O, İmam Baqirin (ə) vəsisi idi və ondan sonra imamlıq məsələsini icra etmişdir. O, fəzilət və elmdə öz qardaşlarından üstün idi. Adı onların hamısından uca, qüdrət və dərəcədə isə ali idi. Şiə və əhli-sünnə arasında ən dəyərli məqama malik idi. Camaat onun elmlərindən o həddə nəql etmişdir ki, sözləri karvançı və müsafirlərin yol azuqəsi olmuş, adı bütün şəhər, diyarlarda dillər əzbərinə çevrilmişdir. Alim ailəsindən elə bir kəs olmamışdır ki, İmam Sadiqdən (ə) nəql olunan qədər həmin adamdan hədis nəql olunsun. Əsər əhli və xəbər nəql edən kəslərdən heç kəs o Həzrətdən nəql etmiş olduqları qədər başqa bir kəsdən nə nəql etmiş, nə də qarşılaşmışlar, çünki İmamın (ə) siqə (doğru danışan) ravilərinin adlarını toplayan hədis əshabı, əqidə və düşüncədə fərqli olmalarına baxmayaraq, dörd min nəfərə çatırdı. O Həzrətin imamlığı barədə aydın dəlillər o həddədir ki, qəlbləri heyran qoymuş, düşmənlərin dillərini isə tənə və şübhələrdən lal etmişdir. İmam Sadiq (ə) hicrətin 83-cü ilində Mədinə şəhərində dünyaya gəlmiş, 148-ci ilin Şəvval ayında, altmış beş yaşında dünyadan köçmüşdür. O, Bəqi qəbristanlığında atası, babası və (babasının) əmisi İmam Həsənin (ə) kənarında torpağa tapşırılmışdır. İmam Sadiqin (ə) anası Ümmü Fərvə, Qasim ibn Muhəmməd ibn Əbu Bəkrin qızı idi. O Həzrətin imamlıq müddəti otuz dörd il olmuşdur. Atası İmam Baqir (ə) ona aşkar şəkildə vəsiyyət etmiş, aydın şəkildə və birbaşa olaraq imamlığını bildirmişdir.
Muhəmməd ibn Əbu Ümeyr Hişam ibn Salimdən, o da İmam Sadiqdən (ə) belə nəql edir: “Atamın ölümü yaxınlaşdığı zaman mənə belə dedi: “Ey Cəfər! Sənə səhabələrimə yaxşılıq etməyi vəsiyyət edirəm”. Mən dedim: “Sənə fəda olum! Allaha and olsun ki, heç bir şeyi başqasından soruşmayacaqları həddə qədər onları məlumatlandıracam”.
Yunus ibn Əbdürrəhman Ali-Samın qulamı Əbdüləladan, o da İmam Sadiqdən (ə) rəvayət edərək belə demişdir: “Atam orada olanı (ola bilər ki, sandığa işarə edir) mənə tapşırdı. Ölümü yetişdikdə belə buyurdu: “Yanıma bir neçə şahid gətir”. Mən Qüreyşdən dörd nəfər gətirdim. Abdullah ibn Ömərin qulamı Nafe də onların arasında idi. Sonra buyurdu: “Yaz: bu, elə bir şeydir ki, Yaqub (ə) öz oğlanlarına belə vəsiyyət etmişdir: “Ey oğullarım! Həqiqətən də, Allah sizin üçün (belə bir) din seçdi, siz də yalnız müsəlman olaraq ölməlisiniz!” Habelə, Muhəmməd ibn Əli (öz oğlu) Cəfər ibn Muhəmmədə vəsiyyət etdi və tapşırıq verdi ki, onu cümə namazını qılmış olduğu burdədə kəfənləsin, əmmaməni başına sarısın, məzarını dördguşəli etsin, onu (məzarı) yerdən dörd barmaq (hündürlüyündə) ucaltsın və dəfn zamanı kəfənin bəndlərini açsın. Sonra (İmam Baqir (ə)) dörd şahidə belə buyurdu: “Evlərinizə geri dönün! Allah sizə rəhm etsin!” (İmam Sadiq (ə) buyurdu:) “Mən soruşdum: Atacan, bu işdə nə vardı ki, ona şahid tutuldu? (mümkündür ki, “ma” ləfzi nafiyə olsun, yəni “bu, elə bir mətləb deyildi ki, şahid tutulmağa gərək olsun”). Atam buyurdu: “Oğul, istəmədim ki, başqaları sənə qələbə çalsın və desinlər ki, (atası) ona vəsiyyət etməmişdir. İstədim ki, sənin bu məsələdə (imamətdə) bürhanın (dəlilin) olsun”.
Bunun kimi çox hədis vardır. Bundan əvvəl “Lövh” hədisini qeyd etmişdik. Orada Allah-taala tərəfindən, onun (İmam Sadiqin (ə)) imamlığına nəss (açıq-aydın dəlil) yetişmişdir. Bundan əvvəl də demişdik ki, ağıl imamın yalnız üstün kəs olmalı olduğuna dəlalət edir. Bu da onun imamlığına dəlildir, çünki elm, zöhd, əməl bütün qardaşları, əmioğulları və s. dövrünün kəslərindən üstünlüyü açıq-aşkardır. Sonra o şeydir ki, peyğəmbərlərin (günahdan) məsum olması kimi məsum olmayan, habelə elmdə kamil olmayan kəsin imamlığının keçərsiz sayılmasına dəlalət edir. O Həzrətin dövründə imamlıq iddiası edən kəslərin məsum olmadığını, həmçinin din elmində kamillik həddinə yetişmədiklərini gördüyümüz üçün bunun özü, onun imamlığına başqa bir dəlildir, çünki əvvəlcə dediyimiz kimi, hər bir zamanda yer üzündə məsum imamın olması labüddür.
O cümlədən, tarixçilər İmam Sadiqlə (ə) Mənsur Dəvaniqinin qarşılaşmasını rəvayət ediblər. Mənsur mühafizəçisi Rəbiyə tapşırıq verdi ki, İmamı (ə) gətirsin. O da göstərişə əsasən, İmamı (ə) gətirdi. Mənsur onu görən kimi belə dedi: “Səni öldürməsəm, Allah məni öldürsün! Sən mənim səltənətim üstündə mənimlə çəkişir, əleyhimə təxribat törədirsənmi (camaatı ayağa qaldırır və xilafəti ələ keçirmək istəyirsənmi)?” İmam Sadiq (ə) buyurdu: “Allaha and olsun ki, mən belə etməmişəm və belə bir niyyətim də olmayıb. Əgər sənə bu barədə söz çatıbsa, yalançı tərəfindən olmuşdur (mənim adımdan yalan danışılmışdır). Əgər (dediyini) edəcəksənsə, Yusifə (ə) zülm edilmiş, o isə bağışlamış, Əyyuba (ə) bəla gəlmiş, o isə səbir etmiş, Süleymana (ə) nemət verilmiş, o isə şükür etmişdir. Onlar Allahın peyğəmbərləri idi. Sənin soyun onlara çatırmı?” Mənsur dedi: “Elədir. Bura çıx”. İmam (ə) yuxarı çıxdı. Mənsur dedi: “Həqiqətən də, filankəsin oğlu filankəs sənin barəndə dediyimi söyləmişdir”. İmam (ə) buyurdu: “Ey möminlərin əmiri! Onu bura çağır ki, söylədiklərimin doğruluğu aydın olsun”. Mənsur həmin adamı çağırıb, ona dedi: “Cəfər ibn Muhəmmədin mənim barəmdə söylədiklərini özün eşitmisən?” O, dedi: “Bəli”. İmam Sadiq (ə) Mənsura dedi: “Onu, bunu məndən eşitdiyinə dair and içdir”. Mənsur həmin adamdan soruşdu: “And içirsənmi?” Həmin adam “bəli” - dedi və and içməyə başladı. İmam Sadiq (ə) ona belə dedi: “Ey möminlərin əmiri! Qoy ona mən and içdirim”. Mənsur dedi: “Et”. İmam (ə) həmin adama dedi: “(Bu cür and iç və) de: “Allahın güc və qüdrətindən uzağam. Öz güc və qüdrətimə pənah aparıram ki, Cəfər ibn Muhəmməd belə-belə etdi və bu cür-bu cür demişdir”. Həmin adam özünü bir az saxladı, sonra isə həmin cür and içdi. Sonra yerindən durar-durmaz, yerə yıxılıb öldü. Mənsur dedi: “Onun ayağından çəkib, çölə atın! Allah (ona) lənət etsin!” Rəbi deyir: “Cəfər ibn Muhəmmədi (İmam Sadiqi (ə)) Mənsurun yanına daxil olarkən gördüm. Onun dodaqları tərpənirdi. Dodaqları hər təpəndikcə Mənsurun qəzəbi aşağı düşürdü. Onun qəzəbi o həddə qədər düşdü ki, axırda Mənsur onu öz yanında əyləşdirdi və (onunla) xoş davrandı. Mənsurun yanından çıxdıqda ona dedim: “Mənsur sənə olduqca sərt qəzəblənmişdi. Sən onun yanına daxil olarkən dodaqlarını tərpədirdin. Dodaqlarını hər tərpətdikdə, onun qəzəbi aşağı düşürdü. Sən nə deyirdin?” O, buyurdu: “Babam Hüseyn ibn Əlinin (ə) duasını oxuyurdum”. Mən dedim: “Sənə qurban olum! O dua nədir?” İmam (ə) buyurdu: “Yə uddəti ində şiddəti, ya ğəusi ində kurbəti, əhrisni bi-eynikəl-ləti latənam vəkfini biruknikəl-ləzi lə yuram”. Rəbi deyir: “Həmin duanı yadımda saxladım və nə zaman qarşıma çətinlik çıxırdısa, onu oxuyar və bərəkətiylə həmin şey aradan gedərdi”. Sonra Rəbi deyir: “Cəfər ibn Muhəmməddən (ə) soruşdum: “Nə üçün səy göstərən kəsin and içməsinə mane oldun (ona həmin ardıcıllıqla and içməyi tapşırdın)?” İmam (ə) buyurdu: “İstəmədim ki, Allah onu təkliyini yad edən və şənini uca tutan vəziyyətdə görsün. Yoxsa (Allah) həmin adamla yumşaq davrana və cəzalandırılmasını təxirə sala bilərdi. Buna görə də, ona eşitdiyin tərzdə and içdirdim və onu Allahın qəzəbi tutdu”.
İmam Sadiqin (ə) öz dövrünün zındıqlarından olan ibn Əbüləvcai ilə müzakirəsi
Cəfər ibn Muhəmməd Qumi (hədisin tam sənədi ilə) Abbas ibn Əmr və Füqeymidən belə nəql edir: “İbn Əbüləvcai, İbn Talut, İbn Əma, İbn Müqəffə və zındıqlardan (heç bir dinə etiqadı olmayan) olan bir neçə nəfər həcc mərasimində, Məscidulhəramda bir yerə toplaşmışdı. İmam Sadiq (ə) də həmin vaxt məsciddə idi. O Həzrət camaata fətva verir, Quran ayələrini təfsir edir və həcclə bağlı (soruşulan) məsələlərin hökmlərini izah edirdi. Həmin toplaşan dəstədə olanlar İbn Əbüləvcaiyə dedilər: “Sən orada oturan kişi ilə mübahisə edərək, onu mat edə bilərsən? Ondan elə sual soruşa bilərsən ki, ətrafında oturanların yanında (cavab verə bilmədiyi üçün) rüsvay olsun? Sən özün bilirsən ki, camaat ona heyrandır və günümüzün ən bilikli alimi odur”. İbn Əbüləvcai dedi: “Bəli (siz deyəni edə bilərəm)!” Sonra İbn Əbüləvcai irəli gəldi, camaatın izdihamını yararaq qabağa keçdi və belə dedi: “Ey Əbu Abdullah! Bilirsən ki, məclislər (danışılan söhbətlər) əmanətdir. Qəlbimdə olan hər bir düyünü (sualı) aşkara çıxarmaq istəyirəm. Sənə sual verməyə icazə verirsənmi?” İmam (ə) buyurdu: “Əgər sualın varsa, buyur ver”. Əbüləvcai dedi: “Elə ki, bu xırmanı öz əlinizə keçirdiniz, həmin (xırmanda olan dəyirman) daşına pənah gətirdiniz (onun bu sözlərdən məqsədi - kinayə olaraq Məkkənin fəthi və Kəbə evi idi). Kərpic və kəsəkdən ucaldılmış bu evə (Kəbəyə eynilə bütpərəstlər kimi) pərəstiş etdiniz. Yorğa qaçan dəvə qaçışı ilə onun ətrafına dolanmağa başladınız (pərəstiş etdiyiniz daşın ətrafında təvaf etməyə başladınız). Kim bu işə diqqətlə yanaşsa, başa düşər ki, bu əməllər həkim, düşüncə və ağıl sahibi olan birinin işi deyildir. Belə isə, bu işin sirrini bizə bəyan et, çünki sən (bu işləri bilənlərin) böyüklərindənsən, atan da (bu işin) təməl qoyanlarından biri idi”. İmam Sadiq (ə) buyurdu: “Allah kimi yoldan azdırsa, qəlbinin gözünü kor etsə, o, haqqı tərs görər və Allaha pənah aparmaz. Şeytan da (onun) ixtiyar sahibinə, məbuduna çevrilər və onu puçluğun girdabına atar. Bu (Kəbə), elə bir evdir ki, Allah onun vasitəsiylə Öz bəndələrini (özünə) pərəstişə təşviq etmişdir ki, ora gəlməklə Öz (dininin) ardıcıllarını imtahan etsin. Bu cəhətdən, bəndələrə buranın ziyarətini vacib etmişdir. Buranı namaz qılanların qibləsi (başqa dinlərdən seçilmək üçün müsəlman olaraq ibadət edənlərin üzlərini çevirdiyi vahid əlamət) qərar vermişdir. Bu məkan Allah-taalanın razılığını qazanmaq məkanıdır və camaatı bağışlanmağa aparan əsas yoldur. (Bu yol) uca kamalın mötədil mizanı, qüdrəti və hikməti ilə qurulmuşdur. Allah-taala hələ yeri (dünyanı) yaratmamışdan iki min il əvvəl onu (mələklər üçün “Beytül-məmur” olaraq dördüncü səmada) yaratmışdır. Bu (və digər) işlərə görə sitayiş, itaətə ən layiqli və qadağalarına əməl edilməli olan Allah-taaladır. O Allah ki, ruhları və surətləri yaratmışdır”. Əbüləvcai dedi: “Ey Əbu Abdullah! Bəzi sözlər buyurdun və qeybə (görünməyən və bilinməyənə) şamil etdin” (yəni gözlə görülməyən və hiss olunmayan Allahı öz dəlillərinə sübut kimi ortaya qoydun). İmam Sadiq (ə) buyurdu: “Vay olsun sənə! Necə yəni qayibdir? Bir halda ki, Öz yaratdıqları ilə birgədir və (hər şeyə) şahiddir. Onlara (bəndələrinə) boyunlarının damarlarından da daha yaxındır. Onların sözlərini eşidir və (hətta) qəlblərindən keçənləri də bilir. Onun olmadığı bir yer yoxdur. Onu Özünə məşğul edəcək bir yer də yoxdur (hər şeyə nəzarət etməyinə və bilməyinə baxmayaraq, zaman və məkanın fövqündədir). Bir yerə başqa bir yerdən yaxın deyildir. Əsərləri və əlamətləri Onun varlığına (ən böyük) şahiddir. Onun feilləri varlığının bələdçisidir. Allahın Öz nişanələri, möcüzələri və aşkar dəlilləri ilə göndərdiyi əmin olan Muhəmməd (s) (Allaha olunan) ibadətlərin çeşidlərini (namaz, oruc, həcc və s.) bizə gətirmişdir. Əgər onun (Allah rəsulunun) işləri barədə şəkkin varsa, soruş, sənə izah edim”. Ravi deyir: “Söz bura çatanda, İbn Əbüləvcai daha deməyə söz tapmadı. O, İmamın (ə) hüzurundan qalxaraq öz məsləkdaşlarının yanına gəldi. (Öz dostlarından İmam Sadiqin (ə) qarşısında tab gətirə bilmədiyinə görə üzrxahlıq etmək üçün onlara) dedi: “Sizdən istədim ki, mənə (cövlan etməyə və qalib gəlməyə) geniş bir meydan verəsiniz, amma siz məni yanar odun içinə atdınız” (yəni istədim ki, məni elə bir adamla mübahisə etməyə göndərəsiniz ki, elmdə məndən aşağı olsun, mən də onunla istədiyim kimi rəftar edim. Siz isə məni elə bir alimin yanına göndərdiniz ki, onun qarşısında tab gətirə bilmədim). Dostları dedilər: “Kəs səsini! And olsun Allaha ki, bizi öz heyrət və susqunluğunla rüsvay etdin. Biz hələ səni o kişinin qarşısında bu qədər alçalmış görməmişdik”. İbn Əbüləvcai dedi: “Məni niyə qınayırsınız?! O, elə bir kişinin oğludur ki, başı qırxılı gördüyünüz camaatın rəhbəri idi” (yəni həcc mərasimində saçını qısaldan hər bir müsəlmanın ən alimi və rəhbəri idi).
İmam Sadiqin (ə) övladları, onların sayı, adları və həyatları haqqında qısa məlumat
İmam Sadiqin (ə) on övladı olub: 1. İsmail 2. Abdullah 3. Ümmü Fərvə Bu üç övladın anası İman Zeynülabidinin (ə) oğlu olan Hüseynin qızı Fatimədir. 4. İmam Musa Kazim (ə) 5. İshaq 6. Muhəmməd Bu övladların anası Ümmü Vələddir. 7. Abbas 8. Əli 9. Əsma 10. Fatimə Bu övladlar da bir anadan dünyaya gəliblər.
Mənbə: Şeyx Müfid, Əl-İrşad, 6-cı İmam Həzrəti Cəfər Sadiq ibn Muhəmmədin (Baqir) həyatı bölümü