Mədinədən Qədirə
Onuncu hicri ilində Peyğəmbər (s) ilk dəfə rəsmi surətdə olmaqla Həcc
mərasıminin yerinə yetirilməsi üçün elan verdi. Belə ki, bütün müsəlmanlar imkan
daxilində buna hazırlaşmalı idilər. O Həzrət bu səfəri "Həccətul-vida
(vida həcci)" olaraq təqdim etdi və bu səfər qəlblərdə o Həzrətin
yeganə unudulmaz səfəri olaraq yer tutdu. Bu səfərin hədəfi hələ camaat üçün
kamil və rəsmi olaraq açıqlanmamışdan əvvəl məlum idi ki, dinimizin iki mühüm
hökmü açıqlanacaqdır. Biri həcc, digəri isə Peyğəmbərdən (s) sonrakı xilafət,
vilayət və canişinlik məsələsi idi. İlahi göstərişdən sonra, Peyğəmbər (s) Mədinə
və onun ətrafına elçilər göndərdi və onlar, hamını bu səfər qərarından xəbərdar
etdilər ki, kim istəsə özünü bu səfərə və Həzrətlə yol yoldaşı olmağa hazırlasın.
Ümumi elandan sonra, Mədinənin ətrafından Məkkə səfəri üçün Həzrətin karvanına
O Həzrətlə, həmçinin mühacir və ənsarla yol-yoldaşı olmaq üçün şəhərə çoxlu dəstələr
gəldilər.
Peyğəmbərin (s) karvanının yola düşməsi ilə Mədinə və Məkkə yolu
arasında qəbilələrin fərdləri də cəmiyyətə qoşuldular. Bu mühüm xəbərin daha
uzaq məntəqələrə çatması ilə Məkkə ətrafının camaatı, Yəmən və digər şəhərlərin
insanları da Məkkəyə tərəf axın etməyə başladılar ki, həcc hökmlərinin
xırdalıqlarını şəxsən öz Peyğəmbərlərindən öyrənsinlər və Həzrətin həcc adı ilə
olan ilk rəsmi səfərində iştirak etsinlər. Əlavə olaraq Həzrətin "Bu il
mənim ömrümün sonuncu ilidir" şəklində işarələri də insanlarıın bütün
təbəqələrinin iştirakına səbəb ola bilərdi. Bu Həcc mərasimində təqribən 120000
nəfər iştirak edirdi ki, onlardan yalnız 70000 nəfəri Mədinədən Həzrətlə
birlikdə hərəkət etmişdilər və ləbbeyk deyən cəmiyyət yolda dəstə-dəstə irəliləyirdi.
(Əvalimul-Ulum, c. 3:15, səh. 167 və 297. Əl-Ğədir, c. 1, səh. 9 və
10. Biharul-ənvar, c. 21, səh. 360, 383, 384 və 390, c. 28, səh. 95, c. 37, səh.
201)
Mədinədən Məkkəyə Peyğəmbərin (s) böyük karvanı Zilqədə ayının iyirmi
beşi, şənbə günü Mədinədən yola düşdü. O Həzrətin göstərişi ilə insanlar özləri
ilə ehram libası götürmüşdülər, Həzrətin özü də qüsl etmiş və özü ilə iki ehram
libası götürmüşdür; Onlar ehram bağlamaq üçün Mədinənin yaxınlığında olan Şəcərə
məscidinə qədər gəldilər. Peyğəmbərin (s) əzəmətli Əhli-beyti (ə), Fatimeyi-Zəhra
(s.ə.), İmam Həsən (ə), İmam Hüseyn (ə) və sair övladları, habelə Həzrətin zövcələri
hamılıqla dəvələrin kəcavələrinə süvar olmuş halda onunla birlikdə idilər. "Şəcərə"
məscidinə çatdıqda ehram bağladılar və Məkkəyə qədərlik on günlük yola
başladılar. Süvar və piyadə insanlardan təşkil olunmuş böyük bir qafilə də O Həzrətlə
birlikdə hərəkətə başladı.
Bazar günü, sübh çağı bir məntəqədə dayandılar və axşama qədər orada
qaldılar. Məğrib və İşa namazlarından sonra isə hərəkət etdilər. Sonrakı günün
sübh çağı "İrquz-zəbyə" adlanan yerə çatdılar, sonra
"Rauha" adlanan yerdə az bir müddət dayandılar. Oradan əsr namazı
üçün "Munsərəf"-ə çatdılar. Məğrib və İşa namazları vaxtı "Mutəəşşa"
- da dayandılar və şam yeməyini orada yedilər. Sübh namazına "Əsayə"
- yə çatdılar, çərşənbə axşamı gününün səhəri (artıq) "Ərc" - də idilər.
Cərşənbə günü "Səqya" - ya çatdılar.
Yol əsnasında, piyadalar yolun çətinliyindən söhbət açdılar və Həzrətdən
minik istədilər. Həzrətin ixtiyarında minik olmadığından, göstəriş verdi ki, hərəkətin
asanlaşması üçün bellərini bağlayıb sürətli getməklə qaçmaq arasında yol
getsinlər (yəni nə qaçmasınlar, nə də yavaş hərəkət etməsinlər). Onlar bu göstərişə
əməl etməklə daha rahat oldular. Cümə axşamı günü Peyğəmbərin (s) anası Həzrəti
Aminənin (ə) qəbrinin olduğu "Əbva"-ya yetişdilər və Həzrət, anasının
qəbrini ziyarət etdi. Cümə günü "Cöhfə" və "Qədir-Xum" -
dan keçməklə "Qudəyd" - ə yollandılar və şənbə günü orada oldular.
Bazar günü "Usfan" - a qədər gəldilər, Bazar ertəsi günü "Mərruz-zəhran"
- a yetişdilər və axşama qədər orada qaldılar. Axşam "Səyrəf"- ə tərəf
hərəkət etdilər və ora çatdılar. Növbəti dayanacaq əzəmətli Məkkə şəhəri idi.
On gün məsafə qət etdikdən sonra çərşənbə axşamı günü Zilhəccə ayının beşi
İslam həccinin birinci karvanı bənzərsiz cah-cəlal və əzəmətlə Məkkə şəhərinə
daxil oldu.
(Əl-Ğədir, c. 1, səh. 9 və 10. Biharul-Ənvar, c. 21, səh. 360, 383,
384 və 390, c. 28, səh. 95, c. 37, səh. 201. Əvalimul-Ulum, c, 3:15, səh. 167,
168 və 297)
Yəmən hacıları Əmirəl-möminin Əli (ə) ilə birlikdə Həcc səfəri elan
olunan günlərdə, Əmirəlmöminin (ə) bir qoşunla Peyğəmbər (s) tərəfindən Nəcrana
daha sonra isə Yəmənə getmişdi. Bu səfərin hədəfi İslama dəvət, xüms, zəkat və
cizyənin yığılması və həmçinin Yəmən əhalisi arasında ortaya çıxmış ixtilafın həll
olunması idi. Peyğəmbər (s) Mədinədən hərəkət edən zaman Əmirəlmöminin (ə) üçün
məktub göndərdi və göstəriş verdi ki, O Həzrət (ə) də qoşunu ilə və Yəmən əhalisindən
həcc mərasimində iştirak etmək istəyən kəslərlə oradan Məkkəyə tərəf hərəkət
etsinlər. Əmirəl-möminin (ə) Nəcran və Yəməndə həvalə olunmuş işləri
tamamladıqdan sonra birlikdə olduğu qoşun və Yəmən əhalisindən on iki min nəfərlə
Məkkəyə tərəf üz tutdu. Peyğəmbərin (s) karvanının Mədinədən Məkkəyə
yaxınlaşması ilə, Əmirəl-möminin (ə) də Yəmən tərəfdən bu şəhərə yaxınlaşdı və
göstəriş verdi ki, camaat Yəmən əhlinin miqatında (görüşmə yerində) ehram
bağlasınlar. (və ya Yəmən əhalisinin camaatına miqatda ehram bağlamalarını göstəriş
verdi). Sonra Həzrət qoşuna bir canişin təyin etdi. Özü daha öncə Peyğəmbərin
(s) görüşünə tələsdi və Məkkə yaxınlığında Həzrətə çataraq səfər xəbərini
verdi. Peyğəmbər (s) çox sevindi və göstəriş verdi ki, onunla olan qoşunu və Yəmən
hacılarını bacardığı qədər daha tez Məkkəyə gətirsin. Əmirəl-möminin (ə)
qoşunun olduğu yerə qayıtdı və onlarla birlikdə - Peyğəmbərin (s) qafiləsi ilə
eyni zamanda – Çərşənbə axşamı günü, Zilhəccə ayının beşi Məkkəyə daxil
oldular.
(Biharul-Ənvar, c. 21, səh. 360, c. 37, səh. 201. Əvalimul-Ulum,
c.3:15, səh. 297)
Həcc əməlləri; Zilhəccə ayının doqquzuncu günü Həcc mərasimi
başladı. Həzrət, Ərəfat dayanacağına, daha sonra isə Məşərə getdi. Onuncu gün
minada qurban kəsmək, şeytan daşlamaq və sair əməlləri yerinə yetirdi. Daha
sonra təvaf, səy və ondan sonra Həccin digər əməllərini bir-birinin ardınca
yerinə yetirərək hər məqamda onun müstəhəb və vaciblərini camaat üçün açıqladı.
Bu cür olmaqla Zilhəccə ayının on ikinci gününün sonuna qədər üç günlük həcc əməlləri
sona yetdi. Peyğəmbərlərin mirasının vilayət sahibinə təhvil verilməsi Həcc mərasimi
tamamlandıqdan sonra Peyğəmbərə (s) belə bir ilahi göstəriş nazil oldu: “Sənin
peyğəmbərliyin sona çatmış və dövranın tamamlanmışdır. İsmi-əzəmi, elm əsərlərini
və peyğəmbərlərin mirasını ilk mömin olan Əli ibn Əbu Talibə tapşır. Mən yer üzərini,
itaətim və vilayətimin onunla tanınacağı və Peyğəmbərimdən sonra höccət olacaq
bir alimsiz buraxmayacam (qoymayacam)”.
Peyğəmbərlərin (ə) yadigarları; Adəmin (ə), Nuhun (ə) və
İbrahimin (ə) səhifələri, Tövrat, İncil, Musanın (ə) əsası, Süleymanın (ə)
üzüyü və sair dəyərli miraslar yalnız ilahi höccətlərin əlində olur. Bu
miraslar keçmiş peyğəmbərlərin və onların vəsilərinin yanında əldən ələ keçmiş
və o günə qədər peyğəmbərlərin sonuncusu onların qoruyucusu olmuşdur. İndi isə
o Həzrətin vəsilərinə nəql olunmalıdır. Peyğəmbər (s) Əmirəl-möminini (ə)
çağırdı və xüsusi bir məclis təşkil etdi. Bu ilahi əmanətləri o Həzrətə təhvil
verdi və beləliklə peyğəmbərlərin (ə) altı min illik mirası Əmirəl-mömininə (ə)
tapşırıldı. Bu əmanətlər Əmirəlmöminindən (ə) sonrakı imamlara nəql olunmuş və
günümüzə qədər Allahın sonuncu höccəti Həzrət Bəqiyyətullahil-Əzəmin (ə.f.)
mübarək əlindədir.
(Biharul-Ənvar, c. 28, səh. 96, c. 37, səh. 202, c. 40, səh. 216)
“Əmirəl-möminin” adı ilə salamlaşma; Qədirə tərəf hərəkət etməzdən öncə,
Cəbrail (ə) Məkkədə Allah tərəfindən “Əmirəlmöminin” ləqəbini Əli ibn Əbu Talibə
(ə) məxsus olaraq gətirdi. Hərçənd bu ləqəb əvvəl də o Həzrət üçün təyin
olunmuşdu. Peyğəmbər (s) göstəriş verdi ki, səhabənin böyükləri toplansın və
xüsusi mərasim içində Həzrəti Əlinin (ə) yanına getsinlər, ona “Əmirəl-möminin”
ünvanı ilə salam versinlər və “Əssəlamu-ələykə ya Əmirəl-möminin” desinlər.
Həzrəti Peyğəmbər (s) bu vəsilə ilə öz həyatı dövründə onlardan Əlinin (ə) əmir
olmasına iqrar aldı. Burada Əbu Bəkr və Ömər Peyğəmbərə (s) etiraz olaraq dedilər:
“Görəsən bu Allah və Rəsulu tərəfindən olan bir haqqdırmı?” Həzrət qəzəblənib,
buyurdu: “Allah və Rəsulu tərəfindən olan haqqdır. Allah bu əmri mənə
vermişdir”.
(Biharul-Ənvar, c. 37, səh. 111 və 120. Əvalim, c. 3:15, səh. 39.
Kitabu-Süleym, səh. 730)