İmam Muhəmməd Təqidən (ə) sonrakı imam, onun oğlu Əbülhəsən Əli ibn Muhəmməddir (ə), çünki imamətin vəsfləri tam olaraq sadəcə onda toplanmış və fəzilət xüsusunda tam kamala çatmışdır. Eyni şəkildə hörmətli atasından onun imam olduğuna dair açıq aydın buyuruqlar vardır. İmam Əli ibn Muhəmməd Hadi (ə) hicrətin 212-ci ilində, Zil-Həccə ayının ortasında (Mədinənin yaxınlığında yerləşən) Sərya kəndində anadan olmuş, 254-cü ilin Rəcəb ayında “Surrə mən rəa” (Samirra) şəhərində vəfat etmişdir. Həmin vaxt İmam Hadi (ə) qırx bir yaşında idi. Mütəvəkkilin dəvəti ilə Mədinədən Yəhya ibn Hərsəmənin vasitəsiylə Samirraya gəlmiş, orada qalmış və elə orada da vəfat etmişdir. İmamlıq dövrü otuz üç il davam etmişdir. İmam Hadinin (ə) anası “Ümmü Vələd” ləqəbini daşıyan Səmanə idi
İmam Hadinin (ə) imam olduğuna dair buyuruqlar və əlamətlərdən bəziləri
Əli ibn İbrahim öz atasından, o da İsmail ibn Mihrandan (hədisin tam sənədi ilə) belə nəql edir: “İmam Muhəmməd Təqi (ə) ilk dəfə Mədinədən Bağdada getmək üçün yola çıxan ərəfədə ona dedim: “Sizə fəda olum! Getdiyiniz bu yoldan narahatam! İmamət əmri sizdən sonra kimə ötürüləcək?” O Həzrət gülümsəyərək mənə yaxınlaşdı və belə buyurdu: “Sənin güman etdiyin bu il deyil (mən bu səfərdən sağ-salamat qayıdacam)”. Xəlifə Mötəsim o Həzrəti yenə yanına çağırtdırmışdı (İmam (ə) ikinci dəfə idi ki, Bağdada - Mötəsimin yanına gedirdi). Bu dəfə də onun yanına gedib dedim: “Sizə fəda olum! Yenə gedirsiniz. Sizdən sonra imamət əmri kimin öhdəsindədir?” O Həzrət ağlamağa başladı və (o qədər ağladı ki,) saqqalı islandı. İmam (ə) üzünü mənə çevirərək belə buyurdu: “Bu dəfə mənə görə narahat ola bilərsən. Məndən sonra imamlıq oğlum Əliyə çatacaq”.
Xeyrani öz atasının belə rəvayət etdiyini nəql edir: “İmam Muhəmməd Təqinin (ə) evində qulluqçu idim. Əhməd ibn Muhəmməd ibn İsa Əşəri O Həzrətin xəstəliyinə görə hər gün səhərlər gələrək baş çəkirdi. Hər dəfə İmam Muhəmməd Təqinin (ə) xəbər aparıb-gətirən qasidi gələndə, ilk olaraq mənim yanına gələr, (hər dəfə də) Əhməd ibn Muhəmməd ayağa qalxıbgedərdi, həmin qasid də mənimlə gizlincə pıçıldaşardı”. Xeyrani deyir: “Bir gecə həmin qasid yenə evə gəldi və Əhməd ibn Muhəmməd də qalxıb getdi. Onunla sakitcə danışmağa başladım. Əhməd biraz getmişdi ki, qayıtdı və bizim söhbətimizi eşidə biləcək bir məsafədə dayandı. Qasid dedi: “Ağa (İmam) sənə salam deyir və belə buyurur: “Mən dünyadan köçürəm. İmamət əmri oğlum Əliyə ötürüləcək. Məndən sonra onun sizin üzərinizdə olan haqqı, atamdan sonra mənim sizin üzərinizdə olan haqqım kimidir”. Sonra qasid getdi və Əhməd mənə yaxınlaşaraq soruşdu: “O, sənə nə dedi?” Mən dedim: “Xeyir idi”. Əhməd dedi: “Mən onun sənə dediklərini eşitdim”. Sonra o, eşitdiklərini bir-bir təkrar etdi. Mən dedim: “Allah etdiyin bu işi (gizlincə qulaq asmağı) sənə haram etmişdir, çünki (Quranda) belə buyurur: “(Bir-birinizin sirrini) arayıb axtarmayın” (“Hücurat” surəsi, 12-ci ayə). Madam ki, (qasid deyənləri) eşitdin, onda şahid ol və ola bilsin ki, bir gün eşitdiyin sözlərə möhtac oldun. Nəbadə eşitdiklərini zahirə çıxana kimi kiməsə söyləyəsən!” Xeyrani deyir: “Elə həmin gecənin səhəri İmamın (ə) qasidinin mənə gətirdiyi xəbəri on nüsxə olaraq kağıza yazıb möhürlədim, on nəfər şiə böyüklərinə göndərdim və onlara belə dedim: “Bu kağızları sizdən tələb etməmişdən əvvəl ölüm məni haqlasa, onları (məktubu) açın və orada yazılanlara uyğun hərəkət edin”. Elə ki, İmam Muhəmməd Təqi (ə) dünyadan köçdü, şiələrin böyüklərinin Muhəmməd ibn Fərəcin evində imamət məsələsi barədə toplantı keçirəcəyi vaxta qədər evdən çölə çıxmadım. Muhəmməd ibn Fərəc məktub yazaraq evində toplantı keçiriləcəyi barədə məni xəbərdar etdi. Məktubda belə yazılmışdı: “Əgər mətləbin faş olma qorxusu olmasaydı, bu adamlarla sənin yanına gələrdim, amma istəyirəm ki, (atına) süvar olaraq yanıma gələsən”. Mən atıma minərək onun yanına getdim. (İçəri keçdikdə) camaatın onun ətrafına dövrə vuraraq oturduğunu gördüm. Sonra onlarla İmam Hadinin (ə) imaməti barədə müzakirəyə başladım. Söhbət əsnasında onların əksəriyyətinin buna şübhə etdiyini gördüm. Mən yazılı kağız göndərdiyim həmin on nəfərə (hansı ki, həmin məclisdə iştirak edirdi) belə dedim: “Sizə göndərdiyim kağızları çıxarın”. Həmin məktubları çıxardılar və mən onlara dedim: “Məhz bu işi sizə çatdırmaq üçün məmur olunmuşam”. Onlardan bəziləri dedilər: “Biz istiyərdik ki, səndən savayı başqaları da bu işə şahidlik edə və dediklərini təsdiq edərdi”. Mən dedim: “Allah sizi elə özünüzə verdi (Allah sizi, özünüzdən olan birinin sözü və şahidliyinə möhtac etdi). Bu şahid Əhməd ibn Muhəmməd ibn İsa Əşəridir. Ondan bu söhbəti eşitməsi barədə soruşun”. Camaat Əhməddən soruşdu, amma o, şahidlik etməkdən imtina etdi və hazır olmadığını bildirdi. Mən onu mübahiləyə dəvət etdim.1 Əhməd ibn Muhəmməd mübahilədən qorxdu və dedi: “Bəli, mən deyilənləri eşitmişəm, amma (deməkdən boyun qaçırmağımın səbəbi bu idi ki,) istədim bu iftixar ərəblərdən birinə nəsib olsun (mən əcəm olduğum üçün bu işə qarışmaq istəmədim). Madam ki, söhbət mübahiləyə gəlib çıxdı, mən artıq şahidliyimi gizlətmək istəmirəm”. Sonra o, hadisəni olduğu kimi danışdı. Həmin məclisdə olanların hamısı İmam Hadinin (ə) imamlığına etiqad bəslədi və sonra durub getdilər”.
İmam Hadinin (ə) samirraya gəlişi, vəfatinin səbəbi və övladlari haqqinda qisa məlumat
İmam Hadinin (ə) Mədinədən Samirraya aparılmasına səbəb Abdullah ibn Muhəmmədin Mədinədə hərbi təlimlərə başçılıq etməsi və orada namaz qılması olmuşdur. O, Mütəvəkkilin qarşısında İmam Hadiyə (ə) qarşı kobudluq edir və daim o Həzrətə qarşı qərəz nümayiş etdirirdi. İmam Hadi (ə) onun əməllərindən agah olduqda, məktub yazaraq Abdullah ibn Muhəmmədin onu narahat etməsini və yalanlarını Mütəvəkkilə bildirdi. Mütəvəkkil göstəriş verdi ki, İmama (ə) cavab yazsınlar və onu Samirraya dəvət etsinlər. Mütəvəkkil tapşırıq verdi ki, İmamla (ə) mehriban rəftar etsinlər. Həmin məktubun məzmunu belə idi: “Bağışlayan və mehriban Allahın adı ilə! Həqiqətən, möminlərin əmiri sənin qədr-qiymət və məqamını tanıyır, bizə qohum olduğunu nəzərə alır və haqqının müdafiəsini zəruri hesab edir. Sənin və ailənin işlərinin yaxşı olması üçün nə lazımdırsa, həyata keçirir. Sənin izzətin xatirinə deyilənləri hazır edir. Bu işləri görməkdə məqsədi Allahın razılığı və sizin vacib olan haqqınıza riayət etməkdir. Möminlərin əmiri göstəriş vermişdir ki, Abdullah ibn Muhəmməd Mədinədə hərbi təlimlərə və namaza başçılıq etmək vəzifəsindən uzaqlaşdırılsın, çünki o, haqqınızı tanımadan sizin məqamınızı yüngül hesab etmişdir. Sizi elə bir işdə ittiham etmişdir ki, möminlərin əmirinin nəzərində bu cür eybdən uzaqsınız və belə töhmətə aludə ola bilməzsiz (Abdullahın məqsədi İmam Hadini (ə) xilafət davası etməkdə ittiham etmək idi). Xəlifə yaxşı bilir ki, siz düz deyirsiniz və özünüzü ittiham olunduğunuz işə (xilafətə) hazır etməmisiniz. Möminlərin əmiri Muhəmməd ibn Fəzli Mədinə valisi təyin etdi və ona göstəriş verdi ki, xətrinizi əziz tutsun, fərmanlarınıza əməl etsin. Bununla da, Allaha və möminlərin əmirinə (Mütəvəkkilə) yaxın olmağa çalışsın. Bundan əlavə, möminlərin əmiri görüşünüzə nail olmaq və sizi ziyarət etmək şövqündədir. O, sizinlə əhdini təzələməyi və sizi görməyi çox istəyir. Əgər onu ziyarət etmək məqsədiylə yanında qalmağa meyliniz olsa, istəyiniz olduğu təqdirdə özünüz və ailənizdən olan kəslərlə, qulamlar və ətrafınızdakı istədiyiniz hər kəslə xəlifəyə tərəf arxayınlıqla hərəkət edin. Ürəyiniz istəyən kimi (istədiyiniz yolla) yolu qət edin və nə vaxt istəsəniz istirahət edin. Əgər istəyiniz olsa, möminlər əmirinin xüsusi təyinatlı sərkərdəsini və ona tabe olan ordunu da özünüzlə gətirin. Yol boyu dayanacaq yerlərin ixtiyarı və onların sizinlə birgə olub-olmaması da ixtiyarınızdadır. Biz onları əmrlərinizin icrası üçün ixtiyarınızda qoymuşuq. Allaha təvəkkül edib yola düşün və möminlərin əmirinin yanına gəlin. Əmirin nəzərində sizdən daha əziz heç kəs yoxdur və heç kəs xəlifənin qəlbini sizin kimi aram edə bilməz. Allahın salamı və bərəkəti üzərinizə olsun! Yazan: İbrahim ibn Abbas. Hicrətin 243-cü ili, Cəmadil-axir ayı”. Məktub İmam Hadiyə (ə) yetişdikdə, o Həzrət köç etməyə və Samirraya getmək üçün hazırlaşmağa başladı. Yəhya ibn Hərsəmə də ona qoşuldu və birlikdə Samirraya gəlib çatdılar. İmam Hadi (ə) şəhərə daxil olduqda, Mütəvəkkil (verdiyi bütün vədlərə rəğmən hörmətlə yanaşaraq) əsl simasını bir gün gizlədə bildi. İmam (ə) bir gün “yoxsulların karvansarayı” adlı karvansarayda qaldı. Sonra İmamı (ə) Mütəvəkkilin göstərişiylə hazırlanmış evə apardılar. İbn Qavləveyh (öz sənədi ilə) Saleh ibn Səidin belə dediyini rəvayət edir: “Bir gün İmam Hadi (ə) Samirraya daxil olduqda mən onun görüşünə getdim və dedim: “Sizə fəda olum! Bunlar hər yerdə sizin nurunuzu söndürmək istəyirlər! Dəyərdən salmaq üçün sizi natəmiz və bədnam karvansarayda saxlayıblar?” İmam (ə) soruşdu: “Ey Səidin oğlu! Səndə belə fikirləşirsən? (bu mərhələdə bizim əqidəmizə sadiqsən?)”. Sonra əli ilə işarə etdi və mən təravətli bostanlar, axar çaylar və bağlar gördüm ki, orada gözəl ətirli qızlar, yeniyetmə oğlanlar sədəf kimi parlaq idilər. Mənim gözüm bu mənzərəni seyr etməkdən məəttəl qalmışdı və bu, çox qəribə hal idi. Bu zaman İmam Hadi (ə) buyurdu: “Ey Səidin oğlu! Biz harada oluruqsa olaq, bu nemətlər bizim üçün mövcud olur, biz yoxsulların karvansarayında deyilik!” İmam Hadi (ə) bir müddət evində ehtiramla saxlanıldı və zahirən o Həzrətin xətrini əziz tuturdular. Mütəvəkkil çox çalışırdı ki, İmama (ə) qarşı hiylə işlətsin, amma buna nail olmurdu. Bu haqda çoxlu dastanlar və rəvayətlər mövcuddur. Əgər onların hamısını, İmamın (ə) möcüzələrini və aşkar nişanələri bura daxil etsək, əsl məqsədimizdən uzaqlaşmış olarıq. İmam Hadi (ə) hicrətin 254-cü ilində, Rəcəb ayında “Surrə mən rəa” şəhərində (Samirrada) vəfat etdi. Cənazəsini qaldığı evdə (Samirradakı öz evində) dəfn etdilər. İmamın (ə) öz əvəzinə yadigar buraxdığı övladlarından biri Əbu Muhəmməd Həsən ibn Əlidir (ə). O (İmam Əskəri), atasından sonra imamlıq məqamına layiq olmuşdur. İmam Hadinin (ə) Hüseyn, Muhəmməd, Cəfər adlı oğul övladları və Aişə adlı bir qız övladı da olmuşdur. İmam Hadi (ə) vəfat etdiyi günə qədər Samirrada on il və bir neçə ay qaldı. O Həzrət vəfat etdiyi zaman qırx bir yaşında idi.
Mənbə: Şeyx Müfid, Əl-İrşad, 10-cu İmam Həzrəti Əli ibn Muhəmməd Hadinin (ə) həyatı bölümü