3-cü İmam Həzrəti Hüseyn ibn Əli

#i̇mamət

Həsən ibn Əlidən (ə) sonrakı imam, babası Peyğəmbərin (s), atası Əlinin (ə) açıq-aydın buyuruqlarına və qardaşı Həsən ibn Əlinin (ə) vəsiyyətinə əsasən, Peyğəmbərin (s) qızı Fatimənin (ə) oğlu Hüseyn ibn Əli idi (ə). İmam Hüseynin (ə) künyəsi Əbu Abdullah idi. O, hicrətin 4-cü ilinin Şaban ayının beşinə keçən gecə Mədinə şəhərində dünyaya gəlmişdir. Doğulandan sonra anası Fatimə (ə) onu babası Peyğəmbərin (s) yanına gətirdi. Allah Rəsulu (s) onu görəndə sevindi və (onu) “Hüseyn” adlandırıb, bir qoyun qurban kəsdi. Peyğəmbərin (s) şahidliyinə əsasən, İmam Hüseyn (ə) və qardaşı (İmam Həsən (ə)) cənnət cavanlarının iki ağalarıdırlar. Əhli-sünnə və şiə alimlərinin nəzərinə görə, onların Peyğəmbərin (s) iki övladı olmasında şəkk-şübhə yoxdur. Həsən ibn Əli (ə) başından sinəsinə qədər, Hüseyn ibn Əli (ə) isə, sinəsindən ayaqlarına kimi Peyğəmbərə (s) oxşayırdı. Onlar Peyğəmbərin (s) bütün ailəsi, övladları arasında Allah Rəsulu (s) və onun dostlarının ən çox sevimliləri idilər.

Peyğəmbər (s) buyurur: “Kim Həsən və Hüseyni sevərsə, mən də onu sevərəm. Mən kimi sevsəm, Allah da onu sevər. Allah kimi sevsə, onu Cənnətə daxil edər. Kim onlara düşmən olsa, Mən də o kəsə düşmən olaram. Mən kimlə düşmən olsam, Allah da onunla düşmən olar. Allah kimlə düşmən olarsa, onu Cəhənnəmə daxil edər”.

Zirr ibn Hübeyş, İbn Məsuddan belə nəql edir: “Peyğəmbər (s) namaz qılanda Həsən (ə )və Hüseyn (ə) gəldilər, (səcdə halında olanda) o Həzrətin belinə çıxdılar. Allah Rəsulu (s) başını qaldıranda, onları yavaşca götürdü (və yerə qoydu). Peyğəmbər (s) ikinci dəfə səcdəyə gedəndə, onlar da yenidən qayıtdılar. (Peyğəmbər) namazı qurtaranda, onlardan birini bir dizinin üstündə, digərini də o biri dizinin üstündə otuzdurdu. Sonra Allah Rəsulu (s) belə buyurdu: “Kim məni çox istəyirsə, gərək bu iki uşağa da məhəbbət bəsləsin”. Həsən (ə) və Hüseyn (ə) “Mübahilə” əhvalatında Peyğəmbər (s) üçün (insanlara qabaqcadan xəbərdarlıq üçün) Allahın höccət və dəlili idilər. Onlar din və şəriətdə ataları Möminlərin Əmiri Əlidən (ə) sonra da ümmət üçün Allahın iki höccəti olublar.

İmam Hüseynin (ə) Kərbəlada İbn Ziyadın adamlarına belə buyurduğu nəql olunur: “Sizi Mənimlə düşmənçilikdə əl-ələ verməyə məcbur edən şey nədir? Bilin və agah olun! Allaha and olsun! Əgər Məni öldürsəniz, şübhəsiz ki, Allahın sizə göndərdiyi höccətini öldürmüş olacaqsınız. Allaha and olsun ki, Cabəlqa və Cabərsa arasında Allahın (xəbərdarlıq etmək üçün) göndərdiyi məndən - Peyğəmbər (s) oğlundan başqa heç kəs sizə höccət deyildir”. İmam Hüseynin (ə) Cabəlqa və Cabərsadan məqsədi - İmam Həsənin (ə) (bundan əvvəlki hədisdə) buyurduğu həmin iki şəhərdir.

Mübahilə hadisəsindən əlavə, onların (kiçik və azyaşlı olmalarına baxmayaraq,) kamil (və dərin düşüncə sahibi) olmalarının əlamətlərindən biri də bu idi ki, Allah Rəsulu (s) onlarla beyət etdi və aşkarda onların ikisindən başqa heç bir uşaqla beyət etməmişdi (bu, onların azyaşlı olmalarına baxmayaraq, ağıl və düşüncə baxımından kamil insan olmaları üçün açıq-aydın dəlil hesab olunur). Bundan başqa, Qurani-Kərim onları yaxşı əməllərinin müqabilində Cənnətlə mükafatlandırır. Halbuki, onlar uşaq idilər və onlar kimi olan digər uşaqların barəsində bunun kimi (ayə) nazil olmamışdır. Allah-taala həmin ayəni “Həl-əta” surəsində buyurub: “Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır” (“İnsan” surəsi, 8-14-cü ayələr). Allah-taalanın buyurduqları, bu iki uşağın ata-analarına da aid edilir və onların sözlərindən, həmçinin qəlblərindəkindən xəbər verir. Bu iki uşaqdakı bu iki məsələnin hər ikisi, onların imaməti və insanlara böyük höccət olmalarının əlamətidir. Məsələn: Qurani-Kərim Həzrət Məsihin (ə) beşikdə danışmasını açıqlayır. Bu da onun peyğəmbərliyi üçün bir dəlil, Allah dərgahında xüsusi məqam və fəzilətini göstərən kəramətin nişanəsidir. Şübhəsiz ki, Peyğəmbər (s) bu əhvalatdan əvvəl onun və qardaşının (Həsənin (ə)) imamlığına işarə edib və belə buyurub: “Bu iki övladım ayağa qalxsalar da (müharibə etsələr də), otursalar da (öz haqlarından əl saxlayıb, sülh etsələr də) imamdırlar”. Peyğəmbərin (s) Möminlərin Əmiri Əliyə (ə) olan vəsiyyəti, o Həzrətin (ə) Peyğəmbərdən (s) sonra imamlığının əlaməti, Möminlərin Əmiri Əlinin (ə) də oğlu Həsənə (ə) vəsiyyəti, onun imamlığına dəlalət etməsi kimi, İmam Həsənin (ə) də o Həzrətə (İmam Hüseynə (ə)) olan vəsiyyəti, onun imamlığına dəlalət edir.

Qeyd olunanlara əsasən, Hüseyn ibn Əlinin (ə) imamlığı sabitdir və ona itaət etmək də hamıya vacib olur. O, təqiyyə etdiyi üçün insanları öz imamətinə dəvət etməsə də, Müaviyə ilə aralarında bağlanan sülhə (görə öz imamlığını aşkar etmədi), vəfalı qalmasını lazım bildi və bu məsələdə atası Möminlərin Əmiri Əli (ə) kimi əməl etdi. Onun atası Peyğəmbərdən (s) sonra imam olsa da, sükut etmişdi. O, qardaşı Həsənin (ə) sülhdən sonra getdiyi yolu getdi və ömrünü sükutla, kənara çəkilməklə keçirdi. Onların hamısı Allah Rəsulunun (s) Əbu Talib dərəsində giriftar qaldığı (Allah Rəsulu (s) peyğəmbər olduğu halda, çarəsizlikdən üç il Əbu Talib dərəsində qalmışdı), həmçinin Məkkədən Mədinəyə hicrət etdiyi, bir neçə gün mağarada gizlin qaldığı zaman əməl etdiyi üsul və qaydalarına əməl etdilər. Müaviyə öləndən və İmam Hüseyni (ə) insanları öz imamətinə aşkar dəvət etməyə mane olan sülh dövrü bitəndən sonra, o Həzrət öz imamət məsələsini aşkar etdi, qarşıya çıxan hər bir fürsətdə haqqını tanımayan kəslərin önündən pərdələri götürdü. Hətta zahirdə onun ətrafına köməkçilər də toplandı. Sonra o, insanları cihada dəvət edib, müharibə üçün (köynəyinin) ətəyini çırmaladı. Onu dəvət edən şiələrinin köməyi ilə düşmənlə vuruşmaq üçün ailəsi və övladları ilə birlikdə Allahın, Peyğəmbərin (s) hərəmindən (çıxıb) İraq tərəfə yola düşdü. O, özündən əvvəl əmisi oğlu Müslim ibn Əqili ora göndərdi və onu, camaatı Allaha, cihada görə beyətə dəvət etmək üçün seçdi. Kufəlilər onunla beyət etdilər. Onlar ona kömək etmək üçün əhd-peyman bağladılar, onun xeyirxahı olduğunu öhdələrinə götürdülər və (onunla) öz əhd-peymanlarını möhkəmlətdilər. Sonra, çox keçmədən öz beyətlərini sındırdılar, kömək əlini ondan çəkdilər, onu düşmən əlinə tapşırıb öz aralarında öldürdülər və müdafiə etmədilər. (Bunun ardınca) İmam Hüseynlə (ə) vuruşmaq üçün (evlərindən) çölə çıxdılar, onu mühasirəyə alıb Allahın (yer üzündəki) şəhərlərinə getməyə mane oldular. Onu çıxış yolu olmayan, köməkçisi tapılmayan bir yerə getmək üçün məcburiyyət qarşısında qoydular. Onunla Fərat çayı arasında mane yaratdılar və ona əlləri çatanda isə öldürdülər. O məzlum İmam (ə) susuz, mücahid, səbirli, Allah mükafatına ümid edən halda və zülmkarcasına şəhid oldu. Onlar İmama (ə) edilən beyəti sındırdılar, hörmət və ehtiramını bada verdilər, heç bir vədələrinə vəfalı olmadılar və boyunlarına götürdükləri əhd-peymana riayət etmədilər. İmam Hüseyn (ə) atası və qardaşı dünyadan getdikləri kimi şəhid oldu.

İmam Hüseynin (ə) şəhadəti

İmam Hüseyn (ə) hicrətin 61-ci ilində, Məhərrəm ayının onunda, şənbə günü, günorta namazından sonra məzlum, susuz və səbirli halda, bundan qabaq şərh verdiyimiz kimi şəhid oldu. O, Allahın mükafatına ümid edib, belə bir addımı atdı. Həmin gün İmamın (ə) əlli səkkiz yaşı var idi. O, ömrünün yeddi ilini Peyğəmbərlə (s), otuz ilini atası Əliylə (ə) və ondan sonra da on ilini qardaşı Həsənlə (ə) keçirmişdi. Qardaşı Həsəndən (s) sonra xəlifəlik dövrü on bir il idi. İmam Hüseyn (ə) öz saqqalını həna və rənglə boyayırdı. Şəhid olduğu gün saqqalının həna ilə boyağı iki yanağından ayrılmışdı (yəni həna boyağının üstündən uzun zaman keçdiyinə görə, o Həzrətin tüklərinin bir hissəsinin kökü ağ idi).

Simak Ümmü Sələmədən belə nəql edir: “Bir gün Peyğəmbər (s) oturmuşdu və Hüseyn (ə) də onun qucağında idi. Bu zaman onun gözündən yaş axdı. Mən soruşdum: “Ey Allahın Rəsulu, sizə fəda olum! Sizə nə olub ki, gözünüzdən yaş axdığını görürəm?” Peyğəmbər (s) buyurdu: “Cəbrail yanıma gəlib, övladım Hüseynə görə mənə təsliyyət dedi və xəbər verdi ki, ümmətimdən bir dəstə onu öldürəcək. Allah mənim şəfaətimi onlara nəsib etməyəcək”.

İmam Hüseynin (ə) şəhadət xəbərinin mədinəyə çatması

İbn Ziyad İmam Hüseynin (ə) müqəddəs başını Yezidə göndərəndə Əbdülməlik ibn Əbu Hüreys Suləmini çağırdı və ona belə dedi: “Mədinədə Əmr ibn Səid ibn Əbülasın yanına get və ona Hüseynin ölümünü müjdə ver”. Əbdülməlik deyir: “Dəvəyə minib, Mədinəyə tərəf yola düşdüm. Qüreyşdən bir nəfər mənimlə görüşəndə soruşdu: “Nə xəbər var?” Mən dedim: “Xəbər əmirdədir. Onu (xəbəri) eşitmək istəsən, belə deyəcək: “İnna lillahi və inna ileyhi raciun (Biz Allahdanıq və Allaha tərəf qayıdacağıq) - Allaha and olsun ki, Hüseyn öldürüldü”. Əmr ibn Səidin yanına gedəndə, o, məndən soruşdu: “Səndə nə xəbər var?” Mən dedim: “Əmiri şad edən xəbər var. Hüseyn ibn Əli öldü!” O, dedi: “Çölə çıx və onun ölüm xəbərini şəhərdə car çək!” Mən çölə çıxıb car çəkdim. Bu xəbərdən sonra həmin gün Bəni-Haşim qəbiləsinin qadınlarının evindən gələn şivən və ah-nalə səsləri kimi, şivən və ah-nalə səsini heç vaxt eşitməmişdim. Sonra mən Ömər ibn Səidin yanına gəldim. O, məni görəndə gülümsədi və Əmr ibn Mədi Kərbin şeirini misal çəkib dedi: “Bəni-Ziyadın qadınlarının şivən qoparmaları, İrnəb gününün səhər çağında bizim qadınların şivən qoparmaları kimidir”. Daha sonra Əmr dedi: “(Bu günki) bu şivən, Osman üçün (Bəni-Üməyyə qadınlarının etdikləri) şivənlərinin müqabilindədir”. Bu zaman o, minbərə çıxıb camaatı Hüseyn ibn Əlinin ölümündən agah etdi və Yezid ibn Müaviyəyə dua edib, minbərdən aşağı düşdü. Abdullah ibn Cəfərin (iki oğlu Kərbəlada şəhid olan və Həzrət Zeynəbin (ə) həyat yoldaşı) dostlarından bəziləri Abdullahın yanına gedib, iki oğlunun ölüm xəbərini ona verdi. Abdullah dedi: “İnna lillahi və inna ileyhi raciun (Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq)”. Abdullahın qulu Əbüssəlasil dedi: “Bu, Hüseyn ibn Əliyə (ə) görə bizə üz verən kədər, qəm-qüssədir (və bu müsibətə o, səbəb oldu)”. Abdullah öz ayaqqabısını ona vurdu və (onu) öz yanından uzaqlaşdırıb dedi: “Ey ləxna qadının oğlu (bu, ərəblər arasında təhqir idi)! Sən Hüseynin (ə) barəsində belə danışdın? Allaha and olsun! Əgər mən o Həzrətin xidmətində olsaydım, şübhəsiz, çox istəyərdim ki, onun yanında ölənə kimi qalım və ondan uzaqlaşmayım. Allaha and olsun! Məni o iki nəfərdən razı salan və ölümlərinə görə ürəyimə təskinlik verən şey, onların qardaşım və əmim oğlunun kənarında ölmələri, ona kömək etmək yolunda canlarını fəda etmələri və ona görə səbirli olmalarıdır”. O, daha sonra üzünü öz yanındakılarına tutub dedi: “Hüseynin (ə) şəhidliyini mənə ağır müsibət edən Allaha həmd-səna olsun! Ona öz əlimlə kömək etməsəm də, mənim iki oğlum ona kömək etdi”. Əqil ibn Əbu Talibin qızı Ümmü Loğman, İmam Hüseynin (ə) əshabının ölüm xəbərini eşidəndə başı və üzü açıq bacıları Ümmü Hani, Əsma, Rəmlə və Zeynəb adlı Əqilin qızları ilə çölə çıxıb, Kərbəlada öz ölənləri üçün ağlayıb, belə dedi: “Əgər Peyğəmbər (s) sizdən “Siz ki, ümmətlərin sonuncusu idiniz. Məndən sonra itrətim və ailəmlə nə etdiniz? – deyə soruşsa, nə cavab verəcəksiniz?! Bir hissəsini əsir etdiniz, digər hissəsini də qanına qəltan etdiniz? Nəsihətlərimin mükafatı, məndən sonra yaxınlarımla pis rəftar etməyiniz idi?” Əmr ibn Səidin Hüseyn ibn Əlinin (ə) ölüm xəbərini minbərdə dediyi günün axşam vaxtı çatanda, Mədinə camaatı gecəyarısı özünü görmədiyi bir nəfərin uca səslə belə dediyini eşitdi: “Ey nadanlığınıza görə Hüseyni (ə) öldürən kəslər! Əzab və işgəncələrin müjdəsini alın! Bütün səma əhli - peyğəmbərlər, mələklər və digər insanlar sizə nifrin, qarğış edirlər. Həqiqətən, siz Süleyman ibn Davud, Musa və İsanın (ə) dili ilə lənətlənmisiniz!

İmam Hüseynin (ə) övladları

İmam Hüseynin (ə) altı övladı var idi:

1. Əli ibn Hüseyn Əkbər - künyəsi də Əbu Muhəmməddir. Onun anası İran şahı Yezdəgirdin qızı Şahzənan idi.

2. Əli ibn Hüseyn Əsğər – o, atasıyla Kərbəlada şəhid oldu. Bundan əvvəl də bu barədə qeyd etmişik. Onun anası Əbu Mürrə ibn Ürvə ibn Məsud Səqəfinin qızı Leyla idi.

3. Cəfər ibn Hüseyn - onun övladı olmamışdır. Anası Qüzaiyə qəbiləsindən olan qadın idi. Cəfər atası həyatda olduğu zaman dünyasını dəyişmişdi.

4. Abdullah ibn Hüseyn - kiçik yaşında atasıyla birlikdə Kərbəlada şəhid olub. Atasının qucağında olanda atılan ox onun boğazını kəsmişdir. Bundan əvvəl də bu barədə qeyd edildi.

5. Sukəynə bint Hüseyn - onun anası Kilab qəbiləsindən olan İmrəul-Qeys ibn Ədinin qızı Rübabdır. Həmçinin, Rübab Abdullahın da anası idi.

6. İmam Hüseynin (ə) digər bir qızı da Fatimə idi. Onun anası Təlhə ibn Übeydullanın qızı Ümmü İshaq idi.

Mənbə: Şeyx Müfid, Əl-İrşad, 3-cü İmam Həzrəti Hüseyn ibn Əlinin həyatı bölümü

Paylaş


Populyar

#i̇mamət
8-ci İmam Əli ibn Musa Rza