İmam Əli ibn Musa Rzadan (ə) sonrakı imam, onun oğlu Muhəmməd ibn Əlidir (ə). Onun imam olması atası tərəfindən açıq-aşkar nişanələrlə qeyd olunmuşdur. Kamal və fəzilətləri də onun imam olmasını sübut etməkdədir. İmam Muhəmməd Təqi (ə) hicrətin 195-ci ilinin Ramazan ayında (Mədinədə) dünyaya gəlmişdir. Hicrətin 220-ci ilinin Zil-qədə ayında, Bağdad şəhərində vəfat etmişdir. Atasından sonra imamlıq etdiyi müddət on yeddi il olmuşdur. Anası Afrika şəhərlərindən olan Nəvbiyyə əhalisindən idi. Onun adı Səbikə, ləqəbi isə “Nəvbiyyə” idi.
İmam Təqinin (ə) imam olduğuna dair açıq dəlillərdən bəziləri
Əbülqasim Muhəmməd ibn Cəfər (öz sənədi ilə) Zəkəriyyə ibn Yəhya ibn Numan Bəsridən belə nəql edir: “Əli ibn Cəfərin bir dəfə Həsən ibn Hüseyn ibn Əli ibn Hüseynə rəvayət edərkən söz əsnasında belə dediyini eşitdim: “Allah İmam Rzaya (ə) qardaşları və əmiləri zülm edərkən yardım etdi”. Rəvayət çox uzundur və sonunda Əli ibn Cəfər belə deyir: “Həmin əsnada qalxıb İmam Muhəmməd Təqinin (ə) əlindən tutaraq belə dedim: “Şəhadət verirəm ki, Allah yanında sən mənim imamımsan”. İmam Rza (ə) bunu görüncə ağladı və belə buyurdu: “Ey əmi, atamın Allah rəsulunun (s) belə buyurduğunu dediyini eşitmədinmi?” Allah rəsulu (s) belə buyurub: “Atam cariyələrin ən yaxşısı olan Nəvbiyyə cariyəsinin oğluna qurban olsun! (O, uzun müddət) qeybdə olduqdan sonra atası və babasının qanını tələb edəcək. İmam Qaim (ə) onun övladlarındandır - o şəxs ki, gözlərdən gizli olacaq. Camaat: “o, öldü və ya həlak oldu, ya da hansısa bir dərədə yox olub getdi” - deyəcəklər”. Mən dedim: “Doğru dedin, səna fəda olum!”
Əbülqasim Muhəmməd ibn Cəfər (başqa bir sənədlə) Səfvan ibn Yəhyadan belə nəql edir: “İmam Rzaya (ə) dedim: “Allah sizə hələ Əbu Cəfəri (İmam Təqini) bağışlamamışkən bu barədə suallar verər və siz də bizə belə buyurardınız: “Allah mənə bir oğlan uşağı bağışlayacaq”. Həqiqətən, Allah sizə bir oğlan uşağı verərək bizim gözlərimizi aydınlatdı. Allah bizə o günləri göstərməsin, amma haqq əmri (ölüm) gələrsə, imam olaraq kimə tabe olacağıq?” İmam (ə) əliylə qarşısında dayanan Əbu Cəfərə (ə) işarə etdi. Mən dedim: “O, hələ üç yaşında uşaqdır”. İmam (ə) buyurdu: “Bunun bir zərəri yoxdur. İsa (ə) da höccət vəzifəsini yerinə yetirərkən üç yaşında idi”.
Əbülqasim Muhəmməd ibn Cəfər (başqa bir sənədlə) Hüseyn ibn Bəşşardan belə nəql edir: “İbn Qiyamə İmam Rzaya (ə) belə bir məzmunda məktub yazdı: “Sən necə imam ola bilərsən ki, övladın yoxdur?” İmam Rza (ə) qəzəbli halda ona belə cavab verdi: “Mənim övladımın olmayacağını haradan bilirsən? And olsun Allaha ki, günlər və gecələr keçmədən Allah mənə bir oğlan uşağı bəxş edəcək. Bu uşaq haqq ilə batili biri-birindən ayıracaq.
Əbülqasim Muhəmməd ibn Cəfər (başqa bir sənədlə) İbn Əbu Nəsr Bəzəntidən belə nəql edir: “İbn Nəcaşi mənə dedi: “İmamından sonrakı imam kimdir? Bunu öyrənməyim üçün gedib ondan soruşmağını istəyirəm”. Buna görə də, İmam Rzanın (ə) yanına gedib ona xəbər verdim. Mənə belə buyurdu: “İmam mənim oğlum olacaq”. Sonra İmam (ə) belə buyurdu: “Heç uşağı olmayan bir kəs də “oğlum” deməyə cəsarət edə bilərmi?”. Onda İmam Rzanın (ə) uşağı yox idi. Bir neçə gündən sonra İmam Muhəmməd Təqi (ə) dünyaya gəldi”.
İmam Təqinin (ə) fəzilət və möcüzələrindən
Əbülqasim Cəfər ibn Muhəmməd öz sənədi ilə Əli ibn Xaliddən belə nəql edir: “Samirrada olduğum vaxt məşhur Samirra zindanında Şamdan gətirilən bir məhkuma zəncirlər vurulduğunu və onun peyğəmbərlik iddiasında olduğunu eşitdim. Zindanın qapısına gedib, həmin şəxslə görüşmək üçün zindana cavabdeh olanı razı sala bildim. Onunla görüşəndə ağıllı və savadlı bir şəxs olduğunu gördüm. Niyə görə zindana atıldığını soruşdum, o da belə dedi: “Mən Şamlı bir şəxsəm. İmam Hüseynin (ə) mübarək başının qoyulduğu yerdə ibadət edirdim. Yenə həmin yerdə üzü qibləyə dönmüş halda ibadət etməkdə olduğum gecə, anidən qarşımda bir nəfərin durduğunu hiss etdim. Başımı qaldırıb ona baxanda, “mənimlə gəl” - dedi. Qalxıb biraz getdikdən sonra Kufə məscidinə yetişdik. Məndən “buranı tanıdınmı?” - deyə soruşdu. Mən: “bəli, bura Kufə məscididir” - dedim. Bir yerdə namaz qıldıqdan sonra məsciddən çıxdıq. Birlikdə biraz gedərək qısa bir müddətdən sonra Mədinədə - Allah rəsulunun (s) məscidində olduğumuzu anladım. Allahın rəsuluna (s) salam verdim. Bir yerdə namaz qıldıq. Məsciddən çıxıb biraz gəzdikdən sonra Şamda ibadət etdiyimi gördüm. Bu hadisə məni çox təəccübləndirdi və nə olduğunu başa düşə bilmədim. Bir il sonra həmin şəxs qarşımda təkrar peyda oldu. Eynilə bir il bundan əvvəl olduğu kimi, Kufə məscidi və Allah rəsulunun (s) məscidinə gedərək bir yerdə namaz qıldıq. Şama qayıtdığım zaman tanımadığım həmin şəxsin əlindən tutaraq: “sənə bu gücü verənə and verirəm ki, kim olduğunu mənə deyəsən” - dedim. O, buyurdu: “Mən Muhəmməd ibn Əli ibn Musa ibn Cəfərəm”. Bu hadisədən sonra (Abbasi xəlifəsi Mötəsimin vəziri olan) Muhəmməd ibn Əbdülməlik (bunu) eşidənə qədər yanıma gəlib-gedənlərə İmam Təqiylə (ə) başıma gələnləri danışırdım. O, məni tutdurdu. Zəncirlə əl-ayağımı bağlayıb İraqa göndərdi. O gündən bəri zindandayam. Buna görə də, mənim peyğəmbərlik iddiasında olduğumu irəli sürdülər. Əli ibn Xalid deyir: “Sənin dilindən Muhəmməd ibn Əbülməlik Zəyyata yazımmı?” O, dedi: “Yaz”. Buna görə də, həmin şəxsin başına gələnləri bütün təfsilatı ilə Muhəmməd ibn Əbdülməlikə yazdım. Muhəmməd yazdığım məktubun arxasına “səni Şamdan Kufəyə aparan, oradan Mədinəyə və Mədinədən də təkrar Şama aparan şəxsə de ki, (səni) zindandan qurtarsın” - yazdı. Əli ibn Xalid deyir: “Bu cavab məni çox kədərləndirdi. Onun halına üzülərək evimə getdim. Ertəsi gün zindana getdim. Həmin şəxsi görüb təsəlli verəcəkdim. Ora çatanda zindan cavabdehi və digər vəzifəlilərin təlaşlı bir şəkildə hər tərəfi axtardıqlarını gördüm. Nə olduğunu soruşanda “peyğəmbərlik iddiasında olan şəxs gecədən bəri qeyb olub. Yer aralandı, yerə girdi? Göyə uçdu? Hara getdiyini heç kəs bilmir” - dedilər”. Əli ibn Xalid Zeyd ibn Əlinin imam olduğuna inanan zeydilərdən idi. Bu hadisəyə şahid olandan sonra inancından dönərək imamətə (on iki imama) etiqad bəslədi
İmam Təqinin (ə) vəfatı, məzarının yeri və övladları haqqında qısa məlumat
Bundan əvvəlki fəsildə İmam Muhəmməd Təqinin (ə) Mədinədə doğulduğu və Bağdadda vəfat etdiyini qeyd etmişdik. (Bağdada) gəlməsinin səbəbi Mötəsimin onu Mədinədən sürgün etməsi idi. İmam Təqi (ə) Məhərrəm ayının bitməsinə iki gün qalmış Bağdada gəldi və həmin il - hicrətin 220-ci ilinin Zilqədə ayında vəfat etdi. İmam Muhəmməd Təqinin (ə) zəhər verilərək öldürüldüyü deyilməkdədir, amma mən bu nəzəri isbat edən bir dəlil tapa bilmədim. İmam Təqi (ə) Qüreyş məzarlığında - babası İmam Musa ibn Cəfərin (ə) məzarının arxasında dəfn edilmişdir. Vəfat edərkən İmamın (ə) iyirmi beş yaşı var idi. “Müntəcəb” və “Mürtəza” İmam Təqinin (ə) ləqəblərindəndir. İmam Muhəmməd Təqinin (ə) Əli, Musa adında iki oğlu, Fatimə və Ümamə adında iki qızı var idi. Özündən sonra oğlu Əli (Həzrət Hadi) imam olmuşdur. Qeyd etdiyimiz iki oğlundan başqa İmam Təqinin (ə) oğlu olmamışdır.
Mənbə: Şeyx Müfid, Əl-İrşad, 9-cu İmam Həzrəti Muhəmməd ibn Əli Təqinin (ə) həyatı bölümü