1-ci İmam Həzrəti Əmirəlmöminin Əli ibn Əbu Talib

#i̇mamət

Allah Rəsulunun (s) qardaşı, əmisi oğlu, hər iki dünya xanımlarının seyyidəsi olan Fatimeyi-Zəhranın (s.ə) həyat yoldaşı olan Əli (ə), Əbu Talibin (ə) oğludur. Əbu Talib (ə) Haşimin, Haşim də Əbdümənafın oğludur. O (Əli), vəsilərin ağasıdır. Künyəsi Əbülhəsəndir. 30-cu Ammul-fil ilinin Rəcəb ayının on üçündə, cümə günü (Əbrəhənin Kəbə evini dağıtmaq üçün Məkkəyə etdiyi hücumdan otuz il sonra) Məkkə şəhərində, Kəbə evində dünyaya gəlmişdir. Ondan əvvəl və sonra heç kim Beytullahil-Hərəmdə (Kəbə evində) dünyaya gəlməmişdir. Bu da Allah-taalanın o Həzrətə inayət etdiyi ucalıq, əzəmət və ehtiramdır. Anası Haşim ibn Əbdümənafın nəslindən olan Fatimə binti Əsəddir. O, (Əlinin (ə) anası olmaqla yanaşı) Allah Rəsulu (s) üçün də ana kimi idi. Peyğəmbər (s) onun qucağında böyüyüb, boya-başa çatmışdır. Bu səbəbdən də, Allah rəsulu (s) bu xanımın ona etdiyi yaxşılıqları xeyirlə xatırlayırdı. Fatimə binti Əsəd Peyğəmbərə (s) ilk iman gətirənlərdən olub mühacirlərlə birlikdə (Mədinəyə) hicrət etmişdir. Vəfat etdiyi zaman Allah Rəsulu (s) məzar qazanların əziyyətindən qorunması üçün onu öz könəyi ilə kəfənləmişdir. Qəbir əzabından qorunması üçün dəfn edilməmişdən əvvəl Peyğəmbər (s) özü onun qəbrinə uzanmışdır. Qəbrə qoyulduqdan sonra Allah Rəsulu (s) ona oğlu Möminlərin Əmirinin (ə) vilayət və imamətini iqrar etməsini təlqin etmişdir ki, qəbirdə sorğul-sual olunduğu zaman cavab verə bilsin. Allah və Rəsulunun (s) yanında sahib olduğu mövqe ona bu qədər fəzilət qazandırmışdır. Bu, bütün tarixçilər tərəfindən qəbul olunur.

Möminlərin Əmiri Əli ibn Əbu Talib (ə) və qardaşları, soy-kökləri hər iki tərəfdən (ata və ana tərəfdən) Haşim ibn Əbdümənafa yetişən ilk şəxslərdəndirlər. Həm bu səbəbdən, həm də Allah Rəsulunun (s) qucağında böyüdüyü, onun vərdiş və əxlaqına yiyələndiyinə görə Əli ibn Əbu Talib (ə) iki şərəfə birdən çatmışdır. Peyğəmbər ailəsi və səhabələri içində Allah və Rəsuluna (ə) ilk iman gətirən şəxs Əli ibn Əbu Talibdir (ə). Peyğəmbərin (s) İslama dəvət etdiyi ilk kişi də odur. O da öz növbəsində bu dəvəti qəbul etmişdir. O, İslam dininin əsas köməkçisi olmuş və daim müşriklərlə (din düşmənləri ilə) vuruşmuşdur. O, (ömrü boyu) imanı (və iman əhlini) müdafiə etmişdir. Quranın əmrlərini və hökmlərini insanlara çatdırmışdır. Ədalətlə hökm edib, yaxşılıq və ehsan etməyə əmr etmişdir.

Besətdən sonra iyirmi üç il Allah Rəsulu (s) ilə birlikdə olmuşdur. Bunun on üç ili hicrətdən əvvəl, Məkkədə olmuşdur. O, bu müddət ərzində Peyğəmbərə (s) üz verən hər sıxıntı və bəlaya şərik olmuşdur. Qeyd olunan müddətin son on ilini Allah Rəsulu (s) ilə birlikdə Mədinədə keçirmişdir. O, Peyğəmbəri (s) qorumaq üçün kafir və müşriklərlə vuruşmuşdur. Allah Rəsuluna (s) yönələn bütün bəlalara qarşı özünü sipər etmişdir. Allah-taala Rəsulunun (s) ruhunu əla-illiyyinə ucaldıb cənnəti-əlada üstün yer verib dünyadan apardığında İmam Əlinin (ə) otuz yaşı var idi. Allah Rəsulunun (s) vəfat etdiyi gün ümmət onun imamlığı (imaməti) barədə iki qrupa ayrıldı. Onun tərəfdarları, yəni Bəni-Haşimin (Haşim ibn Əbdümənafın nəslindən olanların) hamısı, Salman Farsi, Əmmar Yasir, Əbuzər, Miqdad, (bir hadisədə etdiyi şahidliyin Allah Rəsulu (s) tərəfindən iki şahidlik kimi qəbul olunan və buna görə də “Zuş-Şəhadəteyn” (iki şahidlik sahibi) kimi tanınan) Hüzeymə ibn Sabit, Əbu Əyyub Ənsari, Cabir ibn Abdullah Ənsari, Əbu Səid Xudri, mühacirlər (Peğəmbərlə (s) birlikdə Məkkədən Mədinəyə hicrət edənlər) və ənsar (Peyğəmbərə (s) inanıb müsəlman olan və öz köməklərini ondan əsirgəməyənlərin hamısı) onun (Həzrət Əlinin) Peyğəmbərdən (s) sonra xəlifə və imam olduğunu deyirdilər-çünki o, digərlərindən daha üstün idi.

O, bütün fəzilətlərə, üstün xüsusiyyətlərə, elmə və kamilliyə sahib idi. Allaha iman gətirmək yarışında hamıdan önə keçmiş, elmdə bütün müsəlmanlardan üstün bir yer qazanmışdı. (Din düşmənləri ilə) cihad etməkdə onlar üçün nümunə olmuşdur. Abidlik, zöhd, təqva, xeyir və yaxşılıqda heç kəs onunla bərabər ola bilməzdi. Qohumluq və səhabəlikdə heç kəs Allah Rəsuluna (s) ondan daha yaxın olmamışdır.

Allah-taala Qurani-Kərimdə Həzrət Əlinin (ə) vilayətini (və imamətini) açıq şəkildə belə bəyan etmişdir: “Sizin vəliniz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər” (“Maidə” surəsi, 55-ci ayə).

Həzrət Əlidən (ə) başqa heç kəsin rükuda zəkat vermədiyini hamı bilir (və qəbul edir). Lüğətdə “vəli” sözünün “övla” mənasında olduğu heç bir ixtilaf olmadan sabit olmuşdur. Möminlərin Əmiri Əlinin (ə) Qurani-Kərimin açıq-aşkar hökmü ilə insanlara özlərindən daha ləyaqətli və üstün olması sabit olduğuna görə hər kəsə ona itaət etmək, Allah və Rəsuluna (s) itaət etmək kimi vacibdir. Çünki qeyd edilən ayədə Allah və Rəsulunun (s) möminlərə özlərindən daha üstün olmaları açıq şəkildə buyurulmuşdur. Həzrət Əliyə (ə) itaət etməyin hökmü də eyni çərçivədədir. Beləliklə, ayədə Allah və Rəsulundan (s) sonra Həzrət Əlinin (ə) üstün olması zikr edilir.

Həzrət Əlinin (ə) imamətinin digər dəlili də Allah Rəsulunun (s) İslam dininə dəvət üçün Əbdülmüttəlib övladlarını öz evinə yığdığı “Yovmud-Dar” günü (orada olanlara xitabən) buyurduğu bu sözlərdir: “Kim bu dinin irəliləməsi üçün mənə kömək edərsə, qardaşım, vəsim, vəzirim, varisim və məndən sonra xəlifəm olacaqdır”. Həzrət Əli (ə) orada olanların hamısından yaşca kiçik olmağına baxmayaraq, ayağa qalxıb belə dedi: “Ey Allahın rəsulu, mən sənə kömək edərəm”. Peyğəmbər (s) buyurdu: “Əyləş! Sən mənim qardaşım, vəsim, vəzirim, varisim və məndən sonra xəlifəm olacaqsan”. Bu, Həzrət Əlinin (ə) Allah Rəsulunun (s) yerini tutacaq yeganə şəxs olmağına dair açıq-aydın bir dəlildir. Digər bir dəlil Allah rəsulunun (s) Qədir-Xum günü (yüz mindən çox) müsəlmanlara xitabən buyurduğu bu sözlərdir: “Mən sizə özünüzdən daha üstün deyiləmmi?” “Bəli, (üstünsən) Allah da buna şahiddir” – dedilər. Allah rəsulu (s) bunun ardınca belə buyurdu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”. Beləliklə, Həzrəti Peyğəmbər (s) ona (Həzrət Əliyə) itaət edib, əmrlərini yerinə yetirməyi onlara (müsəlmanlara) vacib etmişdir – özünə itaət edilməsi kimi (yəni necə Allah tərəfindən Peyğəmbərə (s) itaət edib, əmrinə tabe olmaq vacib edilmişdirsə, Həzrət Əliyə (ə) də itaət edib, əmrlərinə tabe olmaq Allah və Peyğəmbər (s) tərəfindən vacib edilmişdir). Allah rəsulu (s) buna dair (Həzrət Əliyə (ə) itaət edəcəklərinə dair) onlardan (müsəlmanlardan) iqrar (təsdiq) almış, bu şəkildə (Həzrət Əlinin (ə) imamətini) sabitləşdirmişdir, onlar da bunu inkar etməmişlər. Bu da Həzrət Əlinin (ə) imaməti, vilayəti və Peyğəmbərin (s) yerinə keçəcək yeganə şəxs olmasının açıq-aydın və qəti dəlillərindən biridir.

Həmçinin Təbuka hərəkət edən zaman Peygəmbərin (s) Əli (ə) barədə söylədiyi başqa bir kəlamı da (Əlinin (ə) imamətinə digər bir dəlildir). Allah Rəsulu (s) buyurur: “Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq”. Bu vasitə ilə (Əlinin) vəzirlik məqamını, dostluğunu, hamıdan üstün olmasını, onun (Peyğəmbərin) sağlığında və vəfatından sonra canişini olmasını sübut edir. Çünki Qurani-Kərim sadalananların hamısına, Harunun (ə) Musaya (ə) olan nisbəti haqqında söz açarkən şahidlik edir. (Belə ki,) Allah-taala Musanın (ə) hekayəsini danışarkən buyurur: “(Musa dedi:) “Mənə öz ailəmdən bir vəzir (köməkçi) ver, qardaşım Harunu! Onunla arxamı möhkəmləndir, onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək. Sən, şübhəsiz ki, Bizi görürsən!” (Allah) buyurdu: “Dilədiyin sənə verildi, ya Musa!” (“Ta Ha” surəsi, 29-36- cı ayə) Bu ayələrdə (Musanın arxasını) hər bir cəhətdən onunla (Harunla) möhkəmləndirdiyini (Haqq-taala) sabit edir. (Amma) canişinliyə gəlincə, (Allah-taala Quranda buyurur ki,) Musa (ə) Haruna (ə) dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!” (“Əraf” surəsi, 142-ci ayə). Bu ayə ilə də onun (Harunun) xilafətini və çanişinliyini sabit edir.

(Bütün bunlardan sonra deyirik:) “Allah Rəsulu (s), nübuvvət istisna olmaqla, bu məqamların hamısını Möminlərin Əmiri Əli (ə) üçün qərar verdi. (Beləliklə, bütün bunlar Əli (ə) üçün) Allah Rəsulunun (s) vəziri olmaq, ona kömək etmək vasitəsi ilə arxasını qüvvətləndirmək və başqalarından daha üstün olmağı sabit edir. Çünki (Allah Rəsulunun (s) buyurduğu) bu kəlam bütün bu deyilənləri əhatə edir. Sonra Həzrət Əlinin (ə) xilafətini həmin bəyan ilə sabit edir. (Amma) Allah Rəsulunun (s) həyatda olduğu və yaşadığı zamanda Mədinədən uzaqda olduqda birbaşa olaraq Həzrət Əlinin (ə) canişinlik məqamını sabit edir. Həzrətin (s) vəfatından sonra isə nübuvvətin sona çatması (imamət dövranının başlaması) ilə Həzrət Əlinin (ə) canişinliyi aydın olur. Ancaq bir şərtlə ki, Allah rəsulu (s) buyurur: “Məndən sonra peyğəmbərlik yoxdur”. (Amma Harunun (ə) başqa məqamları, o cümlədən canişinliyi, Musanın (ə) ölümündən sonra olduğu kimi Həzrət Əli (ə) üçün də sabit olur).

Həzrət Əlinin (ə) şəhadəti

Möminlərin əmiri Əli (ə) hicrətin 40-cı ilində, Ramazan ayının iyirmi birinə təsadüf edən cümə gecəsi şəhid olmuşdur. Həzrət Əli (ə) Əbdürrəhman ibn Mülcəm Muradinin Kufə məscidində vurduğu qılıncın zərbəsi nəticəsində vəfat etmişdir. O Həzrət Ramazan ayının on doqquzuncu gecəsi sübh namazını qılmaq üçün evindən çıxıb, məscidə gəlib yatanları oyadarkən, yatanlar arasında olan, axşamdan bəri İmamı (ə) gözləyən və özünü yatmış kimi aparan məlun qatil qəfildən zəhərli qılıncını çəkib İmamın (ə) başına (zərbə) endirdi. Həzrət Əli (ə) bu zərbənin nəticəsində on doqquzuncu gün, iyirminci günün gündüz və gecəsi, iyirmi birinci gecənin üçdə-bir miqdarını yaşayıb, dünyadan köçdü və Allah-taalaya qovuşdu. Həzrət Əli (ə) belə bir hadisənin olacağını əvvəlcədən camaata xəbər vermişdi. İmamın (ə) istəyi ilə qüsl və kəfənləmə işlərini oğulları İmam Həsən və İmam Hüseyn (ə) öz öhdələrinə götürdülər. Həzrət Əlinin (ə) cənazəsini Kufənin “Nəcəf” adlanan tərəfinə aparıb dəfn etdilər. Həzrət Əli (ə) özündən sonra Üməyyə oğullarının hakimiyyətə gələcəyini və onların ona qarşı düşmənçiliklərini, onların vəziyyəti hara aparacaqlarını bilirdi. Üməyyə oğullarının daşıdıqları pis niyyətləri səbəbilə daim pis işlər yerinə yetirəcəklərini və pak ailəsi (Əhli-Beyt) haqqında pis sözlər işlətməkdən çəkinməyəcəklərini də çox yaxşı bilirdi. Buna görə də, Üməyyə oğullarının səltənəti dağılıb, Abbasilər hakimiyyətə gələnə qədər İmamın (ə) məzarı həmişə gizli qalırdı. Abbasilər dövründə İmam Sadiq (ə) Möminlərin Əmiri Əlinin (ə) məzarını göstərmişdir. Həmin vaxt Mənsur Dəvaniqi Kufə şəhərindən üç mənzillik məsafədə olan Ğəriydə idi. İmam Sadiq (ə) onunla görüşməyə gedərkən İmam Əlinin (ə) şərafətli məzarını ziyarət etmiş və beləcə, şiələr o mübarək türbətin yerini öyrənmişlər. Həzrət Əli (ə) dünyadan köçüb, bir an belə qafil olmadığı Rəbbinə qovuşduğu vaxt altmış üç yaşında idi.

Həzrət Əlinin (ə) hər kəsdən əvvəl Allah və Onun Rəsuluna (s) iman gətirməsi haqqında

Əbülcəyş Müzəffər ibn Muhəmməd Bəlxi mənə Əbu Bəkr ibn Əhməd ibn Əbu Səlicdən, o, Əbülhəsən Əhməd ibn Qasim Bərqidən, o, Əbdürrəhman ibn Salih Əzdidən, o, Səid ibn Heysəmdən, o, Əsəd ibn Übeydədən, o, Yəhya ibn Atif ibn Qeysdən, o da öz atasından belə nəql etmişdir:

“Həzrəti Peyğəmbər (s) öz nübuvvətini elan etməmişdən əvvəl Abbas ibn Əbdülmüttəliblə bir yerdə oturmuşdum. Bir gənc gəlib, göyə baxdı. Günəş halqalanmışdı (günorta olmuşdu). O, üzünü Kəbəyə tərəf tutub namaz qılmağa başladı. Bir oğlan uşağı gəlib, onun sağ tərəfində dayandı. Sonra bir qadın onların arxalarında dayandı. Gənc rükuya əyiləndə, onlar da rükuya əyildilər. Gənc səcdə edəndə, onlar da səcdə etdilər. Mən Abbas ibn Əbdülmüttəlibə dedim: “Ey Abbas, bu (etdikləri), böyük işdir”. Abbas dedi: “Bəli. Bunların kim oluqlarını bilirsənmi? O gənc Abdullahın oğlu Muhəmməddir (s). Onun yanındakı uşaq digər qardaşım Əbu Talibin oğlu Əlidir (ə). O qadın isə, Muhəmmədin (s) yoldaşı, Hüvəylidin qızı Xədicədir (ə). Bu qardaşım oğlu mənə belə dedi: “Göylərin və yerin yaradıcısı olan Allah var”. Onun olduğu dinə Allah əmr etmişdir. Allaha and olsun ki, yer üzündə bu üç nəfərdən başqa bu dində olan yoxdur”.

Əbu Həfsin Ömər ibn Muhəmməd Səyrəfi mənə Muhəmməd ibn Əhməd ibn Əbu Səlcdən, o, Əhməd ibn Muhəmməd Qasim Bərqidən, o, Əbu Salih Səhl ibn Salihdən, o, Əbu Müəmmər Abbas ibn Əbdüssəməddən, o da Ənəs ibn Malikdən Allah Rəsulunun (s) belə buyurduğunu nəql etmişdir: “Mələklər mənə və Əliyə yeddi il səlat oxuyublar, çünki həmin müddət ərzində səmaya “La ilahə illəllah və Muhəmmədən Rəsulullah” şəhadəti mən və Əlidən başqa heç kəsdən ucalmamışdır (yəni mən və Əlidən başqa heç kəs Allahın dininə iman gətirməmişdi)”.

Həzrət Əlinin (ə) elm baxımından ümmətin ən üstünü olması barədə olan xəbərlər

Əbülhəsən Muhəmməd ibn Cəfər Təmimi Nəhvi, Muhəmməd ibn Qasim Müharibi Bəzzazdan, o, Hişam ibn Yunus Nəhşəlidən, o, Aiz ibn Həbibdən, o da (öz sənədi ilə) İbn Abbasın belə dediyini nəql edir:

“Allah Rəsulu (s) buyurdu: “Əli ibn Əbu Talib ümmətimin ən elmlisidir. O, məndən sonra (ümmətimin) ixtilafa düşdükləri mövzularda hökm verməkdə onların ən elmlisidir”.

Muhəmməd ibn Əmr Cüabi (öz sənədi ilə) Əbu Səid Xudridən belə nəql edir: “Allah Rəsulunun (s) belə buyurduğunu eşitdim: “Mən elmin şəhəriyəm, Əli də o şəhərin qapısıdır. Kim elmi axtarsa, Əlidən öyrənməlidir”.

Muhəmməd ibn Əmr Cüabi (öz sənədi ilə) Abdullah ibn Məsuddan belə nəql edir:

“Allah rəsulu (s) Əli ibn Əbu Talibi (ə) öz hüzuruna çağıraraq, onunla bir müddət təkbətək qaldı. Əli (ə) çölə çıxdıqdan sonra, ondan Allah Rəsulu (s) ilə nə danışdığını soruşdum. Əli (ə) buyurdu: “Allah Rəsulu (s) mənə elmin min qapısını öyrətdi. Hər qapıdan üzümə min qapı açıldı”.

Həzrət Əlinin (ə) fəzilət və üstünlüyünə dair bir neçə hədis

Muhəmməd ibn Əymən, İbn Abbasın qulu olan Əbu Hazimdən bu hədisi eşitdiyini nəql edir: “Allah Rəsulunun (s) Əli ibn Əbu Talibə (ə) belə buyurduğunu eşitdim: “Ey Əli! Sənə qarşı davaya çıxanlara sən özünün yeddi məziyyətinlə üstün gələrsən ki, bu məziyyətlər onların heç birində yoxdur: 1) Sən mənə iman gətirən ilk şəxssən; 2) (Sən din düşmənləriylə) döyüşmək və cihad etməkdə hər kəsdən daha böyüksən; 3) Sən Allahın günlərini hamıdan daha yaxşı bilirsən; 4) Sən Allahın əhdinə vəfa etməkdə hamıdan daha vəfalısan; 5) Sən camaata qarşı hər kəsdən daha çox sevgi bəsləyirsən; 6) Sən (beytül-malı) bərabər bölməkdə hər kəsdən daha yaxşısan; 7) Sən fəzilət baxımından Allahın yanında hər kəsdən daha üstünsən”.

Cabir ibn Abdullah Ənsari Peyğəmbərdən (s) Həzrət Əli (ə) haqqında soruşduqda, Allah Rəsulu (s) belə buyurmuşdur: “O, bəşərin ən xeyirlisidir. Yalnız kafir onun barəsində şəkk edə bilər”.

Həzrəti Əliyə (ə) dost olmağın iman, düşmən olmağın isə nifaq (münafiqlik) əlaməti olmasına dair hədislər

“Hafiz ibn Ciabi” kimi tanınan Əbu Bəkr Muhəmməd ibn Ömər (öz istinadına əsasən) mənə Zərr ibn Hübəyşin bu hədisini(n üzünü) köçürdü: “Həzrət Əlinin (ə) minbərdən belə buyurduğunu eşitdim: “Toxumu yarana və insanı yaradana and olsun ki, Allah Rəsulu (s) mənə belə buyurmuşdur: “Səni yalnız mömin sevər və sənə yalnız münafiq düşmən olar”.

Muhəmməd ibn Müzəffər Bəzzaz da (öz sənədi ilə) Möminlərin Əmiri Əlinin (ə) belə buyurduğunu nəql etmişdir: “Allah Rəsulu (s) mənə belə buyurmuşdur: “Səni yalnız mömin sevər və sənə yalnız münafiq düşmən olar”.

Həzrət Əlinin (ə) davamçılarının səadət əhli olmalarına dair hədislər

Əbu Abdullah Muhəmməd ibn İmran Mərzubani (öz sənədi ilə) Cabir ibn Yəziddən, o da İmam Muhəmməd Baqirdən (ə) belə nəql edir:

“Allah Rəsulunun (s) zövcəsi Ümmü Sələmədən Əli ibn Əbu Talib (ə) haqqında soruşdular. Ümmü Sələmə cavab verərək dedi: “Allah Rəsulunun (s) Əli (ə) və şiələrinin səadət əhli olduqlarını buyurduğunu eşitdim”.

Əbu Abdullah Muhəmməd ibn İmran Mərzubani başqa bir mənbəyə istinadla Ənəs ibn Malikin belə dediyini nəql edir:

“Allah Rəsulu (s) buyurur: “Ümmətimdən yetmiş min nəfər heç bir haqq-hesab olmadan və hər-hansı bir əzaba uğramadan Cənnətə girəcək”. Peyğəmbər (s) bu sözlərdən sonra üzünü Əliyə (ə) çevirib, belə buyurdu: “Onlar sənin şiələrindir və sən onların imamısan (rəhbərisən)”.

Allah Rəsulunun (s) sağ ikən Həzrət Əlini (ə) “Əmirəlmöminin” adlandırmasına dair hədis

Allah Rəsulu (s) mənə və aralarında Əbu Bəkr, Ömər, Təlhə və Zübeyr olan bir qrup insana əmr edərək belə buyurdu: “Əliyə “Əmirəlmöminin (Möminlərin Əmiri)” – deyə salam verin”. Biz də Allah Rəsulu (s) sağ ikən (Əliyə) belə salam verirdik”.

Həzrət Əlinin (ə) övladları, onların sayı və adları haqqında qısa məlumat

Həzrət Əlinin (ə) iyirmi yeddi oğlu və qızı olmuşdur. (Onların adları belədir:) Həsən (ə), Hüseyn (ə), Zeynəb kübra (böyük), Zeynəb suğra (kiçik) - künyəsi Ümmü Gülsüm. Bu dörd nəfərin anası aləmlərin xanımlarının seyyidəsi, peyğəmbərlərin sonuncusu Həzrət Muhəmmədin (s) qızı Fatimə (ə) olmuşdur. (Digər övladı) künyəsi Əbülqasim olan Muhəmməddir. Onun anası Cəfər ibn Qeys Hənəfinin qızı olan Xulə olmuşdur. (Daha sonra) Ömər və Rüqəyyadır. Onlar dünyaya əkiz gəlmişlər və anaları Rəbiənin qızı Ümmü Həbibdir. Abbas, Cəfər, Osman və Abdullah qardaşları Hüseynlə (ə) Kərbəlada şəhid olmuşlar. Onların anaları Həzzam ibn Xalid Darəmin qızı Ümmül-Bənin olmuşdur. (Digər övladları) künyəsi Əbu Bəkr olan Muhəmməd əsğər (kiçik) və Übeydullah qardaşları Hüseynlə (ə) birlikdə Tafda (Kərbəlada) şəhid olmuşlar. Anaları Məsud Darəmiyyənin qızı Leyladır. (Daha bir övladı) Yəhyadır ki, anası Ümeys Xəsəmiyyənin qızı Əsma olmuşdur. Ümmül-Həsən və Rəmlə (Həzrət Əlinin (ə) digər övladlarıdır ki,) anaları Ürvə ibn Məsud Səqəfinin qızı Ümmü Səiddir. (Həzrət Əlinin (ə) digər övladları olan) Nəfisə, Zeynəb səğir (kiçik), Rüqəyya səğir (kiçik), Ümmü Hani, Ümmü Kəram və künyəsi Ümmü Cəfər olan Cəmanətin anaları Əmamə, Ümmü Sələmə, Məymunə, Xədicə və Fatimə olmuşdur. Şiələrin arasında elələri vardır ki, belə deyirlər: “Peyğəmbərdən (s) sonra Fatimənin (ə) bir uşağı tələf oldu. Hansı ki, Peyğəmbər (s) sağlığında onun adını “Möhsün” qoymuşdu”. Bu deyilən (uşaqla) birlikdə Həzrət Əlinin (ə) övladlarının sayı iyirmi səkkizə çatır. Hər şeyi bilən Allah-taaladır! “Allahın höccətlərini tanımağa yönləndirmə” kitabının birinci cildi tamamlandı. İnşallah, ikinci cilddə Möminlərin əmiri Həzrət Əlidən (ə) sonrakı İmamların (ə) doğum tarixləri, imamlıq nişanələri, xilafət (imamlıq) müddətləri, vəfat tarixləri, məzarlarının yeri, övladlarının sayı və onların xəbərlərindən bir hissəsini zikr edəcəyik.

Mənbə: Şeyx Müfid, Əl-İrşad, 1-ci İmam Həzrəti Əmirəlmöminin Əli ibn Əbu Talibin həyatı bölümü

Paylaş


Populyar

#i̇mamət
3-cü İmam Həzrəti Hüseyn ibn Əli