12-ci İmam Həzrəti Höccət Məhdi ibn Həsən Əskəri

#i̇mamət

İmam Əbu Muhəmməd Həsən ibn Əli Əskəridən (ə) sonrakı imam, onun oğludur. Onun adı və künyəsi Allah rəsulunun (s) adı və künyəsi ilə eynidir. Atası İmam Həsən Əskəri (ə) nə aşkarda, nə də gizlində ondan başqa övladını öz yerinə canişin təyin etməmiş, onu isə məxfi və gizli şəkildə mühafizə edərək qorumuşdur. Vəd olunmuş məsud İmam Mehdi (ə) hicrətin 255-ci ilində, Şaban ayının ortasında (on beşində) dünyaya göz açmışdır. Anası Ümmü Vələd idi və ona “Nərcis” deyərdilər. Alicənab atası vəfat etdikdə, İmam Mehdinin (ə) beş yaşı var idi. Az yaşına baxmayaraq, Allahın lütfü sayəsində ona hikmət, qazilik elmi əta edilmiş və o, hər iki aləmə höccət qərar verilmişdi. Yəhya (ə) peyğəmbərə də bu yaşda hikmət inayət edilmişdi. Həmçinin, Məryəm oğlu İsaya (ə) da beşikdə olduqda peyğəmbərlik nazil edilmişdi. Müsəlmanlara müqəddəs vücudun imamlıq edəcəyi Allah rəsulunun (s) dilindən çatmışdı. Həzrət Əli (ə) və digər imamlar (ə) da bu haqda xəbər verib, onun imamətini dəlillər əsasında bəyan etmişdilər. İmam Həsən Əskəriyə (ə) qədər imamların (ə) hamısı ardıcıl olaraq onun zühuru haqqında möhkəm dəlillər əsasında xəbər vermişdilər. İmam Mehdi (ə) dünyaya gəlməmişdən əvvəl, onun qeybə çəkilməsi, dövlət qurması və səltənəti xəbəri kitablarda mütəvatir həddə (əlimizə) çatmışdır. İmamların (ə) özləri də qiyam edib, əmin dövlət quracaq kəsin intizarında olmuşlar. Qiyamından əvvəl o Həzrətin iki qeybi vardır. Hədis və xəbərlərdə qeyd olunduğu kimi, onlardan biri digərindən daha uzunmüddətlidir. Qısamüddətli qeyb dövrü o Həzrətin doğulduğu vaxtdan başlayaraq, özüylə şiələri (tərəfdarları) arasında olan səfirlər (nümayəndələr) dövrünün başa çatması ilə sona yetdi. Uzunmüddətli qeyb dövrü isə qısamüddətli qeyb dövrü sona çatdıqdan sonra başlanmışdır. Müddət sona çatdıqda, o Həzrət qılıncını sıyırıb qiyam edəcək. Əzəmət sahibi olan Allah belə buyurmuşdur: “Biz istədik ki, o yerdə zəif salınmışlara mərhəmət göstərək və onları imam, varis edək. Onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq, Firon, Haman və qoşunlarına onların tərəfindən qorxduqları, çəkindikləri şeyi göstərək” (“Qəsəs” surəsi, 5-6-cı ayələr). Həmçinin, Allah-taala belə buyurmuşdur: “Həqiqətən, Biz Zikrdən sonra Zəburda yazdıq və qərara aldıq ki, bu yerin varisi Mənim saleh bəndələrim olacaqlar” (“Ənbiya” surəsi, 105-ci ayə).  

Peyğəmbər (s) belə buyurmuşdur: “Dünyanın sonuna bir gün qalmış olsa belə, Allah mənim Əhli-Beytimdən adı mənim adımla eyni olan bir nəfəri çıxarıb (onun vasitəsiylə) zülmlə dolmuş dünyanı ədalətlə dolduracaq”

Yenə Peyğəmbər (s) belə buyurur: “Dünyanın sonuna sadəcə bir gün qalsa belə, Allah həmin günü o qədər uzadacaq ki, adı mənim adımdan olan övladlarımdan bir nəfəri zülm və fəsadla dolmuş dünyanı haqq-ədalətlə doldurması üçün göndərəcək”.

12-ci İmam Sahibəz-Zaman Məhdinin (ə) imam olduğuna dair açıq-aşkar buyuruqlardan bəziləri

Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) İmam Muhəmməd Baqirdən (ə), o da Cabir ibn Abdullah Ənsaridən belə nəql edir: “Bir gün Fatimənin (ə) yanına getdiyim zaman, onun əlində bir lövhə gördüm. Həmin lövhədə onun nəslindən gələn vəsilərin adı yazılmışdı. Mən on iki ad saydım. Onların sonuncusu Qaim (ə) idi. Onlardan üçünün adı Muhəmməd, üçünün də adı Əli idi”.

Eyni sənədlə Əbu Bəsir İmam Baqirdən (ə) belə nəql edir: “Hüseyndən (ə) sonra doqquz imam gələcək və onların doqquzuncusu Qaimdir”.

Eyni sənədlə Zürarənin İmam Baqirdən (ə) belə eşitdiyi nəql edilir: “Biz on iki imamıq. Həsən və Hüseyn bu imamlardandır. Onlardan sonrakı imamlar Hüseynin (ə) nəslindəndir”.

 

Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) Muhəmməd ibn Əli ibn Bilaldan belə nəql edir: “İmam Həsən Əskəridən (ə) vəfat etməmişdən iki il əvvəl bir məktub aldım. O, (məktubda) özündən sonrakı imam haqqında xəbər vermişdi. İmamın (ə) vəfatından üç gün əvvəl yenə məktub almışdım. O, özündən sonrakı imam haqqında xəbər vermişdi”

Yenə Əbülqasim Cəfər ibn Muhəmməd eyni sənədlə Əmr Əhvazidən belə nəql edir: “İmam Həsən Əskəri (ə) oğlunu mənə göstərərək belə buyurdu: “Məndən sonra sizin sahibiniz (imamınız) budur”

İmam Məhdini (ə) görənlərdən bəziləri

1 - Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) Peyğəmbər (s) nəslinin İraqda ən yaşlı nümayəndəsi olan Muhəmməd ibn İsmail ibn Musa ibn Cəfərin belə dediyini nəql edir: “İmam Həsən Əskərinin (ə) oğlunu iki məscidin arasında gördüm. O, hələ kiçik bir uşaq idi”.

2 - Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) İmam Muhəmməd Təqinin (ə) qızı və İmam Həsən Əskərinin (ə) bibisi olan Həkimədən belə nəql edir: “Qaimi (ə) doğulduğu gecə və daha sonra gördüm”

3 - Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) Həmdan Qəlansidən belə nəql edir: “(İmam Mehdinin (ə) ilk naibi olan) Əbu Əmr Əmriyə İmam Həsən Əskərinin (ə) vəfat etdiyini dedim”. O, dedi: “O vəfat etdi, lakin yerində boyu bu qədər olan bir xələf qoydu”. Əlləri ilə güclü və sağlam bir adam olduğunu göstərdi”.

 4 - Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) Fəthdən belə nəql edir: “Əbu Əli ibn Mütəhhərin İmam Mehdini (ə) gördüyü, zikr etdiyi və boybuxununu vəsf etdiyini eşitdim”.

5 – İbrahim ibn Əbdə Nisaburinin (o, salehlərdən idi) belə dediyini nəql edir: “İbrahimlə birlikdə Səfada dayanmışdım. Mehdi (ə) gəlib yanında dayandı, “Mənasik” (həcdə edilən ibadətlər) kitabını əlinə aldı və ona bəzi şeylər anlatdı”.

6 - Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) Əbu Abdullah ibn Salehdən belə nəql edir: “Onu (İmam Mehdini) Həcərul-əsvədin (qara daşın) yanında gördüyünü, insanların orada dalaşdıqlarını görüb, “belə etmələri əmr edilməmişdir” - dediyini rəvayət etmişdir”.

7 - Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) İbrahim ibn İdrisdən, o da öz atasından belə nəql edir: “İmam Mehdini (ə) İmam Həsən Əskərinin (ə) vəfatından sonra gördüm. O zaman həddi-buluğa çatmamışdı. (Onun) əlini və başını öpdüm”.

8 - Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) İmam Rzanın (ə) xidmətçilərindən olan Qənbəridən belə nəql edir: “Cəfər ibn Əlidən söhbət getdi və onu pislədilər. Mən dedim: “Ondan başqa İmamın nəslindən gələn heç kəs yoxdur, yoxsa sən hər hansı bir adamı gördünmü?” O, dedi: “Mən görmədim, amma başqası görmüşdür”. Mən soruşdum: “Kim görmüşdür?” O, dedi: “Cəfər iki dəfə görmüş və onunla əlaqədar olaraq bir hadisə də yaşamışdır”.

9 - Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) Əmr Əhvazidən belə nəql edir: “İmam Həsən Əskəri (ə) mənə İmam Mehdini (ə) göstərdi və belə buyurdu: “Bu, sizin sahibinizdir (imamınızdır)”.

10 - Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) İbrahim ibn Muhəmməd ibn Abdullah ibn Musa ibn Cəfərdən, o da xidmətçisi Nəsr Zərifdən, İmam Mehdini (ə) gördüyünü rəvayət etmişdir.

İmam Məhdinin (ə) möcüzələrindən bəziləri

1 - Əbülqasim Cəfər ibn Muhəmməd (öz sənədi ilə) Muhəmməd ibn Məhziyardan belə nəql edir: “İmam Həsən Əskərinin (ə) vəfatından sonra şübhəyə düşdüm. Atamın yanında çoxlu miqdarda mal toplandı. O, malı götürüb qayığa mindi, mən də onun ardınca getdim. Yolda atamı şiddətli malyariya xəstəliyi tutdu. O, dedi: “Ey oğlum, məni geri qaytar. Bu mal xüsusunda Allahdan qorx”. Atam mənə bir sıra vəsiyyətlər edib rəhmətə getdi. Öz-özümə dedim: “Bunların hamısı doğru olmasaydı, atam vəsiyyət etməzdi. Bu malı İraqa aparıb, çayın yuxarısında kirayə bir ev tutaram və heç kəsə də xəbər vermərəm. Əgər İmam Həsən Əskərinin (ə) zamanında İmamın yeri bilindiyi kimi mənim də yerim bilinərsə, malları verərəm. Əks təqdirdə isə, orada bir müddət boş vaxt keçirərəm”. İraqa gəlib çayın yuxarısında kirayə bir ev tutdum və günlərlə orada qaldım. Bir gün elçi tərəfindən mənə bir məktub çatdırıldı. Məktubda bunlar yazılmışdı: “Ey Muhəmməd! Səndə bu qədər pul var və onları buraya (filan yerə) qoymusan”. Yanımda olan hər şey təktək sayılmışdı və mənim belə, bilmədiyim bir çox şeydən söz açılırdı. Mən malları elçiyə verdim və orada bir neçə gün də qaldım, lakin heç kim başını qaldırıb üzümə baxmırdı. Bu vəziyyət qarşısında məyus oldum. Bir gün mənə bir məktub gəldi: “Səni atanın yerinə vəzifəyə qoyduq. Allaha həmd et!”

2 – Muhəmməd ibn Abdullah Səyyari belə nəql edir: “Mərzubani Harisiyə aid bəzi malları (İmam Mehdiyə) çatdırdım. Bunların içində qızıl bilərziklər də var idi. Malların hamısı qəbul edildi, lakin qızıl bilərziklər mənə geri qaytarıldı. Onları qırdım və içlərində dəmir misqallar, mis və tunc parçalarının qarışmış olduğunu gördüm. Onları tapdaladıqdan sonra qızılı təqdim etdim, qəbul etdilər”.

3 – Əli ibn Muhəmməd belə nəql edir: “Səvad bölgəsindən olan bir nəfər müqəddəs məkana bir qədər mal gətirdi, lakin malı özünə geri qaytarılıb, ona belə deyildi: “Bu malın içindən əmioğullarının haqqı olan dörd yüz dirhəmi çıxar”. Həmin adamın əlində əmisinin uşaqlarına aid bir mülk var idi. Onların hamısı bu mülkə şərik idilər və o, digərlərinin haqqına əl qoymuşdu. O kəs mülkə baxıb gördü ki, bu mülkdən əmisi oğlunun payına dörd yüz dirhəm düşür. Bu miqdarı çıxardı və qalanını verdi, (o da) qəbul edildi”.

4 – Qasim ibn Əla belə nəql edir: “Bir neçə oğlum dünyaya gəldi. Onlara dua edilməsi üçün məktub yazardım, amma mənə cavab verilməzdi. Nədənsə oğullarımın hamısı öldü. Oğlum Həsən doğulduqda, yenə bir məktub yazdım və dua edilməsini istədim. Mənə cavab gəldi və həmin oğlum yaşadı. Allaha həmd olsun!”

17 – Muhəmməd ibn Əli ibn Şazan Nişaburi belə nəql edir: “Yanımda İmamın (ə) haqqı olaraq dörd yüz səksən (beş yüz dirhəmdən iyirmi dirhəm əskik) dirhəm yığılmışdı. Mən özüm, öz malımdan iyirmi dirhəm əlavə edərək Əsədiyə göndərdim, lakin içində malımın olduğuna aid bir şey yazmadım. Mənə belə bir məktub gəldi: “Beş yüz dirhəm gəldi. Bunun iyirmi dirhəmi sənindir”.

İmam Məhdinin (ə) zühur əlamətləri, hakimiyyətinin müddəti və görünüşünə dair bəzi rəvayətlər

İmam Mehdinin (ə) zühur əlamətləri, aşkar nişanələri və zühurdan əvvəlki hadisələr haqqında rəvayətlər mövcuddur. O cümlədən: “Süfyaninin üsyan etməsi, seyyid Həsənin öldürülməsi, Bəni-Abbasın hakimiyyətdə ixtilafları, Ramazan ayının ortasında günəşin, axırında isə ayın tutulması, Beyda adlı məntəqənin (Məkkə ilə Mədinənin arasında olan yer adıdır) yerə batması, şərq və qərbdə torpaq sürüşməsi, əsr namazına qədər günəşin batması və günəşin qərbdən çıxması, Nəfsi-Zəkiyyənin yetmiş nəfər salehlərlə birlikdə Kufənin arxasında öldürülməsi, Bəni-Haşimdən olan bir kişinin rükn və məqam arasında başının kəsilməsi, Kufə məscidinin divarının xarab, yararsız olması, Xorasan tərəfdən qara bayraqların gəlməsi (qalxması), Yəmaninin qiyamı, Mərakeşli bir nəfərin Misirdə qiyam etməsi, şamlıların hakimiyyətini ələ alması, türklərin ərəb yarımadasına (yaxud da, Bəsrə şəhərinə) gəlməsi, rumluların Rəmləyə gəlməsi, şərq tərəfdə ay kimi parlayan ulduzun görülməsi, sonradan iki tərəfinin bir-birinə birləşməsi, asimanda qızartının əmələ gəlməsi, şərq tərəfdən aşkar olacaq atəşin üç və ya yeddi gün asimanda yüksəlib qalması, ərəblərin əsarət zəncirlərini qırması, onların qələbəsi, başqalarının nüfuz əsarətindən xilas olmaları, misirlilərin öz başçılarını öldürməsi, Şamın viran qalması, onun haqqında üç bayrağın (ölkənin) ixtilaf etməsi, Misirə Qeys və Ərəbin bayraqlarının (ərəb qoşunlarının) daxil olması, Xorasanda Kindi qəbiləsinin bayraqlarının dalğalanması, atların qərb tərəfdən gəlib Nəcəf şəhərinin yaxınlığında bağlanmaları, qara bayraqlıların şərq tərəfdən onlara tərəf gəlməsi, Fərat çayının daşması, Kufənin küçələrini sel basması, altmış nəfərin yalandan peyğəmbərlik iddiası etmələri, Əbu Talib (ə) nəslindən on iki nəfərin imamlıq iddiası etmələri, Bəni-Abbas tərəfdarı olan böyük bir şəxsiyyətin Cəlalə və Xaniqeyn məntəqəsi arasında yandırılması, Kurx məntəqəsi yaxınlığında Bağdad körpüsünün bağlanması, Bağdadda qara küləyin günorta vaxtı əsməsi, şəhəri dağınıq hala salacaq zəlzələnin olması, İraq əhalisinin qorxması, insanların sürətlə vəfat etməsi, iqtisadi böhran, çəyirtkələrin əkin sahələrinə hücumu, taxıl qıtlığı, İraqda əcnəbi dəstələrin parçalanması, qan tökməsi, qulların öz ağalarının itaətindən çıxıb onları öldürməsi, bidət edənlərin meymuna, donuza çevrilməsi, qulların quldarların şəhərində qələbəsi, asimanda hər kəsin dilində eşidiləcək səsin ucalması, günəşin üzərində üz, sinə şəkilli görünməsi, ölülərin dirilməsi, onların qəbirlərdən çıxmaları, bir-birlərini tanımaları, sayılan iyirmi dörd hadisədən sonra ardıcıl olaraq yağışın yağması vasitəsiylə yer kürəsinin canlanması, bərəkətinin tam üzə çıxması. Bundan sonra İmam Mehdi (ə) tərəfdarlarının bütün növ xəstəliklərinin aradan getməsi və bu işarəylə o Həzrətin Məkkədə zühur etməsini biləcək, hədislərdə deyildiyi kimi, kömək etmək üçün Məkkəyə tərəf yollanacaqlar. Deyilən bu əlamətlərin bir hissəsi mütləq şəkildə baş verəcək, bəziləri isə şərtlərə bağlıdır. Əlbəttə, nə olacağını ən doğru şəkildə Allah bilir.

Yəhya ibn Əbu Talib Abdullah ibn Ömərdən belə nəql edir: “Allah rəsulunun (s) belə buyurduğunu eşitdim: “Qiyamət baş verməmişdən əvvəl övladlarımdan olan Mehdi zühur edəcək və o, zühur etməzdən əvvəl altmış nəfər yalandan iddia edərək belə deyəcək: “Mən peyğəmbərəm”.

Əbu Həmzə Sumali belə nəql edir: “İmam Baqirdən (ə) soruşdum: “Süfyaninin gəlişi qəti əlamətlərdəndir?” İmam (ə) buyurdu: “Bəli. Göydən səsin gəlməsi, günəşin məğribdən (qərbdən) çıxması, Bəni-Abbasın hakimiyyət üstündə ixtilaf etməsi, möhtərəm NəfsiZəkiyyənin (pak insanın) öldürülməsi və Ali-Muhəmmədin Qaiminin (ə) zühur etməsi qəti əlamətlərdəndir”. Mən soruşdum: “Həmin nida necə olacaq?” İmam (ə) buyurdu: “Günün əvvəlində səmadan carçı belə bir nida edəcək: “Agah olun! Haqq Əli (ə) və onun şiələrindədir”. Sonra İblis günün axırında belə bir nida edəcək: “Bilin ki, haqq Osmanın və onun şiələrindədir”. Beləcə, batilə uyanlar həmin vaxt tərəddüdə düşəcəklər”.

Cabir Cufi İmam Baqirdən (ə) belə nəql edir: “Ey Cabir, sənə deyəcəyim əlamətləri görənə və həmin zamana yetişənə qədər yer(ind)ə otur və əl-ayağını hərəkət etdirmə: Bu əlamətlərin birincisi Bəni-Abbasın ixtilaf etməsidir. Sənin həmin zamanı görə biləcəyini zənn etmirəm, lakin bunu məndən sonra (gələnlərə) məndən nəql et. (Digər bir əlamət) səmadan nida edəcək bir nidaçıdır. Dəməşq tərəfdən sizə fəth (xəbəri) verən bir səs gələcək. Şam kəndlərindən olan “Cabiyə” adlı bir kənd yerə batacaq. Dəməşq məscidinin sağ tərəfinin bir hissəsi uçulacaq. Türklər tərəfdən dindən çıxmış bir dəstə xüruc edəcək. Bunun ardınca rumluların hərc-mərcliyi baş verəcək. Türk qardaşları gəlib Cəzirəyə yerləşəcəklər. Rumlulardan olan dindən çıxmışlar da gəlib Rəmləyə yerləşəcəklər. Həmin il Məğribin hər bir yerində çoxlu ixtilaflar baş verəcək. İlk dağılan yer Şam olacaq. Onun üstündə üç bayraq ixtilaf edəcək: Əshəbin, Əbqənin və Süfyaninin bayraqları”.

Sələbi Əzdi İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: “Qaim zühur etməmişdən əvvəl iki əlamət ortaya çıxacaq: günəş Ramazan ayının ortasında, ay isə sonunda tutulacaq”. Mən soruşdum: “Ey Peyğəmbər övladı! Günəş Ramazan ayının ortasında, ay isə sonunda tutulacaq?” İmam Baqir (ə) buyurdu: “Nə dediyini bilirəm (sən bunu mümkün olmayan bir şey sayırsan), lakin bunlar Adəm (ə) yerə endiyi gündən həmin günə qədər heç vaxt görülməmiş iki nişanədir”.

Bəkr ibn Muhəmməd İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “(Qaimin (ə) zühur əlamətlərindən biri də) üç nəfərin çıxışıdır. Süfyani, Xorasani və Yəmani eyni ildə, eyni ayda və eyni gündə qiyam edəcəklər. Onların arasından hidayətə ən çox yaxın olanı Yəmani olacaq, çünki o, camaatı haqqa dəvət edəcək”.

 

Muhəmməd ibn Müslim İmam Sadiqdən (ə) belə eşitdiyini nəql edir: “Qaim zühur etməzdən əvvəl Allah insanları imtahandan keçirər”. Mən soruşdum: “Sənə fəda olum! Bu, necə bir imtahan olacaq?” İmam (ə) bu ayəni oxudu: “Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və məhsulların azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver” (“Bəqərə” surəsi, 155- ci ayə). Sonra İmam Sadiq (ə) belə buyurdu: “(Allah-taala insanları) sultanlardan qorxmaq, qiymətlərin çox baha olmasına görə aclıq, ticarət, bazarın fəsadlığına görə malların qıtlığı, sürətli, cəm halda olan ölümlərə görə camaatın azalması və toxumların bərəkətsiz olmasıyla imtahandan keçirər. Belə olduqda, səbir edənlərə müjdə olsun, çünki çox yaxın zamanda Qaim (ə) zühur edəcək”.

İmam Məhdinin (ə) necə zühur edəcəyinə dair bəzi rəvayətlər

Əbu Bəkr Xəzrəmi İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: “Sağ cinahdan Cəbrailin, sol cinahdan Mikailin və beş min mələyin müşayiəti ilə Qaimin (ə), möminlərin qarşısında hərəkət edərək Məkkədən Kufənin Nəcəfinə necə getdiyini görür kimiyəm. O, əsgərlərini müxtəlif ölkələrə göndərəcək”.

Əmr ibn Şimr İmam Baqirin (ə) İmam Mehdini (ə) yad edərkən belə buyurduğunu nəql edir: “Qaim (ə) Kufəyə daxil olanda, orada bir-biriylə müxalifətdə olan üç bayraq olacaq. Sonra onun üçün maneələr aradan qalxacaq. O, Kufəyə daxil olduqdan sonra minbərə qalxıb danışmağa başlayacaq. İnsanlar ağladıqları üçün onun nə dediyini başa düşməyəcəklər. İkinci cümədə camaat ondan cümə namazını qılmasını istəyəcək, İmam da namaz qılmaq üçün Nəcəfdə bir məscid təyin edilməsini göstəriş verəcək. Sonra şəhəri suyla təmin etmək üçün Kərbəlanın cənubundan Nəcəfə qədər bir su kanalı çəkilməsi üçün göstəriş verəcək. (İmam Mehdi) həmin kanalın üzərində körpülər, kənarında isə, dəyirmanlar tikdirəcək. Sanki bir qocanın, başında buğda qabı ilə həmin dəyirmanlardan birinə gedib, pulsuz-parasız buğda üyütdürdüyünü görürmüş kimiyəm”.

Saleh ibn Əbüləsvəd belə nəql edir: “İmam Sadiq (ə) Səhlə məscidini yad edərək belə buyurdu: “Ora (Səhlə) Sahibimizin (İmam Mehdinin) iqamətgahıdır. O, ailəsiylə birlikdə orada yaşayacaq”

Müfəzzəl ibn Ömər İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Ali-Muhəmmədin Qaimi (ə) zühur edəndə, Kufə məscidinin arxasında min qapısı olan bir məscid inşa edəcək və Kufənin evləri Kərbəlanın iki çayına birləşəcək”.

İmam Məhdinin (ə) imamət dövrü, həmin dövrdə şiələr və digər dünya xalqlarının vəziyyətinə dair bəzi rəvayətlər

Müfəzzəl ibn Ömər İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Qaimimiz zühur edəndə yer üzü Allahın nuruyla aydınlanacaq, camaat günəş işığına ehtiyac hissi duymayacaq və zülmət ortadan qaldırılacaq. Onun zamanında insanlar çox uzun ömür sürəcək - bir halda ki, hər birinin min oğlu olacaq. Yer öz xəzinələrini hərkəsin görə biləcəyi şəkildə çölə çıxaracaq. İnsanlar ehsan edib zəkat vermək üçün yoxsul axtaracaq, amma heç kəsi tapa bilməyəcək. Camaat Allahın verdiyi nemətlər səbəbindən heç bir şeyə ehtiyac hissi duymayacaq”.

İmam Məhdinin (ə) zühur və qiyamından sonrakı vəziyyəti haqqında bəzi rəvayətlər

Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) belə nəql edir: “Allah-taala zühur etməsi üçün izn verəcəyi zaman, Qaim (ə) minbərə çıxıb camaatı özünə tərəf dəvət edəcək və onları Allaha and içdirəcək. İmam onların arasında Allah rəsulu (ə) kimi hərəkət edəcək (davranacaq). Həmin anda Cəbrail (ə) Hicri-İsmailin yanında o Həzrətin yanına gələcək və camaatı necə dəvət edəcəyini soruşacaq. İmam (öz) dəvətini ona söylədikdə (Cəbrail): “əlini ver sənə beyət edim” - deyərək o Həzrətə beyət edəcək. Üç yüz on nəfərdən çox insan İmama beyət edəcək. Qaim (ə) Məkkədə qalacaq və köməkçilərinin sayı on min nəfərə çatdıqda Mədinəyə tərəf yola çıxacaq”

Muhəmməd ibn Əclan İmam Sadiqdən (ə) belə nəql edir: “Qaim (ə) qiyam edəcəyi zaman camaatı İslama yenidən dəvət edəcək. Onları unudulmuş bir məsələyə (unudulmuş bir dinə) hidayət edəcək. Qaim (ə) ona görə “Mehdi” adlanmışdır ki, insanları tapa bilmədikləri bir həqiqətə doğru hidayət edəcək. Ona görə “Qaim” adlanmışdır ki, haqq din uğrunda qiyam edəcəkdir”.

Əli ibn Əqəbə öz atasından belə nəql edir: “Qaim (ə) qiyam etdiyi zaman ədalətlə hökm edəcək. Onun zamanında zülm ortadan qaldırılacaq və yollar əmniyyətli olacaq. Yer öz bərəkətlərini üzə çıxaracaq və tapdanan hər bir haqq öz sahibinə qaytarılacaq. Ayrı-ayrı dinlərə etiqad bəsləyənlərin hamısı İslam dinini qəbul edəcək və iman gətirəcəklər. Allahın belə buyurduğunu eşitməmisən? “Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz Onun qarşısında təslimdir. Hamı Ona tərəf qaytarılacaq” (“Ali-İmran” surəsi, 83-cü ayə). O, yer üzündə Həzrət Davud (ə) və Allah rəsulunun (s) hökmü ilə qəzavət edəcək (hökm verəcək). Bu vaxt yer öz xəzinələrini aşkar edəcək və öz bərəkətlərini üzə çıxaracaq. Həmin dövrdə sədəqə verməyə və ehsan etməyə yer tapmayacaqsınız, çünki bütün möminlər ehtiyacsız olacaqlar. Bizim hakimiyyətimiz sonuncu hakimiyyət olacaq və bizdən əvvəl hökmranlıq edənlər bizim hökumətimizi görəndə: “əgər biz də hakimiyyətə yetişsəydik, bunlar kimi rəftar edərdik” - deməsinlər deyə, (hökm sürmüş) heç bir xanədan (sülalə) qalmayacaq. Bu, Allahın sözüdür: “İşlərin sonu təqva əhlinin olacaq”.

Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) belə nəql edir: “Qaim (ə) zühur etdiyi zaman özüylə birlikdə Kufə şəhərinin arxasından iyirmi yeddi nəfər çıxıb gələcək. Bunlardan on beş nəfəri Musa (ə) peyğəmbərin qövmündəndir. “Haqqa hidayət edib onunla hökm edərlər” (“Əraf” surəsi, 159-cu ayə). Yeddisi Əshabi Kəhf, digərləri isə Yuşa ibn Nun (ə), Salman Farsi, Əbu Ducanə Ənsari, Miqdad və Malik Əştərdir. Bunlar onun yardımçıları və idarəçiləridir”.

Abdullah ibn Əclan İmam Sadiqdən (ə) belə nəql edir: “Ali-Muhəmmədin Qaimi (ə) qiyam etdiyi zaman camaat arasında Davudun (ə) hökm etdiyi kimi hökm edəcək. (Onun) heç bir şahidə ehtiyacı olmayacaq. Allah ona ilham edər. O, öz elmi ilə hökm edər. (O,) hər kəsə ürəyində olanlardan xəbər verər, öz fərasəti ilə dostunu düşmənindən ayırd edib tanıyar. Allah-taala belə buyurur: “Şübhəsiz ki, bunda ağıl sahibləri üçün nişanələr var və əlbəttə, o yol üzərində hələ də qalmaqdadır” (“Hicr” surəsi, 75-76-cı ayələr)

Mənbə: Şeyx Müfid, Əl-İrşad, 11-ci İmam Həzrəti Həsən ibn Əli Əskərinin (ə) həyatı bölümü

Paylaş


Populyar

#i̇mamət
6-cı İmam Həzrəti Cəfəri Sadiq ibn Muhəmməd